Müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağı

"Qarabağ”
yatağının istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla
reallaşdırılmasına və ölkəmizin gəlirlərinin artmasına böyük töhfə olacaq
"Qarabağ” yatağı Xəzər dənizinin
cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda
1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma
işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və "Equinor” şirkətinin birgə qazma
əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. "Qarabağ”
yatağındakı ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də
başlanılıb. Bakıdan 120 km
şərqdə yerləşən yatağın ilkin təxmin edilən geoloji neft ehtiyatları 60 milyon
tondan çoxdur.Yataqda 6 neft, 3 qaz və 3
suvurucu quyunun qazılması nəzərdə tutulur. Avqustun 10-da Heydər Əliyev adına
Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq bloku dənizə yola
salınıb. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq
bloku "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini
və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya
şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə
quraşdırılacaq. Dayaq blokunun quraşdırılması "Qarabağ” yatağının dərin
qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.
"STB-1”
daşıma barjına yüklənən konstruksiyanın hündürlüyü 187 metr, ümumi çəkisi 16
min tondur. Blokun tikintisi iki il ərzində aparılıb.

Beynəlxalq
şirkətlər üçün logistika təchizatı
Bu dayaq bloku SOCAR-ın tarixində
həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı
konstruksiyadır. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri
də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, "Qarabağ” dayaq bloku SOCAR-ın
"BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda
tikilib. Layihənin həyata keçirilməsi zamanı BOS Şelf tərəfindən sağlamlıq,
əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına tam uyğun olaraq
qəzasız 3,2 milyon adam/saat göstəricisinə nail olunub. Layihə üzərində işə
cəlb olunan insan resurslarının 95 faizi yerli işçilər olub. "BOS Şelf” şirkəti
Azərbaycanın bütün irimiqyaslı və mürəkkəb neft-qaz layihələrinin, o cümlədən
Azəri-Çıraq-Günəşli, Şahdəniz-2, Abşeron və digər layihələrin həyata
keçirilməsində əsas iştirakçılardan biridir. İri tikinti-quraşdırma layihələri
ilə yanaşı, şirkət qazma qurğularının, gəmilərin və nəqliyyat barjalarının
modernizasiyası işlərini uğurla həyata keçirir, həmçinin beynəlxalq şirkətlər
üçün logistika təchizatı bazalarının fəaliyyətini idarə edir.

Yataqlar
uğurla istismar ediləcək
Qeyd edək ki, "Qarabağ” yatağı
Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Bu yatağın
istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla
reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.
"Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak
edən Prezident İlham Əliyev də Azərbaycan Televiziyasına müsahibəsində
"Qarabağ” yatağının dəniz işlərinə start verilməsini əlamətdar hadisə kimi
qiymətləndirib.Dövlət başçısı bildirib ki,
1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay
bölgüsü haqqında kontrakt imzalanıb və həmin illərdə bu yataqda 3 quyu qazılsa
da, xarici tərəfdaşlar "Qarabağ” yatağının səmərəliliyinə inanmayıblar:
"Nəticədə kontrakta xitam verilib və "Qarabağ” yatağı tərk edilib. Ancaq bizim
mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat
bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq
tam kəşf edildi. Bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci
neft yatağıdır. Çünki "Azəri”, "Çıraq”, "Günəşli” yataqları sovet dövründə kəşf
edilib. "Şahdəniz” və "Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft
yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa
edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox
danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki
artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük
həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər ölkəmizin neft-qaz
sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır,
əksinə, artır. Əminəm ki, növbəti illərdə "Qarabağ” və digər yataqlar uğurla
istismar ediləcək, ölkəmizə böyük fayda verəcək”.

Neftçıxarma
sənayesində ən müasir texnologiyalar
Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Heydər Əliyev
adına Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun
dənizə yola salınması Azərbaycanın neft-qaz sənayesində yeni mühüm hadisədir.
Onun sözlərinə görə, dünyada pandemiyanın geniş yayıldığı və əksər ölkələrdə
neft-qaz sənayesinə investisiyaların azaldıldığı bir dövrdə Azərbaycanın enerji
sektorunda belə bir layihənin icrasına başlanması uğurlu enerji siyasətinin
nümunəsi hesab edilər bilər: "Bu, onu göstərir ki, Azərbaycanda nəhəng
investisiya layihələri dayanmadan uğurla həyata keçirilir, enerji sektorunda
yeni axtarışlar və sərmayə planları əvvəlkitək davam etdirilir. Neft
sənayesində xüsusi yerə malik olan "Qarabağ” yatağının dəniz işlərinə
başlanılması neft istehsalında yeni bir mərhələyə start verilməsi deməkdir. Bu
yataq "Azəri”, "Çıraq”, "Günəşli” "Şahdəniz”,
"Abşeron” və digər strukturlar kimi zəngin enerji mənbəyidir. Doğma
yurdumuz Qarabağın adını daşıyan bu dayaq blokunun digər mühüm xüsusiyyəti
ondan ibarətdir ki, Azərbaycan artıq neftçıxarma sənayesində ən müasir
texnologiyaları, avadanlıqları, dənizdə və quruda yerləşən bütün
istehsalat-quraşdırma sahələrində tətbiq edilən qurğuları yerli istehsal
hesabına təmin edir”.

