• şənbə, 11 Oktyabr, 19:24
  • Baku Bakı 22°C

MDB Zirvəsində Laçın vurğusu 

11.10.25 03:17 247
MDB Zirvəsində Laçın vurğusu 

Prezident İlham Əliyev: “Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular”. 

Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev iclasda çıxış edib. Dövlət başçısı qonaqpərvərliyə, tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidenti Emoməli Rəhmona təşəkkür edib.

İkitərəfli münasibətlərin ardıcıl inkişaf

Prezident çıxışında qardaş Tacikistan xalqını əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edib: “Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam.
Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir”.

Laçın ən gözəl şəhərlərdən birinə çevrilib

Dövlət başçısı humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə də toxunub. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib: “Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”.

Birliyin həyatında daha bir mühüm hadisə

Prezident İlham Əliyev bildirib ki, Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu: “Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həmdə qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”.

Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə də  iclası keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib. 

"Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik 2026-cı ilin yanvar ayından Türkmənistana keçəcək". Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında bəyan edib. O bildirib ki, MDB-nin növbəti sammiti 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.

Emoməli Rəhmon ilə görüş

Qeyd edək ki, Düşənbə səfəri çərçivəsində Prezident İlham Əliyevin tacikistanlı həmkarı Emoməli Rəhmon ilə də təkbətək görüşü olub.

Söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunulub.

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edilib.

Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayıblar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 

banner

Oxşar Xəbərlər