• cümə, 18 Oktyabr, 07:09
  • Baku Bakı 17°C

Meydanda sahibsiz qalanlar 

27.07.24 04:21 2677
Meydanda sahibsiz qalanlar 

Ermənistanın hazırkı iqtidarı Qərbin maraqlarını həvəslə təmin etdiyi üçün digər müxalif qüvvələr Avropa və ABŞ-də oturanlar üçün o qədər də əhəmiyyət kəsb etmir. Qısacası, hakimiyyətə yiyələnən Paşinyan bütün resurslardan istifadə edərək müxalifətin qol-qanadını sındırıb.

Son illər ərzində gedən siyasi proseslər sübut edir ki, bu gün erməni müxalifəti heç kəsə lazım olmayan, pafos və quru bəyanatlarla kreslo davası döyən, xalqın etimadını qazana bilməyən başıpozuqlar dəstəsindən ibarətdir. Hazırda bir sıra müxalif qurumun Kanadadan çirkin əməllərinə görə qovulan Baqrat Qalstanyanın ətrafında toplanması, avantürist keşişə can-başla xidmət etməsi də bu fikri sübut edir. Əvvəlki illərdə erməni müxalifəti Qərbin müəyyən siyasi dairələri tərəfindən dəstəklənsə də, son illər bu sahədə ciddi geriləmə var. 

Qərbdən Ermənistana qrant axını dayanıb

Faktlara müraciət edək, son dövrlər Qərbdən axan qrantlarda ciddi azalma müşahidə edilir. Son bir ildə, xüsusən də 2024-cü ilin yanvar ayından sonra bu azalma artan tendensiya ilə davam edib. Qeyd etmək yerinə düşər ki, Qərb açıq şəkildə bildirir ki, bu gün Ermənistan onlara Rusiyanı Qafqazdan qoparmaq üçün lazımdır. Qərbdə Ermənistana illərlə göndərilən qrantlardan qidalanan strukturların effektivliyindən də kifayət qədər ciddi narazılıq var. Son dövrlər müxalifətyönümlü bir neçə təşkilat layihələr həyata keçirmək üçün müraciət etsələr də, onlara pul verilməyib. Qərb yalnız anti-Rusiya əhval-ruhiyyəsini artırmağa maliyyə ayırır. Bu sahədə isə Paşinyan komandasının əlində olan media resursları öncüllük edirlər. Ona görə də müxalifətə ayrılan “pay” getdikcə azalır. Ermənistanın ikinci prezidenti Robert Köçəryana bağlı media isə anti-Rusiya isteriyasına maraq göstərmir.

Paşinyan müxalifəti “sındırıb” 

Ermənistanın ikinci və üçüncü prezidentləri dövründə həm şimal, həm də qərbyönlü müxalifət mövcud idi. Nikolun 2018-ci ildə Sorosun dəstəyi ilə baş tutan macərası hər iki qütb üçün imkanlar pəncərəsi kimi qəbul edildi və bu, Serj Sarqsyanın istefası ilə nəticələndi. Serjikin istefa verən zaman “mən daha güclü qüvvələrə uduzdum” fikri əslində erməni müxalifətinə Qərbin güclü dəstəyinin olmasına işarə idi. Bu gün isə bu qüvvə iqtidardadır və Qərbin bütün maraqlarını təmin etdiyi üçün digər müxalif qüvvələr Avropa və ABŞ-də oturanlar üçün o qədər də maraq və əhəmiyyət kəsb etmir. Qısacası, hakimiyyətə yiyələnən Paşinyan bütün resurslardan istifadə edərək müxalifətin qol-qanadını sındırıb. Ermənistanın siyasi dustaqlar həbsxanasına çevrilməsi də bu fəaliyyətin nəticəsidir. 

Qərbin hakimiyyətdəki nəzarətçiləri

2020-ci ildən sonra Ermənistanda maraqlı vəziyyət yaranıb. Ortaya çıxan siyasi güc Nikol Paşinyana nisbətən daha ifrat qərbpərəstlər idi. Bunların sırasına Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı, hakim partiyanın bir hissəsini, bəzi QHT-ləri və müxtəlif media orqanlarını əlavə etmək olar. Siyasi kulislərdə gəzən söhbətə görə, Armen Qriqoryan Nikol Paşinyanın alternatividir və planlar baş tutmadığı təqdirdə, baş nazir postundan uzaqlaşdırılacaq, yerinə Armen Qriqoryan təyin ediləcək. Bu da maraqlı bir faktı ortaya çıxarır ki, əslində belə bir namizəd müxalifət arasında yetirişdirilməli olsa da, Qərbin siyasi dairələri  erməni müxalifətini yox, yenə də iqtidarı seçib. Bu, bir daha erməni müxalifətinin gərəksiz olduğunu sübut edir. İqtidar isə müxalifəti rusiyayönümlü olmaqda ittiham edir, bütün siyasi hərəkatların arxasında Kremlin dayandığını iddia edir. Amma Ermənistanda Köçəryandan başqa heç bir titullu müxalifət nümayəndəsinin Moskvada siyasi dayağı yoxdur.

Partiyalara cəriməli xəbərdarlıq 

Erməni siyasi arenasında bütün siyasi qüvvələr diqqətlərini 2026-cı ilə planlaşdırılan seçkiyə yönəldib. Hakim partiya artıq gizli toplantılar keçirir, planlar cızır. Müxalifət qanadı isə Baqratın sentyabr ayına söz verdiyi gurultulu aksiyalara ümid edir. Bu səbəbdən də müxtəlif vilayət və regionlarda görüşlər keçirilir. Bu görüşlərdə Paşinyandan narazı olan şəxslərin ön plana çıxması da diqqətdən yayınmır. Bununla belə, “Vətəndaş müqaviləsi” əlində olan gücdən istifadə edərək partiyaları indidən sıxışdırmağa başlayıb. Bir neçə gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komissiyası 13 partiyanı cərimələyib. Bu o deməkdir ki, seçki yaxınlaşdıqca təzyiqlər daha da artacaq. 

Digər dövlətlərin maraqları

Region ölkələrinin də erməni müxalifətə ciddi dəstəyi yoxdur. Məsələn, İran hazırda erməni siyasi elitası ilə münasibətlərini normal qurub, istədiyi layihəni həyata keçirir, ticarət əlaqələrini genişləndirir. Gürcüstan da eyni tendensiyanı yaşayır. Türkiyə üçün isə Ermənistan əhəmiyyətli ölkə sayılmır və dəfələrlə rəsmi şəkildə bəyan edilib ki, Azərbaycanla münasibətləri normallaşdırdıqdan sonra iki ölkə arasında əlaqələr yarana bilər. Rusiyaya gəldikdə isə, ilk yada düşən Robert Köçəryan olur. Amma siyasətin zibilliyinə atılan, illərdir adı korrupsiya və kriminal qalmaqallarında çəkilən Köçəryana xalq artıq etimad etmir. Tavuş arxiyepiskopunun başlatdığı “Vətən naminə Tavuş” hərəkatına ilk gündən dəstəyini bildirən sabiq prezident meydanlara kifayət qədər adam yığa bilməmişdi. Moskvadakı bəzi siyasi dairələr hərəkata dəstək göstərə bilər. Amma bu dəstək sırf Ermənistanda siyasi xaos yaratmaq üçündür...

F.Abbasoğlu

banner

Oxşar Xəbərlər