Necəsən, Qərənfil?

Arvadının
ölüm xəbəri Mahmuda çatanda gözlərini bir anlığa bərk-bərk yumdu və gözlərinin
qarşısında dupduru, aydın, şəffaf gün işığı canlandı. Bu şəffaf, dupduru işıqda
Qərənfillə qarşılaşdı. Həmişə başıaşağı yeriyən Qərənfilin bərabərinə çatanda
Mahmud qeyri-ixtiyari, pıçıltıya oxşar bir səslə "Necəsən, Qərənfil?” – dedi və
bir anlığa ayaqlarını ləngitdi. Qərənfil başını qaldırmadan uzun qara
kirpiklərini çatma qaşlarına doğru qaldıraraq, iri qəşəng gözlərinin ifadə
etdiyi nəzərləri ani olaraq ona yönəltdi və uzaqlaşdı. Belə uzun, qara kirpik,
alaca gözlər Mahmudun yaddaşında özünə möhkəm yer eləmişdi. X-XI siniflərdə
onlara fransız dilindən dərs deyən Sevda müəllimənin qaşı, gözü eynilə beləydi,
Qərənfilinki kimi. O vaxt bu gənc müəlliməyə Mahmud heyranlıqla tamaşa edərdi.
Bu hüsnün gözəlliyi Mahmudu elə məftun etmişdi ki, Mahmud onun sehrindən heç
cür xilas ola bilmirdi. Yaxşı ki, Sevda müəllimə ailə qurdu, iş yerini
dəyişdirib buralardan köçüb getdi, yoxsa nə olacağını Mahmud əməlli-başlı
kəsdirə bilmirdi. İllər keçəndən sonra eyni məftunedici gözəl çöhrəni
Qərənfilin simasında bəlləmişdi.
Həmişəki "Sağ ol, yaxşıyam,” – cavabını alacağı ümidi ilə ani də olsa nəzərlərini onun qəşəng çöhrəsinə yönəltdi. Qərənfil pıçıltıya bənzər titrək səslə adətinə xilaf olaraq:
– Sən necəsən? – dedi.
Bu sözlərdən Mahmudun ürəyi atlandı, elə şiddətlə döyündü ki, bu döyüntünün tıppıltısını açıq-aşkar qulaqlarında da hiss etdi və bu həyəcanlı, təlaşlı anda ilk dəfə Qərənfilin dupduru bulaq suyuna bənzər şəffaf çöhrəsinin allandığını və bu xəfif qızartının içərisində güclə sezilən bir təbəssümün təsirindən hər yanağında sakitcə uyuyan göldə əsrarəngiz gözəllik yaradan ilk yağış damlasından əmələ gələn nöqtələr kimi batığı Mahmud ilk dəfə gördü və yuvasından düşən quş balasının aramsız qanad çalması kimi Mahmudun ürəyi daha şiddətlə çırpındı.
Mahmud bu qəfil səsdən diksinib, tez-tələsik gözlərini açanda qarşısında dolu, tökmə bədənli, üzü yupyumru, xırda, cücəgözlü, saçını da öz rənginə uyğun sarıya boyamış bir qadının dayandığını gördü. Mahmud ha baxdı bu qadında qaş tapa bilmədi. Qaş əvəzinə sifətinin göz qapaqlarından yuxarı hissəsində, həyətlərində "lapatka” ilə tapdalayıb düzəltdiyi hamar bibər ləkinə bənzər bir sahə gördü. Bir də diqqətlə baxanda onun saçının qabaq tərəfdən bir hissəsini ayırıb alnına tərəf gətirdiyi telinin içərisində bibər ləkinin alına doğru qurtaracağında üstündən qələmlə qaraldılmış nazik (qadının rəngi o qədər ağ idi ki, bu ağlıq sarıya çalırdı və qaş tükləri də bir növ sarı idi) qaşları ancaq anışdıra bildi və Mahmudun ağlına gəldi ki, şairlərin dedikləri qələm-qaş yəqin belə olur.
– Kartofun kilosu neçəyədi? – deyə həmin qələmqaş arvad Mahmuddan soruşdu.
Mahmud əvvəlcə qadına:
– Bir manat, iyirmi qəpik – dedi, sonra üzünü onunla bərabər kartof satan dostu Əhmədə tərəf çevirib, – Əhməd, evdə nəsə qarışıqlıq var, mən təcili kəndə getməliyəm, sən bu xanıma kartof çək, dörd manatlıq elə, həm də mənim mallarımdan göz qulaq ol, mən getdim.
Mahmud dostu Əhmədin köməkliyi ilə bazarda işə düzəlmişdi. Hər gün bazarın anbarından çəki ilə müəyyən edilmiş qiymətə kartof götürür, bazarın bir səmtində kartof və soğan satılması üçün ayrılan yerdə, hamı kimi hər kiloqramın üstünə yenə də müəyyən olunmuş miqdarda qəpik əlavə edib satırdı.
Yumrusifət qadın artıq orada durmayıb, yanbızlarını yırğalaya-yırğalaya kənarlaşıb digər kartof satanlara yanaşdı. Mahmud bazarda olduğu müddətdə gəlib-gedənlərə, xüsusən, qadınlara arada fikir verirdi. – Mahmud ürəyindən keçirtdi – Qərənfil nə qədər rahat yeriyirmiş.

