• şənbə, 20 Sentyabr, 13:24
  • Baku Bakı 20°C

Hədəflərə çatdığımız gün

20.09.25 05:46 131
Hədəflərə çatdığımız gün

Dövlət Suverenliyi Günü qalib, güclü, müasir Azərbaycanın tarixində yeni siyasi rəmzdir. Bu əlamətdar tarixə gedən yol, əldə edilən hərbi-siyasi nailiyyətlər məhz Prezident İlham Əliyevin və qəhrəman xalqımızın sarsılmaz qətiyyətinin nəticəsidir.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək ən böyük nailiyyətdir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Ötən əsrdə Azərbaycan xalqı iki dəfə müstəqillik əldə edib. 1918-ci ilə təsadüf edən müstəqilliyimizə ərazilərimiz üzərində suverenliyin tam təmin olunmaması son qoyub. Daha dəqiq ifadə etsək, silahlı erməni dəstələrinin o dövrdə ölkə ərazisində qırğınlar törətməsi, Milli Ordunun əsas qüvvələrinin Qarabağdakı separatçılarla mübarizəyə cəlb olunması, bolşevik Rusiyasının da bu fürsətdən istifadə edərək öz qoşunlarını şimal sərhədimizdən Bakı istiqamətinə yeritməsi 1920-ci ildə Azərbaycanın azadlığını əlindən alıb. Beləliklə də cəmi iki il müstəqil dövlət kimi dünyada tanınan Şərqin ilk Demokratik Cümhuriyyəti işğal olunub. 

Yetmiş il davam edən işğal

Yetmiş il davam edən bu işğal dövründə Azərbaycanın tarixi əraziləri SSRİ rəhbərliyinin göstərişi əsasında sovet Ermənistanına birləşdirilib. Ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa edən Azərbaycan yenidən işğal olunmaq, azadlığını itirmək təhlükəsi ilə üz-üzə qalıb. Rusiyanın və dünyadakı digər ermənipərəst, imperialist dairələrin himayəsinə sığınan Ermənistanın silahlı birləşmələri Azərbaycan ərazilərinə hücum edib. Ölkənin müharibəyə cəlb olunması ilə paralel olaraq, paytaxt Bakıda rəhbər şəxslərin vəzifə kürsüsü uğrunda mübarizəsi, səbatsız idarəetməsi, vahid komandanlığın olmaması dövləti hərbi, ictimai-siyasi, iqtisadi, sosial böhrana sürükləyib. 

Heydər Əliyevin xilaskarlıq missiyası

Belə bir çətin anda xalqımız Ümummilli Lider Heydər Əliyevə üz tutub, 1993-cü ildə onu siyasi hakimiyyətə gətirərək xalqı, dövləti, dövlətçiliyi yox olmaq təhlükəsindən qurtarıb. Dahi rəhbərin bütün səylərinə baxmayaraq, 1993-2003-cü illərdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini danışıqlar yolu ilə bərpa etmək, Ermənistanı işğalçılıq siyasətindən əl çəkdirmək mümkün olmayıb. Bu isə Azərbaycanı, o cümlədən vətəndaşlarımızı, təhlükəsizliyimizi daim təhdid altında saxlayıb, ölkənin daha da güclənməsinin, beynəlxalq nüfuzunun artmasının qarşısını alıb. Buna rəğmən, o illərdə dövlət səviyyəsində atılan hər bir addımın, həyata keçirilən daxili və xarici siyasətin başlıca hədəfi Qarabağ problemini dinc yolla həll etmək, ərazilərimiz üzərində tam nəzarəti və suverenliyi bərpa etmək olub. 

Azərbaycana təzyiq və təsir göstərmək planı

Ümummilli Liderin bu siyasi kursu 2003-2020-ci illərdə Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Lakin bu illər ərzində Ermənistan nəinki beynəlxalq hüquqa hörmətlə yanaşıb, əksinə, cəbhənin müxtəlif istiqamətlərində silahlı təxribatlar törədib, dinc sakinlərin, hərbi qulluqçuların ölümünə səbəb olub. 2020-ci ilin 27 sentyabrında Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əks-hücuma keçib. 44 günlük Vətən müharibəsində Ermənistan ordusu darmadağın edilib, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olunub. Kapitulyasiya aktına imza atan düşmən sonradan öz qoşunlarını Ağdam, Laçın və Kəlbəcərdən də geri çəkib. Ancaq Rusiyanın sülhməramlı qismində Qarabağa yeridilən hərbçilərinə arxalanan separatçı tör-töküntüləri Ermənistan silahlı birləşmələri ilə mövcudluğunu qorumağa can atıb. 

Cəmi 23 saat davam edən əməliyyat

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində Xankəndidəki qondarma rejim özünü buraxıb, Ermənistan ordusunun 15 minlik kontingenti tamamilə iflic vəziyyətinə düşüb, separatçı rejimin tör-töküntüləri çıxış yolunu təslim olmaqda görüb. Bununla da Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini təmin edib, müstəqilliyinin zirvəsinə və tarixi hədəflərinə çatıb. 30 illik işğaldan sonra Azərbaycanın bütün ərazilərində hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olunub. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü ildə imzaladığı sərəncamla həmin gün – 20 sentyabr tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 

Suverenlik Günü geniş qeyd edilir

Bu əlamətdar tarixi ilk dəfə ötən il sentyabrın 20-də Xankəndidə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə birlikdə qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Dövlət Suverenliyi Günü bundan sonra da Azərbaycanda geniş qeyd olunacaq: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq”.

Dövlət Suverenliyi Günü qalib, güclü, müasir Azərbaycanın tarixində yeni siyasi rəmzdir. Bu əlamətdar tarixə gedən yol, əldə edilən hərbi-siyasi nailiyyətlər məhz Prezident İlham Əliyevin və qəhrəman xalqımızın sarsılmaz qətiyyətinin nəticəsidir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı, əldə olunan şanlı Zəfər sayəsində bu gün bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə, vüqarla dalğalanır. 

F.Abasoğlu

 

 

 

banner

Oxşar Xəbərlər