• şənbə, 11 Oktyabr, 19:24
  • Baku Bakı 22°C

14 illik fasilədən sonra keçirilən ilk seçki 

11.10.25 02:44 240
14 illik fasilədən sonra keçirilən ilk seçki 

Suriyada 14 illik vətəndaş müharibəsindən sonra keçirilən seçkilərə münasibət fərqlidir. Təhlükəsizlik səbəbləri ilə Raqqa, Həsəkə və Süveyda əyalətlərində səsvermə məntəqələri qurulmayıb. Türkiyə nəticələrdən məmnun, İran narazıdır. 


Suriyada ötən bazar günü Bəşər Əsəd rejiminin istefasından sonra ilk dəfə qeyri-adi, maraqlı parlament seçkilərinin nəticələri elan olunub. Seçkilərdə təxminən 6000 regional seçki kollegiyası üzvləri yeni parlamentin (Xalq Məclisi) 210 deputatdan ibarət təxminən 2/3 hissəsinin formalaşdırılması prosesinin bir hissəsi olaraq əvvəlcədən təsdiqlənmiş siyahılardan namizədləri seçiblər. Suriya Prezidenti Əhməd Əl Şaraa sonradan qalan üçdə bir hissəni təsdiq edəcək. İlkin nəticələrə görə, 119 deputat seçilib, lakin onların aldığı səslərin sayı hələ göstərilmir. Hələbdən 30, Dəməşqdən 10, Dəməşq ətrafı rayonlardan 12, Homsdan 12, Hamadan 12, Latakiyadan 10, Tartusdan 2, Deyr-əz-Zordan 10, İdlibdən 12, Deradan altı və Kuneytrdən üç deputat seçilib. "Reuters"in seçki müşahidəçilərinin məlumatlarına əsaslanan hesablamalarına görə, yeni deputatlardan altısı qadındır. Onlar qeyd edirlər ki, ümumilikdə 10 yer dini və etnik azlıqlara məxsusdur. Qeyd edək ki, bu, Suriyada keçmiş dövlət başçısı Bəşər Əsədin devrilməsindən və Əhməd Əl Şaraanın hakimiyyətə gəlişindən sonra keçirilən ilk parlament seçkiləridir.

Suriyalılar üçün tarixi an

Suriyada 14 illik vətəndaş müharibəsindən sonra keçirilən seçkilərə münasibət fərqlidir. Tənqidçilər bildirirlər ki, təhlükəsizlik səbəbləri ilə Raqqa, Həsəkə və Süveyda əyalətlərində səsvermə məntəqələri qurulmayıb. Hakimiyyət mövcud proseduru seçməsini ölkədəki çoxillik vətəndaş müharibəsi səbəbindən etibarlı demoqrafik məlumatların olmaması ilə izah edib. Səsvermə zamanı Şaraa Dəməşqdəki Milli Kitabxananın seçki mərkəzində çıxış edərək, bu seçkiləri "suriyalılar üçün tarixi an" adlandırıb və hakimiyyətin cəmi bir neçə ay ərzində "hazırkı şəraitə uyğun" seçki prosesini təşkil etməyi bacardığını vurğulayıb. “Syria Direct” portalının yazdığına görə, seçki kampaniyası zamanı namizədlərin heç biri açıq təbliğat aparmayıb, böyük şəhərlərdə seçkiqabağı plakatlar, reklam lövhələri olmayıb. Səsvermə prosesinə Şaraa tərəfindən təyin edilən 11 üzvdən ibarət Ali Komitə nəzarət edib. Bu qurum öz növbəsində yerli hakimiyyətlə məsləhətləşmədən sonra regional seçici nümayəndələrini seçib. “Reuters”in məlumatına görə, namizədlər siyahısında 1578 nəfər olub, onlardan 14% qadınlar idi. Suriyanın ali seçki komissiyasının üzvü Həsən əd-Daqim "RİA Novosti"yə bildirib ki, devrilmiş rejimin tərəfdarlarına səs vermək və ya namizədliklərini irəli sürmək imkanı verilməyib.

