Azərbaycanlı alim insan genini musiqiyə çevirir

Dünyada ilk dəfə olaraq azərbaycanlı alim elmlə incəsənətin birləşməsində, insan genomunun mürəkkəb quruluşunu musiqiyə çevirib. Pensilvaniya Universitetinin azərbaycanlı əməkdaşı Dr. Həsən Babazadə "FTIR əsaslı genomik DNT-nin səsləndirilməsi - ritmik allellərin səs düzülüşü" adlı məqaləsində Furye transformasiyalı infraqırmızı spektroskopiyadan istifadə edərək, genom DNT-sini səs landşaftlarına çevirən ritmik allellərin səs düzülüşü adlı riyazi-kibernetik konseptual platforma yaradıb.
Alim daha sonra toplanan DNT interferoqramlarını çoxmərhələli MIDI transformasiyası prosesi vasitəsilə fleyta, viola və faqotdan ibarət trio kamera musiqisi parçasına bəstələyib. Layihədə periferik qan mononuklear hüceyrələrdən alınan gen DNT-si materialı son spektroskopik texnologiyalar vasitəsilə təhlil edilib, vibrasiya məlumatları səs tembri, ritm və dinamika kimi musiqi elementlərinə çevrilib. Tədqiqat DNT-nin molekulyar vibrasiyalarını eşidilən nümunələrə çevirməklə, genomikanın görünməyən dünyası ilə insan idrakını birləşdirir və genlərin quruluşu ilə bağlı gizli xüsusiyyətləri üzə çıxarır. Sağlam və mutasiyaya uğramış genlərin fərqini ayrı-ayrı melodiyalar kimi eşitməyi və ya incə genom dəyişikliklərini səs vasitəsilə aşkar etməyə imkan yaradır. Bu interdissiplinar yanaşma biologiya, genetika, bioinformatika və bədii yaradıcılığı birləşdirərək tədqiqat, təhsil və hətta həyatın təməl daşları olan genlərdən ilhamlanmış musiqi üçün yeni alətlər təklif edir.