Neft
gəlirlərinin artmasına böyük töhfə
Millət vəkili deyib ki,
Azərbaycan artıq bir neçə ildir neft sənayesindəki ən ağır dayaq bloklarının və
platformaların tikintisini özü həyata keçirir: "Bu işlər beynəlxalq
standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat
obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda həyata
keçirilir. Bu gün "BOS Shelf” mərkəzləşmiş maddi-texniki və təchizat
bazasına malik yerli şirkət kimi ən yüksək dünya standartlarına uyğun
müasir texnologiyalardan istifadə edir, bloklar inşa edir. Bu baxımdan "Qarabağ”
dayaq blokunun Bakı dərin özüllər zavodunda tikilməsi neft sənayemizin yüksək
inkişafının göstəricisidir. "Qarabağ” layihəsi üzrə hazırlanan bu blok həm
ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır və
neft çıxarmada ən müasir texnologiyaların tətbiqinə imkan verəcək. Yeni dayaq
blokunun quraşdırılması "Qarabağ” yatağının dərin qatlarında neft və qaz
hasilatının həyata keçirilməsində böyük rol oynayacaq. 60 milyon tondan artıq
neft ehtiyatına malik olan bu yatağın istismara verilməsi Azərbaycanın neft
strategiyasının daha uğurla reallaşdırılmasına imkan verəcək. 2022-ci ilin
sonunda ilk qaz və ilk neft çıxarılması gözlənilən "Qarabağ” yatağı
Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün
əhəmiyyət kəsb edir. Bu yataqdan istehsal edilən ehtiyatlar Avropanın enerji
təminatında mühüm rol oynayacaq, ölkəmizin neft gəlirlərinin artmasına böyük
töhfə verəcək”.

Azərbaycan
uzun illər neft və qaz ölkəsi kimi tanınacaq
İqtisadçıPərviz
Heydərovhesab edir ki, "Qarabağ” yatağının əhəmiyyəti onunAzərbaycan müstəqillik
əldə etdikdən sonra kəşf olunan ilk neft yatağı olmasındadır. O, bu yatağın
istismarı ilə Azərbaycanın hələ uzun illər neft və qaz ölkəsi kimi tanınacağına
əminliyini ifadə edib: "Hazırda biz "Azəri”, "Çıraq”, "Günəşli” netf
yataqlarının istismarı ilə məşğuluq. Yəni, "Əsrin müqaviləsi” ilə əsası qoyulan
neft strategiyamıza uyğun olaraq, işlənməkdə və ölkəmizin bugünkü səviyyəyə
gəlib çıxmasında mühüm rolu və əhəmiyyəti olan"Azəri”, "Çıraq”, "Günəşli”
yataqları indiyədək ölkəmizin həm siyasi, həm də iqtisadi nüfuzunun
formalaşmasında həlledici əhəmiyyət kəsb edib. Bu yataqlar hələ sovet dövründən mövcud idi və həmin dövrdə kəşf olunmuşdu. Sadəcə yatağın dərin hissəsi işlənməmiş qalmışdı. Ölkəmiz müstəqillik əldə
edəndən sonra ulu öndər Heydər Əliyev tərəfindənsovet dövründən qalan
neft yatağının dərin hissəsinin, tam mənada potensialından yararlanması üçün
ölkəyə xarici şirkətlər dəvət olundu. "Əsrin müqaviləsi” ilə əsası qoyulan neft
strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ulu
öndər Heydər Əliyev tərəfindən atılan mühüm addımlardan biri oldu.
"Qarabağ" yatağı isə məhz 90-cı illərdə ötəri şəkildə nəzərdən
keçirilən və xaricilər tərəfindən perspektivsiz elan olunan, istismarı üçün
əlavə vəsait sərf olunması məqsədə uyğun hesab edilməyən yataq idi ki, hələ də
kəşf olunmamış qalırdı. Lakinbilavasitə Azərbaycan dövlətinin səyi,
neftçilərimizin, dövlət neft şirkətinin cəhdləri hesabına, xaricilərin bizə
söylədiyi fikirlərə rəğmən,bu yataq Azərbaycan müstəqillik əldə etdikdən
sonra ilk neft yatağı kimi reallığa çevrildi. Bu da ölkəmizin neft
potensialının, resurslarının heç də qeyd olunduğu kimi, tükənmək üzrə olmadığını,əksinə,Azərbaycanın
uzun illər neft və qaz ölkəsi kimi tanınacağını göstərir”.

