Müasir informasiya məkanında dini etiqad

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfransda ilahiyyatçılarla media nümayəndələri arasında koordinasiyanın vacibliyi xüsusi olaraq vurğulandı. Konfransda rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında da fikir mübadiləsi aparıldı.
Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində cəmiyyətimizin üzləşdiyi, həllini gözləyən problemlər də yenidən gündəmə gəlir. Bu problemlərin sırasında tez-tez rastlaşdığımız dini mövzulardakı kənaraçıxmalar, xurafat, insanların saf hisslərindən müxtəlif məqsədlərlə istifadə cəhdləri xüsusi yer tutur. Dindən siyasi məqsədlərlə istifadənin ciddi müzakirələrə yol açdığı bir zamanda bu problemin aktuallığı daha da artır. Dərhal da gündəmə dini savadlılığın artması, insanların maarifləndirilməsi kimi məsələlər gəlir.
Bu işlərin görülməsində təbii ki, mətbuatın da üzərinə xüsusi yük düşür. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Medianın İnkişafı Agentliyinin dəstəyi ilə iyulun 15-16-da Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirdiyi konfrans lap yerinə düşdü. "Global Media Group"un media dəstəyi ilə keçirilən konfransda müvafiq dövlət qurumlarının rəhbərləri, mətbuat nümayəndələri, ilahiyyatçılar, din xadimləri iştirak edirdilər. Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası, rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında fikir mübadiləsi aparıldı. Kifayət qədər səmimi ortamda, plüralizm şəraitində keçən müzakirələrdə bu sahənin idarə edilməsinə məsul olan dövlət məmurları, media nümayəndələri, elm adamları açıq fikir mübadiləsi apardılar.
Konfransın açılış mərasimində, panellərdə çıxış edənlər bu sahədəki durumu analiz edərək, həm problemləri qabartmağa çalışdılar, həm də çıxış yollarını göstərməyə cəhd etdilər.
Rəngarəng yanaşmalar, fərqli baxış bucaqları
Diqqət çəkən məqamlardan biri panellərdəki məruzəçilərin müxtəlif fikirli olmaları, mövzulara fərqli aspektlərdən giriş etmələri idi. Məsələn, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov mövzuya bəşəri dəyərlər prizmasından baxmağa çalışdısa, “Milli.az” saytının baş redaktoru Elçin Alıoğlu daha çox din xadimləri ilə bağlı yaşanan xoşagəlməzlikləri qabartdı. “Report İnformasiya Agentliyi” MMC-nin direktoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev dövlət qurumlarının və media orqanlarının problemin həllinə necə töhfə verə bilmələri barədə təkliflərlə çıxış etdi. Şair-yazıçı Şəhriyar Del Gerani din ocaqlarının həm də elm ocaqları kimi formalşmasının vacibliyinə toxundu. Moderator Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun paneldəki çıxışçıların vaxtilə mətbuatda verdikləri müsahibələrdən etdiyi çıxarışların mövzuya xüsusi maraq qatdığını vurğulamaq da yerinə düşərdi. Bir sözlə, təşkilatçılar tədbirin məzmunlu, müzakirələrin maraqlı alınması üçün əllərindən gələni etmişdilər.
Ən maraqlısı o oldu ki, tədbir boyu müxtəlif dünyagörüşlərinə malik qonaqlar arasında hər hansı ciddi fikir ayrılığı yaşanmadı. Hətta tədbirdə iştirak edən din xadimlərindən birinin həmkarları haqqında tənqidi fikirlərinə görə Elçin Alıoğluna təşəkkür etdiyinin də şahidi olduq. Mətbuatda, sosial şəbəkələrdə daim ateist fikirləri ilə populyarlaşan “azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov da çıxışları kifayət qədər tolerantlıq nümayiş etdirərək dinlədi.
