Biri var imiş, biri yox imiş...

Nağıllar bütün duyğu orqanlarını, yaradıcı işarələri işə salır, balacaların hələ kamilləşməmiş potensial imkanlarını bir araya cəm edib fərqli estetik çevrə yaradır. Bəlkə də nağıllar uşaqların estetik dünya ilə ilk təmasıdır.
“Nağıl danış mənə!”... Çox uşağın gecə yuxuya getməzdən əvvəl analarından istəyidir bu. Amma çox vaxt bu sadə istək təkcə uşağa deyil, onu danışan böyüyə də ünvanlanır. Çünki nağıl həm uşağın təxəyyül dünyasını bəsləyən fantaziya, həm də böyüyün yaddaşının dərin qatlarına toxunan bir çağırışdır. Nağıl mifdir, folklordur, milli-genetik kodumuzun əks olunduğu prosesdir. Amma o, həm də bir uşaq şirinliyi, bir xalqın həyat fəlsəfəsidir.
Uşaqların estetik dünya ilə ilk təması
Hər hekayənin fonunda cəmiyyətin sualları, vicdanın səsi, yaddaşın çəkisi gizlənir. Məhz bu səbəbdən nağıl nə vaxtsa yalnız uşaqlar üçün deyildi, həm də böyüyən insanın yol yoldaşı idi.
Nağıllar bütün duyğu orqanlarını, yaradıcı işarələri işə salır, balacaların hələ kamilləşməmiş potensial imkanlarını bir araya cəm edib fərqli estetik çevrə yaradır. Bəlkə də nağıllar uşaqların estetik dünya ilə ilk təmasıdır. Təhtəlşüurda yer almış nağıl presonajları oradan rəsmə, yazıya, yaxud musiqi notlarına köçürülməklə balacaların mənalar dünyasını yaradır. Onlar özünü kiməsə bənzədərək böyüyür, xəyallarındakı qəhrəmana doğru yol alırlar.
Böyüklər üçün fəlsəfə
Nağıllar ikili struktura malikdir: səthdə uşağı əyləndirən sadə süjet, dərinlikdə isə böyüyü düşündürən simvolizm. Bu ikili təbiət onları həm əyləncəli, həm də təlimverici edir.
Məsələn, Cırtdan - balaca, zəif, amma məğlubedilməz, əslində uşaq gözü ilə qəhrəman, böyük üçün isə ağıl və cəsarətin təcəssümüdür. Divin nəhəngliyi fiziki qorxunu, Cırtdanın cəsarəti isə mənəvi gücü simvollaşdırır. Burada çatdırılan əsas mesaj sadədir: ölçü və görünüş yox, mahiyyət və düşüncə qalib gəlir.
“Tülkü və keçi” nağılında da bu simvolizm açıq görünür. Tülkü ağlı, hiyləni, keçi isə sadəlövhlüyü və saf niyyəti təmsil edir. Amma həyatın sərt qanunları nağılda öz yerini tapır: ağıllı xilas olur, saf niyyətlə hərəkət edən isə cəzalanır. Bu, uşağa “ehtiyatlı ol” deməkdirsə, böyüyə “yalnız niyyət kifayət etmir, düşünmək də lazımdır” mesajıdır.
Xalqın özü ilə apardığı dialoq
Azərbaycan xalq nağılları – sadəcə əyləncə vasitəsi deyil, xalqın özü ilə apardığı dərin bir dialoqdur. Onlar xalqın mənəvi dəyərlərini qoruyur, formalaşdırır və ötürür.
Nağılın sonunda deyilən “Göydən üç alma düşdü...” ifadəsi isə bir şirin epiloq yox, bir dünya baxışıdır. Hər alma bir gerçəkliyi təmsil edir:
- Ədalət mümkündür.
- Yaxşılıq gec-tez qalib gələcək.
- Sevgi qorxudan güclüdür.
Bu mesajlar uşağın zehnində toxum kimi səpilir, illər sonra çiçək açır. Nağıl dünyası həm də əxlaqi sınaq meydanıdır. Burada qəhrəmanlar qarşısında həmişə seçim var: haqla nahaqqın, ağıl ilə gücün, sədaqətlə xəyanətin mübarizəsi.
Bu seçimlər real həyatda da qarşımıza çıxır. Nağıl bizə hazır cavab vermir, yalnız yön göstərir. O, mühakimə etməz, düşündürər. Qadın obrazları isə nağıllarda xüsusilə güclü və çoxşaxəlidir. Ana - şəfqət, nənə - hikmət, cadugər - qorxu və sirr, ağıllı qız - dəyişimin açarıdır. Bu obrazlar qadının cəmiyyətdəki və ailədəki müxtəlif rollarını və potensialını əks etdirir.
Rəqəmsal dövrdə klassik nağılın dirənişi
Bu gün uşaqlar ekran, smartfon, planşet qarşısında böyüyür, süni intellektlərlə ünsiyyət qurur. Amma nağıl hələ də uşaq təxəyyülünün doğma dilidir. Sadəcə, böyüklər nağıl danışmağı yaddan çıxarıb. Halbuki nağıl yalnız uşaq üçün deyil, ailənin iç ünsiyyətidir.
Uşaq psixoloqları da bunu təsdiqləyir: nağıl həm tərbiyə, həm bağ yaratmaq vasitəsidir. Valideyn nağıl söylədikcə uşaqla danışır, ona öz iç dünyasını, qorxularını, ümidlərini, dəyərlərini ötürür. Bu baxımdan, nağıl həm tərbiyə metodudur, həm də sevgi dilidir.
Filologiya elmləri doktoru, ədəbiyyatşünas, tənqidçi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova da deyir ki, nağıl yazan da, onu danışan da inanır ki, bununla uşaqlara tərtəmiz bir dünya yaradır: “Bu yaradıcı aləmdə böyüyən uşağın təfəkkür üfüqləri geniş, zəngin olacaq. Digər məsələ də var. Nağılla başlanan yolçuluq özündə yaddaş kodlarını daşıyacaq qədər sakral olacaq. Çünki “mifopoetik təfəkkürdən çağdaş zamana keçid mərhələsinin ən etibarlı məxəzidir nağıllar. Y.V.Çəmənzəminli demiş, “bu mədəniyyətin əsrarını bilmək üçün nağıl və əfsanələri unutmamaq lazımdır”.
Nağıl – xalqın vicdan səsi
Nağıl xalqın vicdan səsi, tarixin poetik yaddaşı, əxlaqın kodlaşdırılmış formasıdır. Nağıl danışmaq xatırlamaq, ötürmək və qorumaq deməkdir.
Nağılların sonu həmişə yaxşı bitir. Haqq, ədalət, sevgi qələbə çalır. Bəlkə ona görə ki, uşaqlar qaranlıqdan qorxurlar, onlar üçün işıq, çıxış yolu həmişə olmalıdır. Nağıllarımızdakı “işıq gələn, yoxsa it hürən tərəf” ziddiyyətinin uşaqların xeyrinə həll olunmasının sirri də elə bundadır. Çünki onlar belə olacağına inanırlar! Qoy hər kəs inansın və onun həyat nağılı işıqlı olsun!
Xanım Aydın
