• cümə, 19 Aprel, 15:11
  • Baku Bakı 25°C

“Nə hiss etdiyini bilirəm...”

20.04.15 06:06 1461
“Nə hiss etdiyini bilirəm...”
Son illər dünya ədəbiyyatının sevilən nümunələri arasında yazıçı məktubları xüsusi yer tutur. Yazıçıların bir-birlərinə, analarına, sevgililərinə, xanımları və övladlarına yazdıqları məktublar ədəbiyyatsevərlərin dərin rəğbətini qazandığından naşirlər də hər vəchlə bu nümunələrin sahibi olmağa çalışır. 2000-ci illərin ortalarından kəşf olunan yazıçı məktublarının hərraclarda fantastik qiymətə alıcı tapması da buna sübutdur. Ötən il isə Paul Auster və J.M.Kutzinin “İndi və burada” adlı kitab şəklində yayımlanan məktubları qısa müddətdə 20-dən çox dilə tərcümə olundu.
Kitabsevərlər məktub oxumağın olduqca ləzzətli və maraqlı olduğunu iddia edir. Kutzinin məktublarından birində “kaş insanlar bir-birlərinə daha çox məktub yazaydılar...” deməsi elə bu məktublaşmaların yazarların özlərinə də maraqlı olduğunu göstərir. Ədəbi tənqidçilər isə iddia edir ki, xüsusilə yazıçıların məktublarını oxumaq insanın zehin üfüqlərini daha da genişləndirir. Yazarların ən çox da övladlarına yazdıqları əyləncəli, zarafat, məsləhət və səmimi sevgini hiss etdirən ifadələrlə dolu məktubları ilə tanış olmaq insana heç də ədəbi əsərdən aldığından daha az zövq vəd etmir. Bu dəfə sizə üç yazarın müxtəlif mənbələrdə yer almış məktublarını təqdim edirik.
Şervud Andersonun 1926-cı ildə 17 yaşlı oğlu Cona yazdığı məktub
Sənə verə biləcəyim ən yaxşı məsləhət – bir şeyi mükəmməl mənimsə, o qədər mükəmməl mənimsə ki, ondan həyatını qazana biləsən. Bob qəzetçiliyi seçməyə üstünlük verdi, xüsusi qabiliyyəti olmasa da, o sahəni sürətlə yüksələ biləcək qədər mükəmməl mənimsədi. Nisbətən daha xırda, daha sakit şəhərdə yaşaması da onun işini asanlaşdırdı. Ayrı-ayrı fənlər üzrə alacağın biliklərə gəldikdə isə orta məktəbdə sənə həyat boyu lazım olacaq biliklər alırsan. Hər bir fənn uzun bir təhsil mərhələsi və diqqətli oxumaq, əmək tələb edir. Əgər sırf oxumaq, öyrənmək, öz üzərində durmadan işləmək üçün yaradılmısansa, bundan böyük xoşbəxtlik yoxdur. Bu o deməkdir ki, sənin həyatın və təkbaşına alacağın qərarların nəticələri ilə bağlı çox da narahatlıq keçirməyə dəyməz.
İncəsənət isə bəzi insanlara daha çox lazımdır, onlar üçün yaşamağın, varlığın və səadətin yolu sənətdən keçir. Bəzilərinə isə sənət müəyyən müddət zövq verə bilər, amma bu, qəti hiss deyil. Odur ki, bu sahəyə qoşulub-qoşulmayacağını yaxşı düşün, çünki həyatını istədiyin kimi davam etdirməyin çətin ola bilər.
Yenidən dünyaya gəlsəm, ehtimal ki, yenə yazıçı, ədəbiyyat adamı olmaq istəyərdim, amma bundan əvvəl əllərimi necə işlədəcəyimi müəyyənləşdirərdim. Əl qabiliyyəti istənilən insana həm çox böyük zövq verir, həm də bir müsbətdir.
Beyinsiz adamların və nə dediklərinin fərqinə vara bilməyənlərin təkliflərinə qulaq vermə. Yaşadıqca görəcəksən, qarşına çıxan bütün kiçikməqsədli və ucuz tacirlər sənə: “Gəl, sən mənə qulaq as” – deyəcək. Belələri azca pul və mövqe sahibi olanda ətrafda hamı haqqında söz demək, hamının əvəzinə qərar vermək ixtiyarına sahib olduqlarını düşünürlər.
Növbəti cəhdin gözəl zövq formalaşdırmaq olur. Bu, çətin məsələdir, amma yavaş-yavaş işləməlisən öz üzərində. Onsuz da zövq sahibi olmağı çox az adam bacara bilir. Həyatının sonunda əlində qalan ən dəyərli məziyyət məhz bu olacaq. Bəzən rəssamların rəsmlə, yazarların ədəbiyyatla, tacirlərin ticarətlə bağlı nə qədər az şey bildiklərini, nə qədər zövqsüz olduqlarını görəndə təəccüblənirəm. Əksəriyyəti, sadəcə, axının gücü ilə irəliləyir... Əksəriyyətində asan yolla pul qazana bilmək üçün sahib olduqları bir xüsusiyyət var: cəsarət. Quzunun izinə düşmüş canavar kimidirlər. Bütün bunlarla yanaşı, mən səni həm də sahib olduğun fərqliliklərinlə, üstünlüklərinlə görmək istəyirəm. Bu sənə hər şeydən çox kömək olacaq. Həyatın öhdəsindən necə gələcəyini deyə bilmirəm, amma mütləq bir yolunu tapacaqsan. Hər nəsə, bu bahar səninlə bol-bol zaman keçirəcəyik. Qayıtmaq üçün yır-yığış başlayıb artıq.
Sevgilərimlə,
Atan

