Sürücülərin və piyadaların skuter problemi

Skuter sürənlərin yol hərəkəti qaydalarını pozması qəza risklərini artırır. Vəziyyət o həddə çatıb ki, artıq Baş Dövlət Yol Polisi İdarəsi buna reaksiya verib və skuterlə hərəkət edənlərə xəbərdarlıq edib.
Son illərdə Azərbaycanda, xüsusilə də paytaxt Bakıda elektrikli skuterlər və velosipedlər şəhər nəqliyyatında alternativ vasitə kimi geniş yayılıb. Bu nəqliyyat vasitələrinin sürətlə artması müsbət hal olsa da, təhlükəsizliklə bağlı yeni problemlər də yaradıb. Skuter sürənlərin yol hərəkəti qaydalarını pozması, piyadalarla eyni səkiyə çıxması, sükan arxasında qoruyucu vasitələrdən istifadə etməməsi və sürət həddini aşması qəza risklərini artırır. Vəziyyət o həddə çatıb ki, artıq Baş Dövlət Yol Polisi İdarəsi buna reaksiya verib və skuterlə hərəkət edənlərə xəbərdarlıq edib.
Skuter sürücülərinə cərimələr tətbiq olunur?
Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, skuterlər hazırda qanunvericilikdə “kiçik elektrik nəqliyyat vasitəsi” kimi tanınır. Onlar üçün ayrıca yol zolaqları tələb olunmur, velosiped zolaqları eyni zamanda bu tip elektrik vasitələrinin də hərəkəti üçün nəzərdə tutulub: “Əsas istifadəçi qrupu gənclərdir və təəssüf ki, onların bir qismi bu vasitələrə əyləncə obyekti kimi yanaşır, yol hərəkəti qaydalarını isə ya bilmirlər, ya da gözardı edirlər. Halbuki bu cihazlar artıq əyləncə vasitəsi yox, rəsmi nəqliyyat vasitəsi statusu alıb və onlara qarşı qanunla müəyyən cərimələr tətbiq olunur. Belə ki, skuter sürücüləri qayda pozduqda 40 manat, əgər bu pozuntu nəticəsində digər şəxsə və ya avtomobilə zərər dəyərsə, 150 manat cərimə nəzərdə tutulur. Bu da göstərir ki, məsuliyyət yalnız avtomobil sürücülərinin deyil, bütün yol istifadəçilərinin üzərindədir”.
Skuterlə bağlı sadə, amma vacib qaydalar
E.Cəfərovun sözlərinə görə, skuter sürənlərin əksəriyyəti sadə qaydalara əməl etmirlər: “Halbuki bu qaydalar onların öz təhlükəsizliyi və yol hərəkətində nizamın qorunması üçün nəzərdə tutulub. Skuterləri avtomobil yolunun sol və orta zolağında idarə etmək qəti qadağandır, yalnız avtomobil yolunun sağ zolağı ilə hərəkət etmək olar. Əgər velosiped zolağı varsa, ondan istifadə etmək tövsiyə olunur. Günün bütün saatlarında skuterin həm önündə, həm də arxasında fənərlər işlək vəziyyətdə olmalıdır. Skuter, velosiped və ya mopedlə sərnişin daşımaq qadağandır, bu vasitələr yalnız bir nəfər üçün nəzərdə tutulub”.
Effektiv və real yanaşma
Skuter sürücüləri üçün qeydiyyat, sığorta və ya lisenziya sistemi tətbiq olunması məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, skuter üçün qeydiyyat nömrəsi tətbiq etmək müəyyən problemlərə yol aça bilər: “Çünki bu, velosipedlərə də eyni tələbin qoyulmasını gündəmə gətirər və praktik baxımdan məntiqsiz görünər. Daha effektiv və real yanaşma maarifləndirmədir. Skuter sürənlər yol hərəkəti qaydaları barədə məlumatlandırılmalıdır. Skuteri icarəyə verən şirkətlər sürücüləri təlimatlandırmalı və mobil tətbiq vasitəsilə razılaşma formasını təsdiqlətməlidir. İstifadəçi tətbiqdə qaydaları oxuyub təsdiqlədikdən sonra skuterdən istifadə edə bilməlidir. Şəhər daxilində skuterin maksimal sürəti 15 km/saat ilə məhdudlaşdırılmalıdır. Bu, qəzaların və ağır nəticələrin qarşısını ala bilər”.
