• bazar, 05 Oktyabr, 01:14
  • Baku Bakı 17°C

“Qoca qitə”dəki ən etibarlı dostumuz

04.10.25 04:31 248
“Qoca qitə”dəki ən etibarlı dostumuz

İtaliya-Azərbaycan əlaqələri, o cümlədən Avropa İttifaqı ilə münasibətlər Bakının çoxşaxəli xarici siyasət kursunun ən önəmli istiqamətlərindən birini təşkil edir. Energetika, yaşıl enerji, hərbi-texniki və mədəni-iqtisadi sahədə əlaqələrin genişləndirilməsi ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir.

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana növbəti dəfə səfər edib. Bu səfər həm iki ölkə arasındakı qarşılıqlı strateji münasibətlərin, həm də Avropa İttifaqı (Aİ) ilə Bakı arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün İtaliya Aİ çərçivəsində təşkilatın üç ən böyük üzvündən biridir. Təbii ki, Bakı-Roma münasibətlərinin davamlı inkişafı Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. 

Aİ ilə əlaqələrdə müsbətə doğru addımlar atılır 

Bu vurğu Prezident İlham Əliyevin italiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlərdə də dominantlıq təşkil edib. 

Azərbaycan Prezidenti qeyd edib ki, tərəflər arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır: “Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”.

Dövlət başçısı Aİ-Azərbaycan əlaqələrinə də toxunub. Bildirib ki, italiyalı həmkarı ilə bu istiqamətdə də müzakirələr aparıb: “İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir”.

“Azərbaycan çox nüfuzlu tərəfdaşdır”

Bu məsələdə İtaliyanın Azərbaycana hərtərəfli dəstəyi Prezident Sercio Mattarella tərəfindən də qeyd olunub. Onun sözlərinə görə, Bakının Brüssellə əməkdaşlığı ilə bağlı İtaliya öz tərəfindən addımlar atacaqdır: “Xüsusi qeyd edirəm ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə də çox əhəmiyyətli olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, bu əlaqələr daha da artsın, inkişaf etsin və hər zaman daha çox yeni sahələri əhatə etsin, ölkələrimizin, xalqlarımızın rifahına xidmət etsin. Bu məqsədlə də mən Bakıya səfərə gəlmişəm”. 

İtaliya-Azərbaycan Universiteti amili

Qeyd edək ki, iki ölkə arasında münasibətlər digər sahələri də əhatə edir. Burada Azərbaycan və İtaliya arasında hərbi-texniki və müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer tutur. Bundan əlavə, təhsil sahəsində də önəmli addımlar atılmaqdadır. Bunun sübutu olaraq, dövlət başçılarının birgə açılışını etdikləri İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının yaradılmasını qeyd edə bilərik. Xatırladaq ki, bu təşəbbüs 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. 

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, həm İtaliya, həm də Azərbaycan bu sahədə əməkdaşlığa çox böyük əhəmiyyət verir: “Əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq, universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər”.
Sercio Mattarella da bu təşəbbüsdən olduqca məmnundur: “Onun Azərbaycanla birgə reallaşdırılmasından İtaliya fərəh hissi duyur. Bu universitet nəinki geniş imkanları, resursları, tədqiqat və tədrisi, dosentləri, təhsil alan gənc azərbaycanlı və italyan tələbələri bir araya gətirir, o cümlədən Azərbaycan ilə İtaliya arasında yüksələn xətlə artan, intensiv və geniş dostluğu əks etdirir”. 

Bölgənin əsas söz sahibi rəsmi Bakıdır

Göründüyü kimi, Azərbaycan növbəti dəfə dünyanın ən nüfuzlu ölkələrindən birinin ali rəhbərinin səfər etdiyi ölkə olaraq, dünyanın diqqət mərkəzinə düşdü. İtaliya-Azərbaycan əlaqələri, o cümlədən Avropa İttifaqı ilə münasibətlər Bakının çoxşaxəli xarici siyasət kursunun ən önəmli istiqamətlərindən birini təşkil edir. Energetika, yaşıl enerji, hərbi-texniki və mədəni-iqtisadi sahədə əlaqələrin genişləndirilməsi ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Bu səfərin reallaşması və aparılan müzakirələrlə Azərbaycan bir daha sübut etdi ki, bölgənin əsas söz sahibi rəsmi Bakıdır. Azərbaycanın Şərq və Qərblə, həmçinin digər mərkəzlərlə qurduğu konstruktiv, çoxşaxəli əməkdaşlıq strukturu bu gün Cənubi Qafqazı dünyanın ən çox diqqət yetirilən, geosiyasi və qlobal əhəmiyyəti günü-gündən artan bölgələrindən birinə çevirir. Bu siyasi mənzərənin əsasında isə son illərdə Azərbaycanın beynəlxalq miqyasda əsas oyunçulardan və aktorlandan biri olaraq qəbul edilməsi dayanır.

Azad Əliyev   

banner

Oxşar Xəbərlər