Dini sferadakı problemlər səliqə ilə təsnifləndirildi
Müzakirələr nəticəsində cəmiyyətin dini sferada üzləşdiyi problemlər səliqə ilə təsnifləndirildi. Məsələn, əsas diqqətçəkən problemlərdən biri kimi dindən siyasi məqsədlərlə istifadə meylləri, xarici qüvvələrin bu alətdən istifadə etməklə Azərbaycanda nüfuz qazanmaq cəhdləri xüsusi olaraq qabardıldı. Çıxışçılar bu istiqamətdə dövlət qurumlarının, din xadimlərinin və medianın əlaqələndirilmiş fəaliyyətinə ehtiyac olduğu qənaətinə gəldilər. Milli Məclisin Şamaxıdan seçilmiş deputatı Tamam Cəfərova regionda yeni reallıq yaradan Azərbaycanın inkişafına əsas təhdidlər sırasında dinlə bağlı məsələlərin də yer aldığını vurğuladı. Qeyd etdi ki, mətbuat bu cür təhdidlərin qarşısında, din sahəsində maarifləndirmənin aparılmasında əhəmiyyətli iş ortaya qoymalıdır.
Dində xurafata qarşı mübarizə aktuallığını hələ də qoruyur
Digər bir problem kimi dində xurafat meylləri gündəmə gətirildi, bu istiqamətdəki problemlər çılpaqlığı ilə səsləndirildi. Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan mətbuatının əsas qayəsinin cəhalətə və xurafata qarşı mübarizə aparmaq olduğunu yada saldı və bu gün də bu missiyanın davam etdiyinə əminliyini ifadə etdi.
Başqa bir ciddi problem kimi cəmiyyətin ümumi savadlılığı, oxu mədəniyyəti ilə bağlı çatışmazlıqlar gündəmə gətirildi. İnsanların kitaba, oxuya yönəldilməsinin vacibliyi vurğulandı. Panel sessiyada çıxış edən şair-yazıçı Şəhriyar Del Gerani Azərbaycan məscidlərində kitabxanaların formalaşdırılmasını təklif etdi. Komitənin sədr müavini Gündüz İsmayılov ilin sonuna qədər 250-yə yaxın məsciddə bu cür kitabxanaların mövcud olacağını diqqətə çatdırdı.
Dinin ruhani gücü və medianın informasiya təsiri
Müzakirələr əsnasında son zamanlar mətbuatda dinin tənqidi ilə bağlı meyllərin artmasına da toxunuldu. Bunun bir tərəfdən faydalı olması qeyd edilməklə yanaşı, bəzən ifrata varıldığı da diqqətə çatdırıldı. Hətta bunun mövsümü dəb xarakteri almasını dilə gətirənlər də oldu. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirdi ki, din media vasitəsilə yalnız ibadət və mərasimlər kontekstində deyil, həm də sosial və mənəvi dəyərlər sistemi kimi təqdim edilir. Buna görə də dinin ruhani gücü və medianın informasiya təsiri arasında gözlə görünməyən, lakin çox sıx və möhkəm bağ mövcuddur: "Media və din ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır. Amma birlikdə olduqda bu təsir daha da güclənir və ictimai fikrə, mənəvi dəyərlərə, sosial münasibətlərə, cəmiyyətin ümumi inkişafına istiqamət verən amilə çevrilir".
Müzakirələrin gedişində dinin sağlam təbliğində medianın rolundan danışılarkən Baku TV-də yayımlanan “Amin” verilişinin adı müsbət mənada bir neçə dəfə qeyd edildi. "Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev bu verilişi yaxşı bir nümunə kimi təqdim etdi, burada mövzulara anlaşılan fəlsəfi dildə toxunulmasını alqışladı.
İlahiyyatçılarla media nümayəndələri arasında koordinasiya
Müzakirələrdə ilahiyyatçılarla media nümayəndələri arasında koordinasiyanın vacibliyi də xüsusi olaraq vurğulandı. Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov rəhbərlik etdiyi təhsil ocağının bu sahədə əməkdaşlığa hazır olduğunu bildirdi. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri və Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ayaz Mirzəyev qeyd etdi ki, Azərbaycan mediası milli maraqları və mənəvi dəyərləri hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, dövlətçiliyin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır. “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı da bu sahədə ayıq-sayıqlığın, həssaslığın artırılmasına ehtiyac olduğunu bildirdi: "Çünki sosial şəbəkələrdə adi məlumatlar belə çox ciddi manipulyasiya vasitəsinə çevrilə bilir".
İlham Quliyev
