• şənbə, 23 Avqust, 16:29
  • Baku Bakı 31°C

Məhsul ucuz, seçim çox 

23.08.25 03:46 136
Məhsul ucuz, seçim çox 

2025-ci ilin payız tədris mövsümünə yaxınlaşdıqca, məktəb ləvazimatları bazarında diqqətçəkən tendensiya müşahidə olunur. Qiymətlər keçən illə müqayisədə aşağı enib. Ekspertlər mövcud tendensiyanın dəyişə biləcəyini düşünürlər. 

Yeni dərs ilinə bir aydan az vaxt qalır. Valideynlər artıq məktəb bazarlığına start veriblər. Hər il olduğu kimi, bu il də onları xərclər düşündürür. Xüsusilə məktəbli formalarının qiyməti, keyfiyyəti və mövcud endirim kampaniyaları əsas maraq mövzularındandır. Dəftər-qələm, məktəbli geyimi, çanta və digər ləvazimatların alınması bu günlərdə ailə büdcəsinə ən çox təsir edən xərclərdən birinə çevrilib. Bəs, maraqlıdır, bir uşağı məktəbə hazırlamaq bu il neçəyə başa gələcək? 

“Bu il qiymətlər enib”

Valideyn Azər Rəhimov bu il iki övladını məktəbə hazırlayır və bazarda qiymətlərin münasib olduğunu deyir. Onun sözlərinə görə, bu il təkcə qiymətlər sabit qalmayıb, hətta müəyyən məhsullarda ucuzlaşma da müşahidə olunur: “İki uşağımın dəftər-qələm, yazı ləvazimatlarına cəmi 40 manat xərclədim. Ötən il bu qədər məhsula daha çox pul vermişdim. Geyimlər də ucuzlaşıb. Məsələn, şalvar və köynəklər ən aşağı 13 manatdan başlayır. Təbii ki, 70-80 manata qədər modellər də var. Əsas odur ki, bu il bazarda hər büdcəyə uyğun seçim mövcuddur”.  

Valideyn bildirir ki, bazarda Çin məhsulları çoxdur və rəqabət yarandığı üçün bu il endirimli qiymətləri müşahidə edirlər. Üstəlik, elektron ticarət də bu ucuzlaşmada mühüm rol oynayır. Elektron ticarətlə rəqabət aparan mağazalar da bazarda endirimlərlə sözünü deməyə can atır.

Məktəbli ləvazimatları neçəyədir?

Bazarda qiymətləri öyrənmək, bir uşağın məktəb xərclərini hesablamaq üçün məktəbli ləvazimatları satılan mağazaya üz tutduq. Qiymətlər isə belədir:

- dəftərlər 15 qəpik - 2,2 manat; 
- flomasterlər 90 qəpik -11 manat;
- karandaşyonanlar 30 qəpik – 4,3 manat; 
- penallar 1,9 - 30 manat;
- qələmlər 30 qəpik -7,9 manat; 
- su qabı 2,6 -11 manat... 

Məktəbli ləvazimatları arasında ən çox xərc tələb edən məktəbli çantalarının qiyməti isə 16 manatdan başlayır, 180 manata qədər davam edir.

Yəni, bir uşağın geyimdən əlavə məktəb ləvazimatları üçün valideyn minimum 20-25 manat xərcləməlidir. Ötən il isə bu rəqəm minimum 35-40 manat idi. Qiymətlər məhsulun keyfiyyəti, istehsal ölkəsi və brendindən asılı olaraq dəyişir. Bu müxtəliflik valideynlərə büdcələrinə uyğun seçim etməyə imkan verir.

8 manata köynək, 15 manata şalvar...

Yeni dərs ilinə hazırlıq zamanı valideynlərin ən çox diqqət yetirdiyi, şagirdlərin də həyəcanla gözlədiyi məqam məktəbli geyimlərinin alınmasıdır. Bu məhsullar həm qiymət, həm də çeşid baxımından geniş spektrə malikdir. Bazarda şalvarların qiyməti 10 manatdan başlayır, 80 manata qədər yüksəlir. Köynəklər 7-8 manatdan başlayır. Hətta sosial şəbəkələrdə üç manata təklif edilən köynəklərə də rast gəlmək mümkündür. Ətəklər 15 manatdan başlayaraq keyfiyyət və brendə görə 150 manata qədər qalxır. Qollu köynək və jaketlər isə əsasən 20 manatdan başlayır.

