“Nağıllar gerçəkləşir” - Fotolar

“Nağıllar gerçəkləşir” - Fotolar

İdman
18 Sentyabr 2019, 19:12 272
Şərqin ilk Demokratik Cümhuriyyətinin layiqli varisi müstəqil Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Multikulturalizm və tolerantlıq məkanı olan ölkəmiz həm də beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən dövləti kimi dünyanın diqqətini cəlb edir. Bunun ilkin səbəbi Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmini və müasir infrastrukturunun olmasıdır. İdman sahəsi ilə bağlı təkcə bir məqamı xatırlatmaq yerinə düşər ki, son illər ərzində ölkəmizdə 45 müasir Olimpiya İdman Kompleksi tikilib. Eyni zamanda stadionlar, futbol meydançaları, üzgüçülük mərkəzləri, milli gimnasika arenası, şahmat məktəbləri, müxtəlif təyinatlı digər idman obyektləri istifadəyə verilib. Yaradılan şəraiti layiqincə qiymətləndirən idmançılarımız müxtəlif idman yarışlarında uğurlu nəticələr göstərərək, Azərbaycanın idman dövləti olduğunu, burada idmana yüksək səviyyədə qayğı göstərildiyini dünyaya dəfələrlə nümayiş etdiriblər.  
 


Əlbəttə ki, əldə edilən uğurlar, yaradılan müasir infrastruktur, ölkəmizin dünyada artan nüfuzu bir sıra beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsində mühüm rol oynayıb. Misal üçün, dünyada mühüm mədəniyyət tədbiri kimi tanınan Avroviziya Mahnı Müsabiqəsinə 2008-ci ildən başlayaraq, hər il davamlı şəkildə qatılan ölkə təmsilçilərimiz 2011-ci ildə bu yarışın qalibi olublar. Eldar Qasımov və Nigar Camalın qalibiyyəti Azərbaycana 2012-ci ildə bu müsabiqəyə ev sahibliyi etmək hüququ qazandırıb. 2012-ci ilin may ayında həmin müsabiqə Azərbaycanın paytaxtı Bakı şəhərində yüksək təşkilatçılıq səviyyəsində keçirilib. 
 
 

2015-ci ildə ölkəmiz I Avropa Oyunlarına ev sahibliyi edib. Tarixdə ilk dəfə Azərbaycanda keçirilən bu idman yarışında dünyanın 50 ölkəsindən 10 minə yaxın atlet iştirak edib. Onlar 30 idman növü üzrə 253 dəst medal uğrunda mübarizə aparıblar. 12-28 iyun tarixində davam edən yarışlar zamanı Azərbaycan idman mərkəzi kimi dünyanın diqqət mərkəzinə çevrilib. Bu yarışmanın Bakıda və Mingəçevirdə keçirilməsi ilə Azərbaycan sübut edib ki, istənilən beynəlxalq miqyaslı tədbirə yüksək səviyyədə ev sahibliyi etməyə, ən əsası, bu istiqamətdə öz nümunəsini ortaya qoymağa qadirdir. Beynəlxalq əhəmiyyətli belə tədbirlərin Azərbaycanda keçirilməsinə daha bir nümunə olaraq 2016-cı ilin may ayında 17 yaşadək futbolçular arasında Avropa çempionatının Bakıda baş tutmasını da göstərmək olar. Bu çempionatda 16 milli komanda 4 qrupda mübarizə aparıblar.
 


Elə həmin il bütün Avropanın idman nəbzi növbəti dəfə Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyünüb. Azərbaycanın paytaxtı dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi edib. 17-19 iyun 2016-cı il tarixində qədim Odlar Yurdunda dünyanın ən nüfuzlu idman yarışlarından biri – "Formula-1” üzrə dünya çempionatının 8-ci mərhələsi olan Bakı Avropa Qran-prisi keçirilib. Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirib. Həmin vaxtdan etibarən, hər il paytaxt Bakı "Formula-1” yarışlarına ev sahibliyi edir.
 