Mahmud açıq darvaza qapısından həyətlərinə girəndə qabağına ilk yüyürən, telefonda "Dayı, tez gəl dayıcanım...”, – deyib hönkürən bacısı oğlu Gündüz oldu. Gəlib dayısının ortasını qucaqlayıb:
– Mahmud dayı, Mahmud dayı, dayıcanım öl..., – dalısını deyə bilməyib hönkür-hönkür ağladı. Sol qolu ilə Gündüzün çiyinlərini özünə tərəf bərk-bərk sıxan, sağ əli ilə onun başını tumarlayan Mahmud da kövrəldi.
Həyətdə xeyli adam var idi. Molla Əbdüləlinin rəhbərliyi ilə hər şey hazırlanmışdı. Qadınlar həyətin bir küncündə çarpayı örtükləri, xalça-palazla qapatdıqları yerdə Sənəmi-Mahmudun mərhum arvadını yuyub kəfənləmiş, məsciddən gətirilmiş, yanları məhəccərli, üstüaçıq tabuta qoyub, mərhumun üstünü yüngül, ala-bəzək çarpayı örtüyü ilə örtmüş, Molla Əbdüləli ölü namazını təzəcə qılıb qurtarmışdı ki, Mahmud gəlib çatdı. Qızları Mahmudu görəndə "Ata, anamız bizi yetim qoydu”, – deyib elə qiyyə çəkdilər ki, Mahmud da özünü saxlaya bilmədi, əl atıb cib dəsmalını çıxardı, gözlərinə sıxıb, göz yaşlarını qurutmağa çalışdı.
Molla Əbdüləli Mahmudun qolundan tutub, yüngülvarı sıxmaqla cənazənin qaldırılmasının vaxtı olduğuna işarə etdi, Mahmud da öz növbəsində həm başını yırğalamaqla, həm də Mollanın çiyninə əlini qoyub-çəkməklə razılığını bildirdi. Molla amiranə səslə:
– Uşaqlar, yaxın gəlin götürək, – dedi.
Sənəmi Mahmuda anası almışdı. Sənəm anasının qohumlarından idi. Mahmudu, qardaşını və bir bacısını anası əzab-əziyyətlə böyütmüşdü. Sənəm məsələsi ortaya çıxanda, Mahmud anasının sözündən çıxa bilməmiş, könülsüz də olsa Sənəmlə ailə qurmuşdu.
– Ay uşaq, ehtiyatlı olun, qapıdan rahat keçirin ki, ora-bura dəyməsin, – deyə səsləndi,
üzündə güclə hiss ediləcək xəfif bir qımışıq hiss olundu və gözləri önündə Qərənfil canlandı.
Mahmud Qərənfillə ailə qurdu. Qərənfil Mahmudun üç qızına və sonbeşik oğlu Elşada analıq etdi. Qızları bir-bir gəlin köçürtdülər, Elşadı evləndirdikləri il Mahmud bu dünyadan köçdü. Qərənfil bu evdə Mahmuddan sonra yaşamağın artıq olduğu gümanı ilə qardaşının evinə qayıtdı. Qardaşıgilə qayıtmasına çox da həmin gün ata evində olan Mahirənin – Mahmudun böyük qızının Qərənfilin təklifini sükutla qarşılaması oldu. Lakin tezliklə Mahmudun evinin pərgarı pozuldu, nizamı qarışdı. Ev Qərənfilsiz quşu uçmuş soyuq yuvaya bənzər bir boşluğa çevrildi. Bu boşluğu təkcə Mahmudun oğlu Elşad və gəlini Gülər hiss etmədilər, Mahirə başda olmaqla Mahmudun digər iki qızı da bunun fərqinə vardılar. Bir axşamüstü Elşad işdən çıxıb birbaşa Eldargilə – Qərənfilin qardaşı evinə getdi, darvaza qapısını aralayıb həyətə daxil oldu və
– Ana, ay ana! – deyə ucadan səsləndi.
Səsə Qərənfil çıxdı. Uzun illər oğluna həsrət qalan ana kimi özünü Elşadın üstünə atdı. Qərənfilin aşıb-daşan göz yaşları Elşadın yanağında özünün sellənən göz yaşlarına qarışdı. Elşad elə bu vəziyyətdə güclə də olsa Qərənfilin qulağına qəhərli səslə pıçıldadı:
– Ana, yığış gedək evimizə...
Elşadın oğlu Mahmud dil açmağa başlayanda Qərənfil ona "Necəsən, Qərənfil?” sözlərini deməyi öyrətdi. Uşaq hər dəfə şirin-şirin "Necəsən, Qəyənfil?” –deyəndə hamı uğunub gedir, Qərənfilin isə üzündə yüngülvarı kədər qarışıq bir təbəssüm yaranır və nəvənin dediyi bu sözlərdən sonra Qərənfil başını qaldırıb, divardan asılan, gözlərini düz ona zilləyib duran, azacıq qayğılı görünən Mahmudun rəngli fotoşəkilinə baxar, qəlbinin dərinliyində bir ah alovlanıb alışar və ona elə gələrdi ki, "Necəsən, Qərənfil”i elə Mahmudun özü ona pıçıldayır...
Akif İmanlı