• çərşənbə, 03 Iyul, 01:40
  • Baku Bakı 22°C

Mövsümün qəhrəmanlarına çevrilənlər

18.05.24 00:29 2293
Mövsümün qəhrəmanlarına çevrilənlər

Bu mövsüm də Avropa liqalarında yeni kəşf olunan ulduzlar oldu. Virts, Bellinqem kimi parlayan ulduzlar komandalarının uğurlarında böyük rol oyandılar. Dünyanın ən böyük futbolçu istehsalçılarından olan “La Masiya” da bu mövsümü boşa vermədi.

Avropa liqalarında 2023/24 mövsümü sona yaxınlaşmaqdadır. “Böyük beşlik”də Almaniya, İtaliya, İspaniya və Fransada çempion artıq müəyyənləşib. Yalnız İngiltərədə qalib son turda müəyyənləşəcək. Bu yazıda mövsümün parlayan, yeni kəşf olunan ulduzlarından bəhs edəcəyik.

“Bayer”in liderinə çevrilən gənc

Avropada mövsümün ən parlaq komandası, şübhəsiz, “Bayer”dir. Almaniyada “Bavariya”nın hegemonluğuna son qoyan Leverkuzen təmsilçisi mövsümü məğlubiyyətsiz bitirməyə çox yaxındır. “Bayer”in ən parlaq siması isə Florian Virtsdir. Cəmi 21 yaşı olan hücumameyilli yarımmüdafiəçi bu il bütün turnirlərdə 46 oyun keçirib, 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Virts bir çox qarşılaşmada komandanın xilaskarı rolunu oynayıb, leverkuzenlilər məhz onun sayəsində uğurlu seriyanı qorumağı bacarıblar. Virts oyunu ilə Avropanın top klublarının diqqətini çəkə bilib. Onun bazar dəyəri 110 milyon avrodur.

“Real Madrid”in rekordçusu

İspaniya La Liqasının çempionu olan və Çempionlar Liqasında finala yüksələn “Real Madrid”də mövsümün tapıntısı Cud Bellinqemdir. Keçən ilin yayında Dortmund “Borussiya”sından 103 milyon avroya transfer olunan ingiltərəli yarımmüdafiəçi xüsusən mövsümün əvvəlindəki çıxışı ilə azarkeşlərin sevgisini qazanmağı bacardı. “Kral klubu”nun tarixinə hətta Kriştiano Ronaldodan daha yaxşı startla düşən və ardıcıl rekordlar qıran Bellinqem çempionluq mövsümündə La Liqada komandanın ən yaxşı bombardiridir.

O, rəqib qapılarına 19 dəfə yol tapmaqla uğurda böyük pay sahibi olub. Ümumən “Real”ın əvəzedilməz oyunçularından olan Bellinqem möhtəşəm mövsümün əsas memarlarındandır. Performansı ilə qiymətini 60 milyon avro artıran Cud hazırda dünyanın ən bahalı futbolçularındandır. Onun dəyəri 180 milyon avrodur.

“La Masiya” fasilə vermir

Dünyanın ən böyük futbolçu istehsalçılarından olan “Barselona”nın akademiyası - “La Masiya” bu mövsümü də boşa vermədi. Yenidən bir neçə gənc oyunçu Kataloniya təmsilçisinin əsas komandasına yüksəldi. Xavi çətin zamanlarda vunderkindlərə güvəndi və onlar bu şansdan yararlanmağı bacardılar.

Ən çox diqqət çəkən, şübhəsiz, Lamin Yamaldır. Klubun əfsanəsi Lionel Messiyə bənzədilən 16 yaşlı istedad debüt mövsümündə əla performans sərgiləyir. Bir çox ilkə imza atan Yamal 47 qarşılaşmada şans qazanıb və bu görüşlərdə 7 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, o, dəyərini 75 milyon avroya qədər yüksəldə bilib. 16 yaşda bu cür performans göstərə bilməsi Yamalın gələcəkdə “Barsa”nın liderlərindən olacağını düşünmək üçün əsas verir.

Katalonlarda diqqət çəkən daha iki ad isə Pau Kubarsi və Fermin Lopezdir. Kataloniya təmsilçisinin azarkeşlərinin bu iki gənc oyunçuya da ümidləri böyükdür.

“Çelsi”nin ən doğru transferi

Son illər transferlərə fantastik məbləğlər xərcləyən “Çelsi”nin bunun qarşılığını tam aldığını söyləmək olmaz. Komanda Premyer Liqada çempionluq mübarizəsindən çox uzaq düşüb. Tod Boelinin kluba sahiblənməsindən sonra isə transferlərə bir milyard avrodan çox vəsait xərclənib. Maraqlıdır ki, onların arasında ən uğurlusu heç də ən bahalı olan deyil. Keçən yay 47 milyon avroya “Mançester Siti”dən transfer edilən Kol Palmer “zadəganlar”ı çiyinlərində daşıyır. Premyer Liqada 21 qol vurub, 10 assist edən ingilis bombardirlər yarışında yalnız Erlinq Holandan geri qalır. Bu gedişlə Palmer hələ uzun illər “Çelsi”nin əsas simalarından olacaq.

Ulduzu gec parıldayanlar

Mövsümün tapıntıları arasında xüsusi diqqət çəkən iki ad var. Bunlar Viktor Dyokereş və Artyom Dovbikdir. Dyokereş İngiltərə Çempionşip klubu “Koventri”dən transfer olunduğu Portuqaliya “Sportinq”ində fantastik mövsüm keçirir. Ölkə çempionatında 32 oyunda fərqlənən 25 yaşlı isveçli 27 qol vura bilib. O, “Sportinq”in çempionluğunda böyük pay sahibidir.

Ukraynalı Artyom Dovbik isə “Jirona”nın nağıl kimi davam edən mövsümünün əsas fiqurlarındandır. 26 yaşlı hücumçu keçən yay “Dnipro-1”dən La Liqa klubuna transfer olunub. Orada gözləntilərdən daha yaxşı çıxış edən forvard 20 qolla çempionatın bombardiridir. “Jirona” isə Çempionlar Liqasına vəsiqəni təmin edib və bürünc medal qazanmağa çox yaxındır.

“Köhnə qitə”də iki türk

Bu mövsüm iki türkiyəli oyunçu da Avropada parlamağı bacardı. Düzdür, ola bilsin ki, Arda Gülerdən “Real Madrid”də gözləntilər daha böyük idi. Lakin onun çıxışını zəif adlandırmaq da olmaz. 19 yaşlı oyunçu az şans qazansa da, meydana çıxdığı oyunlarda xoş təsir bağışlayıb. Arda bu mövsüm dörd qol vurmağı bacarıb.

“Yuventus”da isə Kenan Yıldız parılmağa başlayıb. Klubun gənc komandasından yüksələn 19 yaşlı oyunçu tez bir zamanda A Seriyasında oyunu ilə diqqət çəkməyi bacardı. Xüsusən, komandanın yüksəlişdə olduğu mövsümün ortalarında Kenanın performansı da zirvəyə yüksəlmişdi. Sonradan zədə səbəbindən bir qədər kölgədə qalsa da, bu mövsüm 3 qol vurması və ümumən sərgilədiyi oyun Turin klubunun azarkeşlərində ona sevgi yarada bilib.

banner

Oxşar Xəbərlər