• şənbə, 09 Avqust, 13:38
  • Baku Bakı 31°C

Milli Qəhrəmanın xatirə muzeyi açılıb

09.08.25 00:36 142
Milli Qəhrəmanın xatirə muzeyi açılıb

Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökümə Əliyevanın doğum günü qeyd edilib. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, AZAL nümayəndələri, həmkarları və rəsmi şəxslər iştirak ediblər.

Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü münasibətilə tədbir təşkil olunub. Həmçinin H.Əliyevanın ailəsinin təşəbbüsü ilə kənddə Milli Qəhrəmanın xatirəsinə yaradılan muzeyin açılış mərasimi keçirilib.

Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, AZAL nümayəndələri, həmkarları və rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, yaşasaydı, avqustun 8-də Hökümə Əliyevanın 34 yaşı tamam olacaqdı. Milli Qəhrəman Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. H.Əliyevanın valideynləri və qardaşı hazırda Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.

Ölməzlik qazanan qəhrəman

Milli Qəhrəmanın atası Cəlil Əliyev “Report”a qızının onun üçün ölməzlik qazanan bir qəhrəman olduğunu bildirib. O, qızının həlak olduğu təyyarə qəzasının səbəbkarlarının qanun qarşısında cavab verəcəklərinə inandığını vurğulayıb: “Qızım Hökumənin mənim ürəyimdə yeri əbədidir. Hökumənin onsuz keçirdiyimiz bu doğum gününü ürəyimdə qeyd edirəm. O, mənim üçün ölməzlik qazanan bir qəhrəmandır. Məlum hadisənin səbəbkarlarının qanun qarşısında cavab vermələrini istəyirik və inanıram ki, dövlətimiz buna nail olacaq. Başda Prezidentimiz olmaqla, bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsinə göstərilən hörmətə görə hamıya minnətdaram”.

Xatırladaq ki, H.Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

“Heyət üzvlərinin qəhrəmanlığı qeyd olunmalıdır”

Yeri gəlmişkən, H.Əliyevanın doğum günü münasibətilə Samux rayonunda keçirilən tədbirdə iştirak edən AZAL-ın vitse-prezidenti İlham Əmirov təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb. “İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib”, - o deyib.

Vitse-prezident H.Əliyeva ilə yanaşı, qəzaya uğrayan təyyarənin uçuş heyətinin bütün üzvlərinin qəhrəmanlıq göstərdiklərini qeyd edib: “Bu gün özü olmadan doğum gününü qeyd etdiyimiz Milli Qəhrəman Hökumə Əliyeva, həqiqətən, böyük qəhrəmanlıq göstərib. AZAL-a məxsus sərnişin təyyarəsinin havada ciddi zərər görməyinə baxmayaraq, uçuş heyəti böyük fədakarlıq göstərərək mümkün qədər az itki ilə təyyarəni idarə edə biliblər.

İdarəetməsi çətinləşən təyyarəni 1 saat 10 dəqiqə havada saxlamaq böyük peşəkarlıq tələb edir. Ona görə də heyət üzvlərinin qəhrəmanlığı qeyd olunmalıdır”.

 

banner

Oxşar Xəbərlər