Naqif Həmzəyev:

Naqif Həmzəyev: "Xəzər hövzəsində dostluq mühiti daha da möhkəmlənir"

Cəmiyyət
11 Oktyabr 2019, 15:47 496
"Son 28 ildə Azərbaycan-Türkmənistan əlaqələri, qarşılıqlı dostluğa və səmərəli əməkdaşlığa əsaslanan münasibətlər yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələr arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlıq daim inkişaf etdirilməkdədir. Bu, xalqlarımızın tarixi dostluğa sədaqətindən və dövlətlərimizin qarşılıqlı-faydalı əməkdaşlığından xəbər verir”.
 
Bu barədə millət vəkili Naqif Həmzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib. 
 
O qeyd edib ki, ötən illərdə hər iki ölkə rəhbərlərinin görüşü, aparılan müzakirələr, imzalanan mühüm sənədlər Azərbaycan və Türkmənistanın gələcək münasibətlərinin yeni inkişaf yoluna çıxdığını bir daha sübut edib: "Azərbaycan və Türkmənistan arasında nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, regionda və bütöv Avrasiyada Şərq–Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Türkmənistan arasında dostluq əlaqələri Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün birbaşa əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsi ilə Türkmənistandan və Azərbaycandan keçir. Ölkələr arasındakı dostluq münasibətləri sözügedən marşrutu istifadə edən region ölkələrinin yüklərinin rahatlıqla dünya bazarına çıxarılmasına, eləcə də idxal mallarının ən qısa müddətdə və ən ucuz yolla daşınmasına imkan yaradır. Bu, ölkələrin iqtisadiyyatına və əhalinin rifahına birbaşa təsir edən amil kimi özünü göstərir”.
 
Millət vəkili N.Həmzəyev bildirib ki, iki ölkə arasındakı dostluq münasibətləri bütövlükdə Xəzər hövzəsində dostluq, qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə öz töhfəsini verir: "Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfəri zamanı Prezident Qurbanqulu Berdiməhəmmədovla rəsmi görüşü də Azərbaycan ilə Türkmənistan dövlətləri və xalqları arasında əlaqələrin, əməkdaşlığın yeni mərhələlərini, üfüqlərini müəyyən edəcək”.
 
Alpər TURAN