Neft
hasilatının sabit qalması və qaz hasilatının artırılması
Neft-qaz
məsələləri üzrə ekspert Firdovsi Ağayev də qəzetimizə açıqlamasında
"Qarabağ” yatağının dəniz işlərinə start verilməsini mühüm hadisə kimi dəyərləndirib.
Bildirib ki, bunun geosiyası və iqtisadı əhəmiyyəti var: "Cənub Qaz Dəhlizinin
(CQD) işə salınmasından sonra Azərbaycanı istəməyən bir çox mənbələr bu qaz
xəttini doldurmaq üçün ölkəmizin istehsal gücünün çatmayacağına dair iddialar
irəli sürürdülər. Lakin "Şahdəniz” qaz yatağının istismarının sürətlə plan
göstəricilərinə çatdırılması bu iddiaların əsassız olduğunu sübut etdi. Hazırda
Türkiyə qaz ixracında Azərbaycanı önə çəkir. Rusiyadan gələn "Türk axını” və
"Cənub axını” xətlərindən biri təmirə dayandığından, o birisi isə rentabelli
olmadığından qaz vurulmur. Belə olan halda Türkiyə Azərbaycan qazına və
sıxılmış maye qaza üstünlük verir. Azərbaycanın CQD ilə təminatlı qaz ixracını
davam etdirməsi üçün "Abşeron” və "Qarabağ” qaz kondensat yataqlarının
istismara verməsi şərtdir. "Qarabağ” yatağının neft potensialı 60 milyon ton
səviyyəsində qiymətləndirilir. Lakin bu rəqəmlər ilk istismar quyusunun qazılıb
istismara verilməsindən sonra dəyişəcək. "Qarabağ” yatağı "Azəri”, "Çıraq”,
"Günəşli” yataqlarının yanında yerləşir və istər qaz, istər neft potensialının
tədqiqat işlərindən sonra daha yüksək olacağı gözlənilir. "Qarabağ” neft
yatağında olan ehtiyatlar ölkəmizin neft hasilatına böyük dəstək verəcək. Bu
yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil
edilməsi gözlənilir. Azərbaycanda neft hasilatının sabit qalması və qaz
hasilatının artırılması üçün bunun böyük faydası olacaq”.

Neftçilərimiz
yeni bir parlaq səhifə yazırlar
Ekspert bildirib ki, istər
"Qarabağ”, istərsə də "Abşeron” qaz-kondensat yatağından çıxarılacaq qaz Cənub
Qaz Dəhlizinin ixrac potensialını "Şahdəniz” yatağı ilə birlikdə əhəmiyyəti
dərəcədə dəstəkləyəcək: "Bu layihə Azərbaycanın Türkiyə üzərindən Avropaya
ixracına da önəmli dəstək verəcək. Artıq bu il işə düşəcək TAP layihəsinin
təminatına da bir töhfə olacaq. Digər tərəfdən ilbəil artan daxili tələbatımız
da "Qarabağ” yatağının istismarından bəhrələnəcək. Ən əsası, SOCAR-ın bu layihə
ilə dənizin dərin qatlarında 16000 ton çəkidə nəhəng platforma qurması çox
böyük mühəndis-texniki nailiyyətdir. Bu qurğunun öz gücümüzlə qurulması bizim
böyük potensialımızdan xəbər verir. Digər tərəfdən, bu layihədə xarici
investisya yoxdur, tam özünümaliyyələşdirmə şəraitində icra olunur. Azərbaycan
regionda baş verən mürəkkəb hadisələrin içində yenə də qurmaq, yaratmaq və
bəhrələnmək kimi özünəməxsus çəkisini ortaya qoyur. Bunun üçün həm texniki,
maddi imkanlar, həm də insanlarımızın fədakarlığı, peşəkarlığı var. Azərbaycan
neftçiləri yeni bir parlaq səhifə yazırlar. Bununla fəxr etmək olar”.
Rufik
İSMAYILOV
