• cümə, 15 Avqust, 23:30
  • Baku Bakı 29°C

MTK-larla provayderlər arasında qarşıdurma

26.07.25 02:46 3613
MTK-larla provayderlər arasında qarşıdurma

Tikinti şirkətləri binaları tikərkən qənaət etmək məqsədilə daha aşağı keyfiyyətli kabellər quraşdırırlar. Bu vəziyyət sakinlərin sürətli internetə çıxışına və provayder seçiminə məhdudiyyətlər yaradır. 

"Bəzi tikinti şirkətləri provayderlər üçün texniki məhdudiyyət yaradır". Bu, Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş zamanı bildirilib. İKTA nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız dörd lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyət yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Halbuki 300, 500 və ya 1000 Mbit/s kimi yüksək sürətlər üçün ən azı səkkiz lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur. Qeyd edək ki, bu mövzuda artıq bir neçə dəfə görüş keçirilib. Lakin hələ də məsələ öz həllini tapmayıb. Tikinti şirkətlərinin tətbiq etdiyi məhdudiyyətə səbəb nədir? 

“MTK-lar öz provayderlərini yaradırlar”

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, burada iki nəzərə alınmalı məqam var: “Hansı ki, bəzi binalar çoxdan təhvil verilib. Onlar inşa olunan dövrdə fiber optik kabellər yox idi. Provayderlərin də sayı həmin dövrdə çox az idi. Son dövrlərdə isə onların sayı xeyli artıb. Bu isə bazarda ciddi rəqabətə gətirib çıxarır. Rəqabət o qədər güclüdür ki, binalara, komendantlığa pulsuz internet təklif edirlər. O zaman seçim başlayır. Bəzi hallarda MTK-lar həm də provayder yaradırlar. Yəni binalarında özlərinə aid, yaxud yaxın olan şirkətlərə icazə verirlər. Tikinti şirkətlərinin çox az hissəsi provayderlərə azadlıq verir”. 

F.Xəlilovun fikrincə, bu vəziyyətə səbəb qanundakı boşluqlardır: “MTK-lar haqqında qanuna görə, tikinti bitdikdən sonra onların fəaliyyəti dayanmalıdır. Sakinlər özləri xidmət göstərən şirkət yaratmalıdırlar. Bu halda provayderlərini də özləri seçirlər. Amma əksər hallarda MTK-lar tikintidən sonra da fəaliyyətlərini davam etdirirlər. Onların da çox az hissəsi tenderlə ən güclü provayderi seçir. Əksəriyyəti maraqları olan şirkətlərlə işləyirlər”. 

“Maksimum qənaət etmək istəyirlər”

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, tikinti şirkətləri bina tikərkən maksimum qənaət etmək istəyirlər. O səbəbdən də daha aşağı keyfiyyətli kabellər quraşdırırlar: “Onların məqsədi yüksək keyfiyyətli internet vermək deyil. Çünki bilirlər ki, onlar hansı şəbəkəni istəsə, həmin provayder fəaliyyət göstərəcək. Tikinti şirkətləri monopolist yanaşma aparırlar. İstifadəçi şikayət etsə belə, heç nə edə bilməyəcək”. 

F.Kazımovun fikrincə, MTK-ların aldığı avadanlıqlar olduqca məhduddur. O səbəbdən də onlarla güclü internet şəbəkəsi əldə etmək mümkün deyil: “Məsələn, Böyük Britaniyada bir neçə il öncə evlərə çəkilən internetdə maksimal hədd 500 meqabit idi. Amma hazırda 1600-dür. Bizdə isə provayderlər texniki cəhətdən inkişaf etsə də, binada həmin interneti qəbul edəcək avadanlıq yoxdursa, sürətli internet vermək mümkünsüz olur. Sakinlərin isə seçimi yoxdur. MTK-ların yaratdığı provayder xidmətləri də çox zəif olur. Hansısa fəsad olduqda, təmir edəcək mütəxəssisləri yoxdur. İri provayderlər isə daha yüksək səviyyədə xidmət təqdim edirlər”. 

“Bu zaman MTK-lar məcbur qaydalara riayət edəcək”

Müsahibimiz bildirdi ki, əksər dünya ölkələrində bu xidmətlər qurumlar tərəfindən həyata keçirilir: “Ölkəmizdə bu məsələlər tam olaraq tənzimlənmir. Əslində aidiyyəti orqanlar tərəfindən xüsusi qaydalar təsdiqlənməlidir. Çünki tələblər dəyişir. Tələb olmalıdır ki, müasir kabellər çəkilsin. Böyük Britaniyada heç bir tikinti şirkəti özü kabeli çəkmir. Xüsusi şəbəkəyə, internetə aid qurumlar var. Həmin qurum internet kabeli çəkilməsini həyata keçirir. Provayder də gəlib həmin şəbəkəyə öz avadanlığını quraşdırır. Yəni texniki olaraq heç bir provayder gəlib özbaşınalıq edə bilmir. Bu səbəbdən mövcud durum tənzimlənməli, reqlamentləşməlidir. Bu zaman MTK-lar məcbur olub qaydalara riayət edəcək”.

