Beynəlxalq tərəfdaşlıqda yeni üfüqlər

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini bərabərlik, qarşılıqlı hörmət və praqmatizm prinsipləri əsasında qurub. Bunun nəticəsində Bakı dünya birliyi tərəfindən regional güc, beynəlxalq dialoq və əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul edilir.
Yaxın Şərqdə uzun müddətdir davam edən hərbi qarşıdurma və toqquşmalara son qoyan Şarm əl-Şeyxdə təşkil edilmiş Yaxın Şərq Sülh Sammitində münaqişə tərəfləri arasında atəşkəsə nail olunmaqla tarixi nailiyyət əldə edildi. Bu tarixi anlara şahidlik edən və bilavasitə sülh prosesinin iştirakçı olan azsaylı dövlət başçıları arasında Azərbaycan Prezidenti İlham Əliyevin də olması xüsusi vurğulanmalıdır.
Azərbaycanın artan rolu
Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı həm beynəlxalq siyasətdə, həm də qlobal təhlükəsizlik sistemində Azərbaycanın artan rolunun göstəricisi kimi dəyərləndirilir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini bərabərlik, qarşılıqlı hörmət və praqmatizm prinsipləri əsasında qurub. Bunun nəticəsində Bakı dünya birliyi tərəfindən regional güc, beynəlxalq dialoq və əməkdaşlıq platformalarında etibarlı tərəfdaş, həmçinin güclü siyasi-iqtisadi aktor olaraq qəbul edilir. Yaxın Şərq Sülh Sammitində iştirak da bunun təsdiqidir.
Sülh platforması, etibarlı vasitəçi
Son illərdə ölkəmiz dünyada sülh və münaqişə tərəfləri arasında dialoq platformasının təşkilində etibarlı məkan kimi tanınır. Müxtəlif zaman kəsimlərində İsrail-Suriya, İsrail-Türkiyə danışıqlarında vasitəçilik missiyasının rəsmi Bakı tərəfindən təşkil olunması, o cümlədən Təl-Əvivlə dostluq münasibətlərinin mövcudluğuna baxmayaraq, beynəlxalq hüquq əsasında Fələstin məsələsində Azərbaycanın ikidövlətli həll variantını dəstəkləməsi Prezident İlham Əliyevin Yaxın Şərq siyasətinin praqmatizm və qarşılıqlı hörmətə əsaslandığının göstəricisidir. Məhz bu yanaşma heç bir təsir altında qalmadan Yaxı Şərq siyasətini formalaşdıran rəsmi Bakının Donald Trampın sülh təşəbbüsündə özünəməxsus yer almasını şərtləndirir.
Praqmatizmə əsaslanan Yaxın Şərq siyasəti
Yaxın keçmişdə vətəndaş müharibəsi nəticəsində infrastrukturu tamamilə dağıdılan Suriyanın yenidən dirçəldilməsində Azərbaycanın yardımları da beynəlxalq birliyin diqqətindədir. Suriyanın enerji təhlükəsizliyinin təmini üçün Bakının atdığı addımlar həm Qərb dövlətləri, həm də İslam dünyası tərəfindən təqdirlə qarşılanır. Bu addımlarla Azərbaycan bir daha münaqişələrin ərazi bütövlüyü, suverenlik prinsipləri əsasında milli maraqlar nəzərə alınmaqla həllində maraqlı olduğunu dünyaya nümayiş etdirir. Rəsmi Bakının təsir coğrafiyasının genişlənməsi, diplomatik fəallığın artması, xüsusilə də böhran yaşanan dövlətlərə öz yardımlarını təklif etməsi Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir. Bununla da rəsmi Bakı sübut edir ki, dialoq təşəbbüskarı, strateji sabitlik mənbəyidir. Yaxın Şərq Sülh Sammiti bir daha göstərdi ki, bu gün Azərbaycan dünyada tək etibarlı enerji tərəfdaşı və sabit tranzit ölkə kimi yox, həm də ortaya qoyduğu siyasi rasionalizmi, sülh təşəbbüsləri və humanizm prinsiplərinə görə təqdir edilir.
Sabit və davamlı inkişaf modeli təcrübəsi
Onu da nəzərə alaq ki, tarixi qələbəmizdən sonra Azərbaycan 30 illik ağır müharibə şəraitini çox qısa müddətdə uğurla arxada qoymağı bacarıb. Qalib ölkə olmasına baxmayaraq, sülh təşəbbüsünü irəli sürməklə yuxarıda qeyd etdiyimiz prinsiplərə sadiqliyini nümayiş etdirib. Qısa müddət ərzində tamamilə işğaldan azad edilmiş və tamamilə dağıdılmış ərazilərdə həyata keçirilən meqalayihələr, bərpa-quruculuq işləri dünya birliyi tərəfindən çox diqqətlə izlənilir və öyrənilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı, “Ağıllı kənd” və “Yaşıl enerji” konsepsiyaları Azərbaycanın postmünaqişə dövrünün inkişaf modeli kimi qəbul olunur. Bu model özündə iqtisadi dirçəlişi, sosial rifahı, dayanıqlı inkişaf və ölkəmiz üçün ənənəvi olan multikultural dəyərləri ehtiva edir. Bu gün yüz ildən artıq qarşılıqlı toqquşmalar, hərbi qarşıdurmalar, dağıntılar və insan itkiləri meydanına çevrilən Yaxın Şərq üçün ən vacib olan məqam da məhz belə bir inkişaf modelinə sahib olmaqdır. Bu baxımdan Prezident İlham Əliyevin Yaxın Şərq sülh konfransında iştirakı həm də Azərbaycanın yeni inkişaf modelinin dünya birliyinə təqdimatı kimi dəyərləndirilə bilər. Beynəlxalq aləm ölkəmizin postmünaqişə dövrü təcrübəsindən yararlanmaq niyyətindədir.
Bir ay ərzində dörd fərqli platformada iştirak
Bir maraqlı cəhət də odur ki, Prezident İlham Əliyev son bir ayda dörd fərqli coğrafiyada və dörd fərqli platformada iştirak edib. Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, Düşənbədə MDB Sammiti və nəhayət, Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Toplantısında iştirak Azərbaycanın diplomatik fəallığının miqyasını ortaya qoyur. Bu platformaların hər birində Azərbaycan liderinə sərgilənən münasibət həm də rəsmi Bakının müstəqil və milli maraqlara əsaslanan siyasətinə ehtiramın göstəricisidir. Müşahidə etdiyimiz bu diplomatik dinamizm heç də təsadüfi sayılmamalıdır. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan rolunun və nüfuzunun göstəricisi, müasir Azərbaycan realllıqlarının dünya birliyi tərəfindən qəbul edilməsi və ehtiramla qarşılanmasının sübutudur.
Azad Əliyev