Yol iştirakçıları üçün ciddi təhlükə
Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov isə deyir ki, problemin kompleks şəkildə həm şəhərsalma, həm də nəqliyyat planlaşdırması səviyyəsində həllinə ehtiyac var: “Ümumilikdə, Bakı şəhərində nəqliyyat problemləri müəyyən qədər nəzərə alınaraq həll olunmağa çalışılır. Şəhərin tarixi və qədim struktura malik olması səbəbindən, nəqliyyatın planlaşdırılması əvvəldən düzgün şəkildə qurulmayıb. Son dövrlərdə mikromobillik məsələləri velosipedlər, skuterlər və s. aktuallaşıb. Amma bu yanaşma daha çox şəhərin mərkəzi hissəsində özünü göstərir və ümumi nəqliyyat sistemində əsaslı dəyişiklik yaratmır”.
Alim vurğulayır ki, velosiped və skuter zolaqları təhlükəsizlik təmin ediləcək şəkildə planlaşdırılmalıdır: “Hazırda bu zolaqlarda hərəkət edən velosiped və skuter sürücülərinin təhlükəsizliyi yetərincə qorunmur. Onların əksəriyyəti təhlükəsizlik üçün nəzərdə tutulan xüsusi geyim və qoruyucu vasitələrlə təmin olunmur. Bu isə həm onların özləri, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə yaradır. Şəhərin mərkəzində yaradılan zolaqlar müəyyən dərəcədə rahatlığı təmin etsə da, əslində böyük təhlükə potensialı daşıyır və bu problem gələcəkdə daha da dərinləşə bilər. Hazırda bu nəqliyyat vasitələrinə maraq nisbətən azdır, lakin yaxın gələcəkdə, xüsusilə müəyyən yaş qrupları arasında artacağı gözlənilir. Bu insanlar isə yol hərəkəti qaydalarını mütləq bilməli və onlara ciddi şəkildə əməl etməlidirlər”.
Nəqliyyat axınında xaotik vəziyyət
F.Eyyubovun sözlərinə görə, nəqliyyat axınına son illərdə skuterlər və velosipedlərin də əlavə olunması xaotik vəziyyət yaradır: “Bakıda nəqliyyat axını müəyyən struktura malikdir. Şəhərdaxili ictimai nəqliyyat xüsusi avtobus zolaqları ilə hərəkət edir. Şəxsi avtomobillər, kommersiya və xüsusi nəqliyyat vasitələri isə özlərinə məxsus idarəetmə prinsipi ilə yol şəbəkəsində iştirak edirlər. Bu axına skuterlər və velosipedlərin də əlavə olunması nəqliyyat axınında müəyyən xaotik vəziyyət yaradır. Çünki skuter və velosipedlərin hərəkəti digər nəqliyyat vasitələrinin hərəkətindən həm texniki, həm də hüquqi baxımdan fərqlidir. Onlar çox zaman sərbəst və qaydalara uyğun olmayan şəkildə hərəkət edirlər. İctimai nəqliyyatın məqsədi, marşrutu və fəaliyyət prinsipi aydındır, şəxsi və kommersiya nəqliyyatı da müəyyən qaydalara tabedir. Amma skuterlər və velosipedlərdən istifadə edənlərin əksəriyyəti bu vasitələrdən istirahət, əyləncə və ya qısa məsafəli hərəkət üçün yararlandığından onların hərəkəti sistemli və məqsədyönlü şəkildə tənzimlənmir. Bu isə şəhər nəqliyyatında nizamsızlıq və təhlükə yaradır”.
“Bu sahədə normativ baza yoxdur”
Fəlsəfə doktoru vurğulayır ki, statik formada çəkilən velosiped zolaqları vizual baxımdan səliqəli görünə bilər, amma real istifadədə təhlükəsizlik və səmərəlilik təmin olunmayıbsa, bu, risk doğurur: “Velosipedçilərin hərəkəti üçün nəzərdə tutulan yollar bəzi ölkələrdə tam təchiz olunub: xüsusi zolaqlar çəkilib, onlara aid işıqforlar quraşdırılıb. Eyni zamanda, bu hərəkətin hüquqi çərçivəsi də müəyyənləşdirilib. Təəssüf ki, Azərbaycanda bu sahədə kifayət qədər normativ baza və infrastruktur mövcud deyil”.
Aygün Əziz