Yeni parlamentin deputatlarının səlahiyyət müddəti cəmi 30 ay təşkil edir. Bu müddət ərzində onlar yeni seçki qanunu qəbul etməli və yenilənmiş konstitusiya hazırlamalıdırlar. 

Əhməd Əl Şaraa tələsir

Seçki günü Milli Kitabxanada rəsmilərlə bir araya gələn keçid administrasiyasının prezidenti, Təhrir əş-Şam (HTŞ) lideri Əhməd Əl Şaraa verdiyi açıqlamada Suriyanın içində olduğu həssas prosesə diqqət çəkərək bunları qeyd edib: “Müharibə və xaos şəraitindən qısa zamanda Suriya seçkiləri prosesinə keçid xalqımızın iradəsinin və dövlət qabiliyyətinin göstəricisidir. Bu, fərdi deyil, kollektiv səylərin uğurudur”. Şaraa, həmçinin Məclisin qanunvericilik vəzifələrinə yenidən başlaya bilməsi üçün millət vəkillərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: "Gözləməkdə olan qanunların və büdcə layihələrinin həyata keçirilməsi üçün Məclisi fəaliyyətə qaytarmalıyıq. Qanunların işləkliyini təmin etmək, hökumətə nəzarət etmək millət vəkillərimizin borcudur". 

Türkiyə məmnundur

Ölkənin qanunverici orqanında yer əldə edənlər arasında Suriya Türkmənləri Assosiasiyaları Federasiyasının sədri Tarık Sulo Cevizci də olacaq. 8 dekabr çevrilişindən sonra Suriyanın siyasi, iqtisadi və təhlükəsizliyinin yenidən qurulmasında mühüm rol oynamış lider ölkə olan Türkiyə də seçkilərin keçirilməsindən məmnundur. Xarici işlər naziri Hakan Fidan seçkilərin əhəmiyyətini vurğulayaraq, “bu, hökumətin Suriyada yeni bir həyat və sistemin qurulmasını elan etməsindən sonra, mahiyyət etibarı ilə institutsionallaşma kimi ikinci mühüm addımdır” deyib. Onun sözlərinə görə, hazırda Suriyanın fiziki bütövlüyünə təhlükə yaradan ünsürlər aradan qaldırılmalıdır. YPG indi niyyətlərini açıq şəkildə ifadə etməli və Dəməşqlə razılığa gəlməlidir. Bundan başqa, cənubdakı druz problemi ölkənin bütövlüyünü təhlükə altına atmadan, hər iki tərəfin məqbul perspektivi ilə müsbət şəkildə həll edilməlidir. 

Beynəlxalq media nə yazır?

Seçkilərə beynəlxalq reaksiyalar birmənalı deyil. Məsələn, CNN “narahatdır” ki, kürd və druz bölgələri bu prosesdən kənarda qalıb, dini və etnik azlıqlar üçün kvota olmayıb. Bu da yeni parlamentdə Suriya əhalisinin maraqlarının nə dərəcədə təmsil olunacağı suallarını yaradır. “Əl-Cəzirə” isə yazır ki, çatışmazlıqlara baxmayaraq, bu seçkilər suriyalılar üçün ölkənin çoxsaylı və əhəmiyyətli problemlərini həll etməyə başlaya biləcək bir qurumda təmsil olunmaq yolunda mühüm addımdır. “Jerusalem Post” isə yazır ki, bu seçki Dəməşq üçün mühüm addımdır:

“Ancaq fəsadlar da var. Yeni keçid hökuməti bütün Suriyaya nəzarət etmir, yəni ayrı-ayrı bölgələrdə seçkilərin keçirilməsi çox çətindir”. İranın “Bornna News” nəşri isə yazır ki, “yeni rejimin hakimiyyətə gəlişindən sonra keçirilən seçkilər bəzi ərəb dövlətlərinin sistemlərinin təkrarıdır: “Onlar demokratiya bayrağı altında saxlanılır, lakin Suriya xalqının parlamentdə heç bir real təmsilçiliyi yoxdur”. 
Nəticə etibarilə, bu seçkilər Suriyada yeni dövlətin inşası istiqamətində növbəti addımdır. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər