Mesaj

Orxan [07:01] Dünən çox içdim. Evə Şərifin
maşınında gəlmişəm. Maşının rəngi yadıma düşmür! Sən canın, işə gedəndə öyrən,
yaz mənə. Xatırlamadığım şeylər var. Kafedən necə çıxdım, evə necə çatdım və
nələr baş verdi ki, hazırda çarpayımda belə rahat-rahat uzanıb sənə yaza
bilirəm. Çoxdan idi gecələr gözümə yuxu getmirdi. Bu gecə rahat yatdım. İçkinin
mənə pis təsir elədiyini deyə bilmərəm. Dünən məclisdə necəydim? Kimin xətrinə
dəydim? Kimdən üzr istəyim?
Orxan Həsəni
Orxan [07:17] Şübhəsiz, yenə içmək istəyirəm.
Bu dəqiq belədir. Universitet bitir, doğmalar yad olur, dostluqlar ad olur...
qəfil. İkinci kursda yaşadığım kirayə evi söküb yerində hündür bina tikməklə
xatirələrin etibarsızlığını sübut etdi Bakı. Lakin Bakının dar dalanlarında,
geniş küçələrində salıb itirdiyim xatirələrin hamısı gəzib-gəzib, döngələri
burulub-burulub o evə qonaq gəlirdi və hamısı o evin sakinləriydi, səhər
əl-üzlərini yuyub o evdən çıxmışdılar, gecələr piyan gəlmişdilər, ayıq
gəlmişdilər, o evin qapısı həmişə açıq olmuşdu.
Orxan [07:20] O evə Ğ da gəlirdi.
Etibarsızlaşdıqca etibarsızlaşan Bakının KFS loqosu kimi qırmızı-qırmızı
gülümsəyən adamlarının arasında görürəm onu hərdən. Ögey övlad sızıltısı keçir
içimdən. Öz canımçün, bilmirəm necə tanış olmuşuq. Bir də gördük sevgiliyik.
Zərif, kibrit çöpü kimi nazik barmaqları barmaqlarıma keçəndə birləşən
əllərimiz ərəb hərflərinə bənzəyirdi. O hərfləri dua kimi oxuyurdum, canım
haqqı.
Orxan [07:26] Ayağının altında qaldığımız
günlərdən birində I ilə "Tarqovu”da gəzişirdik. Ğ-nı gördüm. Onu yalnız
gözlərindən tanıya bildim. Qüssəylə keçdi yanımızdan. Çevrilib baxdım. Adam
selinin içində yoxa çıxmışdı. Bəlkə, heç keçməmişdi, burda olmamışdı, bəlkə,
heç, ümumiyyətlə, belə bir adam yoxdu, amma mən onu niyə gözlərindən tanıdım, bilirəm.
Uşaqlığımda ögey nənəmin köhnə şəkillərinə baxırdım, heç biri ona bənzəmirdi.
Gözlərinin bitib alnının başladığı yerə qırışlar dalğa-dalğa yayılmışdı. O vaxt
dəniz görməmişdim, mənim dalğam nənəmin alnındaydı və o dalğalar köpüklü
deyildi, o dalğalar adamı boğmurdu, o dalğalara sığal çəkmək olardı. Ögey
nənəmi köhnə şəkillərinə bağlayan bircə gözləriydi. O şəkillərdə nə dalğa
vardı, nə də qızıl dişlərin parıltısı, amma gözlər eyniydi.
Orxan [07:29] Mən o vaxtdan doğma adamları
gözlərindən tanımağı öyrənmişəm. Hətta onlar ögey nənə də olsa, ögey sevgili də
olsa, bilirəm. Bilirəm, bax, mən Ğ ilə bu küçələrdən necə səliqəsizcə keçmişəm.
Bu küçələr eyni küçələrdi, bu etibarsız, zalım şəhər eyni şəhərdi, ancaq,
təəssüf, çox təəssüf ki, Ğ eyni Ğ deyil. Ondan geriyə bircə gözləri qalıb və
mən həmin gün onu ancaq gözlərindən tanıya bildim.
Orxan [07:35] Axmaq xasiyyətdir, hələ də
ayrılığımızı həzm edə bilməmişəm. Gör, aradan nə qədər zaman keçib. Özümü
bağışlaya, özümlə barışa bilmirəm. Hər dəfə içəndə xatırlayıram. Gözlərini
qıyıb gülümsəməyi, kövrək budaqlar kimi incə barmaqları, səsi, zarafatları,
ayaqları, saçları, sinəsi, boynu, dodaqları, qaşları – hamısı, hamısı. Mən onu
xatırlayanda bütöv xatırlayıram, amma ayağının altında qaldığımız günlərdən
birində onu "Tarqovu”da görəndə ancaq gözlərindən tanımışdım.