Bütün bunları nəzərə alsaq, 2017-ci ilin may ayında Azərbaycanın IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi təsadüfi sayıla bilməz. 12-22 may tarixində paytaxt Bakıda baş tutan bu yarışlarda 21 idman növü üzrə 57 ölkədən 6 minə yaxın atlet mübarizə aparıb. Paralel olaraq, Azərbaycanın Bakı-2016: Ümumdünya Şahmat Olimpiadası, Bədii Gimnastika üzrə Avropa Çempionatları, Dünya Kuboku, Peşəkar Boks üzrə Beynəlxalq Turnir, UEFA Avropa Liqasının final oyunu, Avropa Gənclər Yay Olimpiya Festivalı və sair kimi yarışlara ev sahibliyi etməsi idmançılarımızın həyatında mühüm rol oynayıb. Prezident İlham Əliyevin təbirincə desək, beynəlxalq səviyyəli yarışa ev sahibliyi edən ölkəmiz fərqli yanaşma ortaya qoyub, yeni standartlar tətbiq edib. 
 
 

Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti, diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu təşkilatçılığı sayəsində ən yüksək səviyyədə keçirilən beynəlxalq idman tədbirləri Azərbaycanı nəinki Avropada və İslam aləmində, bütün dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıdıb. Buna görədir ki, paytaxt Bakının möhtəşəm Milli Gimnastika Arenası bu günlərdə daha bir beynəlxalq idman tədbirinin keçirildiyi məkana çevrilib. Gimnastika dünyasının diqqəti 14 ildən sonra yenidən ən önəmli yarışlardan birinə - Bakı şəhərində keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatına yönəlib. Sentyabrın 16-dan start götürən və bu ayın 22-dək davam edəcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə də əlamətdardır.
 
 

"Nağıllar gerçəkləşir” devizi altında təşkil edilən çempionatın ən yadda qalan hissələrindən biri möhtəşəm açılış mərasimidir. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə "səyahətə aparacaq” şou nümayiş etdiriblər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş "Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçıları iştirak edib. 61 ölkənin qatıldığı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında mübarizə aparırlar. Eyni zamanda, komanda hesabında ən güclülər müəyyənləşir. Bu yarışa qatılan 300-dən çox gimnast 9 dəst medal uğrunda, o cümlədən Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini sərf edirlər. Dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edir. 
 
 

Dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina da yarışları tamaşaçılarla birlikdə izləyir. O mediaya açıqlamasında bildirib ki, yarışın təşkilatçıları çempionatın yüksək səviyyədə təşkil olunması üçün əllərindən gələni edirlər. Y.Batırşina bu dəfə də Azərbaycanın yüksək təşkilatçılıq bacarığı ilə fərqlənəcəyinə şübhə etmədiyini dilə gətirib. 
 
 

Ümumrusiya Bədii Gimnastika Federasiyasının rəhbəri İrina Viner-Usmanova isə Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılmasına diqqət çəkib. O bildirib ki, bu cür şərait dünyanın az ölkəsində mövcuddur və Bakıda Gimnastika Arenasını heyranedicidir. Federasiya rəhbəri deyib ki, bütün bunlar Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın sayəsindədir. 
 
 

Y.Batırşinanın bu fikirlərinə dəstək olaraq bir daha vurğulayaq ki, Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi beynəlxalq idman tədbirlərinin yüksək təşkilatçılıq səviyyəsində baş tutması bədii gimnastika üzrə 37-ci dünya çempionatının da müsbət məqamlarla yadda qalacağını qaçılmaz edir. Bu məqamda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər. O deyib ki, inkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm də xalqa böyük qələbə gətirir. Şübhə etmirik ki, Azərbaycanda da bu, məhz belədir. Bunu indiyə qədər keçirilən beynəlxalq tədbirlər, onların doğurduğu maraq, dünyanın Azərbaycana olan münasibəti, ölkədəki xalq-iqtidar birliyi, insanlarımızın idmana olan həvəsi daim təsdiqləyir.

Rufik İSMAYILOV