F.Skot Fitzceraldın 1933-cü ildə uşaq yay düşərgəsinə getmiş 11 yaşlı qızı Skottiyə yazdığı məktub
Dadlı sevincim,
Oralarda nə etdiyin, günlərini necə keçirdiyini bilmək istəyirəm. Fransız dili təlimləri haqqında bir az ətraflı yaz, nələr öyrənirsən? Orada özünü yaxşı hiss etdiyini yazmısan, xoşbəxt hiss etdiyin yerdə olduğuna sevindim. Hərçənd mən xoşbəxtliyə şübhə ilə yanaşıram, heç mənəvi əzaba filan da inanmıram. Belə duyğuları ekranda görüb, kitablarda oxuyuruq, normal həyatda başımıza belə şeylər gəlmir, çünki insanın gündəlik həyatı filmdən və əsərdən çox məşğuldur. Atanın həyatda ən çox inandığı şey insanın sahib olduğu üstünlüklərin qazandırdığı mükafatlardır. İnsanın sahib olduğu üstünlüklər isə istedadına və qabiliyyətinə bağlıdır, onlardan qidalanır. Əzab isə qabiliyyət və bacarığın imkan verdiyi halda, məsul olduğun işlərin öhdəsindən gələ bilmədiyin üçün sənə verilən cəzalardır, bu cəzalar isə razıyam ki, olduqca ağır olur. Əgər düşərgənin sərbəst giriş imkanı olan kitabxanası varsa, xanım Taysondan sizə Şekspirin 94-cü sonetini oxumasını xahiş et. Bu arada, düşərgənin bu aylıq pulunu ödəməyi unutmuşam, indi yadıma düşdü.
Nə isə yazmaq istədiklərimi daha yaxşı xatırlamağın üçün bəndlər kimi sıralayacam:
Narahatlıq keçirməli olduğun şeylər:
* Cəsarətlilik məsələsində narahat ol;
* Təmizlik məsələsində narahat ol;
* Səxavət və yetərlilik məsələsində narahat ol;
* Sürücülük məsələsində narahat ol.
Narahatlıq keçirməli olmadığın şeylər:
* Gündəmi tutan, populyar fikirlərlə bağlı narahatlıq keçirmə, onları çox önəmsəmə;
* Körpələrə görə də narahat olma, mütləq böyüyəcəklər;
* Keçmişlə bağlı narahatlıqdan qaç, onsuz da geri qaytarmaq mümkün deyil;
* Gələcək barəsində də çox düşünmə, heç nəyin gedişatını dəyişmək olmur;
* Böyüməyə tələsmə, bunun üçün narahat olma;
* Qarşında durmağa, mane olmağa çalışanlar səni narahat etməsin;
* Böyük uğurlar qazanmaqla bağlı narahat olma;
* Ailə qurmaq, ailə və kişilər haqqında çox düşünmə, narahatlığa dəyməz;
* İtkilər, uğursuzluqlar üçün narahat olma;
* Tərzin ilə bağlı narahat olma;
* Mənəvi doyumluluqla bağlı narahat olma.
Haqqında yaxşı-yaxşı düşünməli olduğun şeylər:
Hədəfim nədir?
Həmyaşıdlarımla müqayisədə bu sahələrdə nə qədər uğurluyam, haradayam?
a) Təhsil
b) İnsanları başa düşə, onlarla anlaşmağın yolunu tapa bilirəmmi?
c) Bədənimə incə musiqi aləti kimi qulluq edirəm, yoxsa onu öz ümidinə buraxmışam?
Səni çox, çox sevən,
Atan