Orxan [07:38] Ğ-nı unutmaq üçün "övladlığa”
çoxlu sevgililər götürdüm. Tez-tələsik ayrılıb başqa adamlara, başqa nəfəslərə,
başqa gözlərə, başqa ayaqlara, başqa səslərə, zarafatlara, dodaqlara qonaq elədim
ömrümü. Alınmadı. İçimdəki daş "plitka” istiliyi soyumadı.
Orxan [07:42] Amma necə keçdi... Kaş yanımda I
yox, sən olardın. Görərdin o keçməyi. I-ın əli əlcək kimi örtmüşdü əlimi.
Yerişimizdən hiss olunurdu. Üç bakalı indicə içib çıxmışdıq pabdan. Ğ-ilə
getdiyimiz pablara I-nı aparmıram. Ümumiyyətlə, bir ara çalışırdım xatirəsi
olan küçələrdən keçməyəm. Sonra fərqinə vardım ki, biz bu şəhəri neçə köynək
köhnəltmişik. Daşındım arzumdan.
Orxan [07:50] Yox, dəqiq içməliyəm. Azan
oxunub, deyəsən, bilmirəm. İçib ağlamaq istəyirəm. Hönkür-hönkür ağlamaq
istəyirəm. Kişi qadın üçün zırıldamalıdır da! Bunu da bilirəm. Bir qadının
yoxluğu bir ovuc ömrü belə əksik göstərməməliydi. Salamı sevirəm də, deyir
küçədən keçəndə adamlar yanımdakı boşluğuna yol verirlər, toxunmurlar.
Maraqlıdır, hə? Salam Sarvanı oxuyub necə içməyəsən ki!
Orxan [07:55] Bir dəfə yenə ayağının altında qaldığımız günlərdən
birində gecəylə yazıçı dostlarla Elmlərə – başqa bir yazıçı dostumuzun yanına
getmişdik. Bakı Dövlət Universitetinin qabağından keçəndə qəfil içimdə şimşək
kimi bir ağrı şaqqıldadı. Universitet stadionunun arxa masalarında
mühafizəçilərdən gizlənə-gizlənə içdiyimiz çaxırların dadı damağımda oynadı.
Heç vaxt düşünməzdim hər gün təpik döydüyüm, divarından, daşından selikli
darıxmaq yağan bu universitet mənə belə doğma ola bilər. O günü başdan-başa
xatırladım. Əvvəl zarafatlar, dedi-qodular, sonra gülüşlər, səslər... Hər
şeydən çox səsləri xatırladım. Səslər içimdə eşələndi, özünü o buz divarlara
vurub-vurub qızışdı, sonra səslər yoruldu, yenə o buz divarlara qısılıb
yuxuladı. Akademiya parkında qaşqabağı yer süpürən, çiynindəki ulduzları ögey
nənəmin qızıl dişləri kimi par-par yanan polisə tərlədiyimiz əlli manatı
xatırladım. İçib fəlsəfə dərsinə girdiyimiz, bütün dərsi Hegeldən danışdığımız
günü xatırladım. Kilsədə evləndiyimiz günü xatırladım və bütün bunları bircə
anın içində xatırlayıb yenidən yaşadım. Yenidən o stadiona getdim, o polislə
yenidən üz-üzə dayandım, Fəlsəfə müəlliminin "determinist” baxışları yenə məni
süzdü, yenə həmin kilsədə İsanın şəkli qabağında gözlərimi yumub bütün
saflığımla dua elədim, amma bunları, elə bil, bu dəfə Ğ-sız yaşadım və hər şey
gözümdə çılpaqlaşdı, ağaclar yarpağını soyundu, şəhərin güzgülü binalarından
əksim yoxa çıxdı.
Orxan [8:01] Yəqin, hələ də yuxudasan. Niyə
cavab yazmırsan? Əşi, nəysə! Xatırlamalı o qədər şey var ki! Bircə yadıma
düşmür Şərifin maşını nə rəngəydi. Dünən çox içmişdim e, Ayxan. Sən də
ordaydın, hə?
Orxan Həsəni
