çərşənbə, 01 Fevral, 23:25

Baku Bakı 6°C

Mövcud siyasi sistem daha da təkmilləşəcək - ŞƏRH

icon 576 icon 26 noyabr 2022 | 19:30 Mövcud siyasi sistem daha da təkmilləşəcək - ŞƏRH

Ölkəmizdə mövcud bütün siyasi partiyaların fəaliyyəti 30 il bundan əvvəl qəbul edilmiş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Ötən müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında, siyasi münasibətlərdə köklü dəyişikliklər baş verib.

Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.

Deputatın sözlərinə görə, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılması ölkəmizdə aparılan siyasi islahatların davamı və zamanın tələbi idi. Çoxpartiyalı sistemin daha möhkəm əsaslar üzərində qurulması, demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişaf etdirilməsi yeni qanunun hazırlanmasını zəruri etdi. Hazırlanan yeni qanun layihəsinin dövrün tələblərinə cavab verməsi üçün Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib. Beləliklə, 47 siyasi partiyanın 250-dən çox təklifi əsasında hazırlanan yeni qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaqdır.

Yeni qanun hazırlanarkən Avropa ölkələrinin mütərəqqi qanunvericiliyinin təcrübəsinin öyrənildiyini diqqətə çatdıran P. Kərimzadə bildirib ki, yeni qanun layihəsində siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapır.

Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanun layihəsində ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm təmsil olunmayan partiyaların iştirak etməsi, ictimai müzakirələr zamanı səsləndirdikləri fikirlərin, təkliflərin sənəddə öz əksini tapması siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. Eyni zamanda, yeni layihədə siyasi partiyalara sənədlərin toplanması ilə bağlı verilən müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər azaldılıb.

“Layihəyə edilən dəyişikliklərin siyasi partiya rəhbərləri və nümayəndələrinin, eləcə də, QHT-lərin iştirakı ilə keçirilən ictimai dinləmələrdə müzakirə edilməsi Milli Məclisin ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zamanı ictimai rəyin öyrənilməsi xüsusi ilə diqqət mərkəzində saxlanılır. Bir sözlə, yeni qanun layihəsi islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət edəcək.

Qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələblərinə tam cavab verir. “Siyasi Partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanda mövcud siyasi sistemin daha da təkmilləşməsinə xidmət göstərəcək. Bu qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaq”, - deyə Pərvin Kərimzadə vurğulayıb.