Con Steynbekin internat məktəbində təhsil alarkən atasına bir qızı sevdiyini yazan oğlu Toma məktubu
Əzizim Tom,
Məktubunu bu səhər aldıq. Əvvəlcə mən öz münasibətimi və düşündüklərimi yazacam, anan isə sonra öz hiss etdiklərini yazıb göndərəcək.
Əvvəla, əgər eşqə düşdüyündən əminsənsə, bil ki, eşq möhtəşəm bir şeydir, hətta həyatda insanın başına gələ biləcək ən möhtəşəm şeydir. Kiminsə duyğularını və vurulduğun insanı lağa qoymasına, rişxənd etməsinə imkan vermə. Eşqin də növləri var – bəziləri özmərkəzli, doyumsuz, eqoist aşiqdir, eşqdən belə özünü ucaltmaq üçün yararlanır, bu, əlil eşqdir. Bəzilərində isə insanın qoruduğu, gizlədiyi bütün gözəl keyfiyyətlər gün işığına çıxır, bu, nadir inci kimi saf və dəyərli eşqdir. Birincisi insanı xəstə salar, xırda, əhəmiyyətsiz və lazımsız hiss etdirər. Digəri isə cəsarət və güc verər, insanı müdrikləşdirər.
Sıradan yeniyetmə duyğuları olmadığını yazmısan, bu qədər dərin duyğular yaranıbsa, təbii ki, əhəmiyyətsiz və yüngül bir macəra deyil. Onu da bilirəm ki, nə qədər yazırsan yaz, mənə nə hiss etdiyini tamamilə çatdıra bilməyəcəksən. Nə hiss etdiyini ancaq sən bilə bilərsən. Mən ancaq nə etməli olduğunla bağlı təcrübəmi bölüşə bilərəm:
Sənə hiss etdirdikləri üçün minnətdar ol. Səndən və sevgindən imtina da edə bilər, bundan qorxma. Bəzi insanlar eşq məsələsində utancaqdır. Qızlar sevildiklərini mütləq hiss edirlər, amma bunu eşitmək onlar üçün şərtdir. Hisslərinə qarşılıq görməyə bilərsən, bu o demək deyil ki, onlar dəyərsizdir.
Nə hiss etdiyini bilirəm, onları mən də yaşadım. Bunları sənin də yaşadığını görmək məni sevindirdi. Suzanla tanış olmaq çox xoş olardı. İstədiyin zaman evə gələ bilərsiniz. İtirməkdən qorxma, əgər istək güclüdürsə, vüsal mütləqdir. Sadəcə, tələsmə, xoşbəxtliyin yolu səbrdən keçir. Onda gözəl və dəyərli olan heç nə əldən getməz.
Sevgilərimlə,
Atan

Tərcümə etdi:
Elcan SALMANQIZI
P.S. Məktublar “HuffingtonPost” və “npr.org”-dan götürülüb.
banner

Oxşar Xəbərlər