Bəs, görəsən, Bakı Tikiş Evinin (BTE) qiymət siyasəti bazarla necə uzlaşır?

BTE-nin şöbə müdiri Etibar Əzimov “Kaspi”yə açıqlamasında bildirdi ki, Bakı Tikiş Evi bu il məktəbli geyimlərində kifayət qədər ciddi endirimlər tətbiq edib: “Bütün qısaqol köynəklər 33% ucuzlaşaraq 12 manatdan 8 manata düşüb, uzunqol köynəklər isə təxminən 18% endirimlə 12 manatdan 10 manata enib, şalvar və ətəklərdə 25% endirim tətbiq olunaraq 20 manatdan 15 manata salınıb,  jaketlərdə də 33% endirim olunaraq qiymətlər 30 manatdan 20 manata qədər azaldılıb”.  

“Qiymətləri endirdik ki...”

BTE-nin nümayəndəsi bildirir ki, bu endirimlər valideynləri keyfiyyətsiz, mənşəyi bilinməyən məhsullardan çəkindirmək məqsədi daşıyır: “Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formalarında istifadə edilən materiallar standartlara uyğun olmalıdır. Köynəklər 100% pambıqdan, şalvar və ətəklər isə 60% yun, 40% polyester qarışığından hazırlanmalıdır. Təəssüf ki, bazarda bu tələblərə cavab verməyən, süni materiallardan hazırlanmış məhsullar satılır. Biz qiymətləri aşağı salaraq insanları keyfiyyətli və sertifikatlı məhsullara yönəltmək istəyirik”.

E.Əzimov əlavə edir ki, endirimlər müştərilər tərəfindən məmnuniyyətlə qarşılanır və satışlara da ciddi təsir göstərib: “Bu endirimlər iyul ayının 1-dən tətbiq olunub. 1 dəstdə ötən illə müqayisədə 17-18 manat endirim var”. 

Bazarı Çin məhsulları tutur

Marketoloq Elxan Mərdanlı da “Kaspi”yə açıqlamasında təsdiqlədi ki, 2025-ci ilin payız tədris mövsümünə yaxınlaşdıqca, Bakı bazarında diqqətçəkən tendensiya müşahidə olunur: “Dəftərxana ləvazimatlarının qiymətləri 2024-cü illə müqayisədə daha ucuzdur. Alıcıların gündəlik müşahidələri də bunu təsdiqləyir. Səbəbləri bir neçə istiqamətdə toplamaq mümkündür. Birinci istiqamət, Türkiyədən idxal bahalaşıb, bazar Çinə yönəlib. Çin şirkətləri müştəri itirməmək üçün topdansatış qiymətlərini kifayət qədər endiriblər. Bu isə idxal ölkələri, o cümlədən Azərbaycan üçün xeyli sərfəlidir. Beləliklə, Bakıya daxil olan dəftərxana mallarının maya dəyəri ötən illə müqayisədə daha ucuz başa gəlir”.

“Gündəlik istehlak xərcləri yüksəlib”

Qiymətlərin ucuzlaşmasında digər səbəb isə Bakı bazarında alıcılıq qabiliyyətinin zəifləməsidir: “Azərbaycan əhalisinin real gəlirləri artmadığı halda gündəlik istehlak xərcləri yüksəlib. Bu isə alıcılıq qabiliyyətini zəiflədir. Nəticədə, dəftərxana mağazaları dövriyyəni saxlamaq üçün qiymətləri aşağı salmağa məcburdur. Əks halda, satış həcmi daha da geriləyər. Satıcı üçün əsas məsələ stokun yığılmaması və dövriyyənin davam etməsidir”.

Tələb artdıqda, qiymətlər yüksələcək?

Marketoloqa görə digər səbəb tələbin gecikməsi və qiymətlərin hələlik sabit qalmasıdır: “Azərbaycan cəmiyyətində məktəb alış-verişinin ən son günlərə saxlanılması da bu mənzərəyə təsir edir. Avqustun sonu və sentyabrın əvvəllərində kəskin tələb artımı müşahidə olunmadığından qiymətlər stabilliyini qoruyur. Satıcı mövsümün pik günlərinə qədər qiymətləri yuxarı qaldırmaq üçün heç bir səbəb görmür. Bu faktorlar qısa müddətli sabitlik və ucuzlaşma yaratsa da, sentyabrın sonu və oktyabrda tələb artdıqda qiymətlərin müəyyən yüksəlişi mümkündür”.

Aygün Əziz

banner

Oxşar Xəbərlər