“Komendantlar pul istəyirlər”

İnşaat və əmlak məsələləri üzrə ekspert Elnur Azadovun fikrincə, provayderlərin çox olması yaxşı haldır. Amma onların çoxluğu bəzi özbaşınalıqlara da yol açır: “Provayderlərin köhnə binalara daxil olması, orada müəyyən xətlər çəkməsi şəffaf şəkildə aparılmır. Binalarda maksimum iki ya üç provayder olur, onlar da böyük və tanınmış şirkətlərdir. Yenitikili binalarda isə provayderlər sərbəst şəkildə xidmətlərini təqdim edə bilmirlər. Çünki komendantlar binaya hansısa provayder daxil olmaq istədikdə onlardan müəyyən pul tələb edirlər”.

E.Azadov da düşünür ki, bu hal qanunvericilik və tikinti normalarında əksini tapmadıqca, həll edilməyəcək: “Bu məsələ tikinti və şəhərsalmaya aid qanunvericilikdə, inşaat normativlərində öz əksini tapmalıdır”. 

"İndiyə qədər bu məhdudiyyətin mövcudluğu hiss olunmurdu"

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, indiyə qədər bu məhdudiyyətin mövcudluğu hiss olunmurdu. Çünki yaxın zamanlara qədər internet xidmət provayderləri (ISP) əsasən 50 Mb/s civarında sürət təklif edirdilər: “ISP-lər daha yüksək internet xidmətləri təklif etməyə başladıqda isə daxil olan şikayətlərin öyrənilməsi zamanı bu cür hallar olduğu aşkarlandı. Bu, ciddi bir problem deyil, aradan qaldırılması mümkün olan haldır. ETTH texnologiyası ümumi abonent bazasının ~15 faizini təşkil edir və ISP-lər bu texnologiyanı aktiv elementlərin iştirakı ilə qurduğundan, daha çox texniki baxım tələb etdiyi səbəbindən tədricən GPON texnologiyası ilə əvəz edirlər. Bu məlumat vətəndaşlarımızın məlumatlandırılması və maarifləndirilməsi məqsədilə paylaşılır ki, problemin səbəbini axtararkən bu halı da nəzərdən keçirsinlər”. 

Qurumdan verilən məlumata görə, internetin zəif olmasının səbəbi həm provayderdə, həm də istifadəçinin avadanlığında ola bilər: “Bu, istifadəçilərin kompüterlərinin əməliyyat sistemlərindən, lisenziyasız proqramlardan, istifadəçinin istifadə etdiyi müxtəlif təhlükəsizlik sistemi (firewall) və antivirusların tətbiqi, müxtəlif proqramların avtomatik yenilənməsi və s. hallardan qaynaqlana bilər. Lisenziyasız əməliyyat sistemləri daha tez-tez yenilənmələr tələb edirlər. Bir çox hallarda istifadəçilər bu prosesi axşam saatlarına planlayır və ya evdə rəqəmsal avadanlıqların aktiv saatları axşam saatlarına təsadüf etdiyindən bu yeniləmələr o vaxtlarda baş verir. Mobil telefonlarda xüsusilə yaddaş kartının dolması da buna səbəb ola bilir. Ümumiyyətlə, vətəndaşlar kompüter və telefon qurğularında mütəmadi profilaktik təmizləmə işləri aparmalı, yaddaşı lazımsız proqramlardan azad etməli, proqramların yeniləmə saatlarını isə nəzarətdə saxlamalıdırlar. Arxa fonda lazımsız olaraq aktiv fəaliyyət göstərən proqramları söndürmək lazımdır və s. “Wi-Fi” modemlərini quraşdırarkən düzgün planlanmalı, mənzilin həndəsi ortasında yerləşdirilməlidir. Bir blokda bir neçə mənzil vardır. Əksər mənzillərdə abunəçilər modemi qapıya yaxın yerləşdirir, kanallar idarə olunmadığından biri-birinə maneələr (interferensiya) yarada bilir. Həmçinin istifadə olunan köhnə “Wi-Fi 4” modemləri və köhnə cihazlar sürətin azalmasına səbəb olur. “Wi-Fi 5” və “Wi-Fi 6” avadanlıqlarının istifadəsi tövsiyə edilir. Təbii ki, qeyd olunduğu kimi, ISP-lərdən qaynaqlanan səbəblər də istisna deyil. Ümumiyyətlə, hər bir şikayət lokallaşdırılmalı və fərdi baxılmalıdır. Bunun üçün istehlakçılar “E-Şikayət” üzərindən şikayətlərini və səbəbini ətraflı təqdim edə bilərlər”.

Məlumat üçün bildirək ki, İKTA tərəfindən 2023-cü ilin noyabrında istifadəyə verilən “E-Şikayət” sistemi vasitəsilə telekommunikasiya və poçt sahələri üzrə şikayətlərin qəbulu həyata keçirilir. Bunun üçün istehlakçılar https://e-complaint.icta.az saytına daxil ola, yaxud “Android” və ya “iOS” əməliyyat sistemli cihazlarına “E-Şikayət” adlı mobil tətbiqi yükləyə bilərlər.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər