• şənbə, 13 Sentyabr, 06:37
  • Baku Bakı 17°C

Böyük Qayıdış uğurla davam edir

13.09.25 04:21 56
Böyük Qayıdış uğurla davam edir

Böyük Qayıdışın növbəti ünvanı Xocavənd rayonunun Hadrut qəsəbəsi və Xocalı rayonunun Badara kəndi olub. Bir gün əvvəl isə Xocalının Şuşakənd kəndinə ilk köç reallaşıb. Ağdərə rayonunun Vəngli kəndinə də 29 ailə - 105 nəfər köçürülüb. 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış uğurla davam etdirilir. Bərpa edilən və məskunlaşdırılan yaşayış məntəqələrinin sayı artır. 

Hadruta və Badaraya qayıtdılar

Sentyabrın 12-də Böyük Qayıdışın növbəti ünvanı Xocavənd rayonunun Hadrut qəsəbəsi və Xocalı rayonunun Badara kəndi olub. Bu ərazilərə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Badara kəndinə 14 ailə - 55 nəfər, Hadrut qəsəbəsinə isə 10 ailə - 41 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Şuşakənd də sakinlərini qarşıladı

Bir gün əvvəl isə Xocalının Şuşakənd kəndinə ilk köç olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Böyük Qayıdış çərçivəsində ilk mərhələdə kəndə 15 ailədən ibarət 59 keçmiş məcburi köçkün qayıdıb.

Mənzillərin açarları ailələrə təqdim edilib. Şuşakənd kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə müasir standartlara cavab verən yeni yollar çəkilib. Sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunublar. Bununla yanaşı, sosial obyektlərin fəaliyyətə başlaması üçün də zəruri şərait yaradılıb.
Tədbirdə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri tarixi dönüş münasibətilə təbrik edib, onlara doğma torpaqlarında firavan və əmin-amanlıq içində yaşamalarını arzulayıb.

Vəngliyə daha 29 ailə köçürüldü

Ağdərə rayonunun Vəngli kəndinə də növbəti köç reallaşıb. Buraya yeni köç edən ailələrə mənzillərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə Vəngli kəndinə 29 ailə - 105 nəfər köçürülüb. Ağdərəyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdimolunma mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, kənddə sakinlər üçün yaradılan şəraitdən danışıb. ANAMA-nın əməkdaşları sakinlərə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat veriblər. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə edilib.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərə qayıdış proqramı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Dövlət başçısı qayıdış prosesi reallaşan yaşayış məntəqələrinə dəfələrlə səfər edib, yaradılan şəraitlə yerində tanış olub, müvafiq tapşırıqlarını verib. 

F.Abasoğlu

 

banner

Oxşar Xəbərlər