“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilir
"Məktəblinin dostu”
layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb. Təhsil Nazirliyi və
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi "Məktəblinin
dostu” layihəsi üzrə hazırda 300 nəfər əməkdaş çalışır.
Bakı şəhərində
"Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb.
Onlardan 58-i Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil
müəssisəsi, 2 gimnaziya, 2 internat, 2 idman məktəbidir. Eləcə də Sumqayıtda 4,
Abşeronda 2 məktəbdə "Məktəblinin dostu” fəaliyyət göstərir. Qeyd edək ki,
2016-cı ilin dekabr ayından fəaliyyət göstərən "Məktəblinin dostu” layihəsinin əsas
məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal
baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird,
valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və
diaqnostik işlər aparmaqdır.
Bununla yanaşı, "Məktəblinin dostu” seçilmiş
şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və
intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf
bacarığının formalaşdırılmasında iştirak edirlər. "Məktəblinin dostu” layihəsi
çərçivəsində "Fövqəladə hallarda davranış qaydaları", "Gələcəyini
qur: Məktəblərdə Karyeranın planlaşdırılması və İnkişafı", "Sosial
şəbəkələrdən faydalı istifadə", "Məktəb, ailə, cəmiyyət arasında səmərəli
əməkdaşlıq”, "Valideyndən öyrənək”, "Pirotexniki vasitələr və onların
zərərləri”, "Özünümüdafiə və şəxsi təhlükəsizlik” kimi müxtəlif mövzularda
təlimlər təşkil olunur. Bundan başqa, istedadlı şagirdləri üzə çıxarmaq,
şagirdlərin asudə vaxtlarının səmərəli təşkil etmək məqsədilə bilik yarışları,
intellektual oyunlar, viktorinalar, "Dəyirmi masa”lar, rəsm müsabiqələri,
ekskursiyalar, "Açıq qapı” günləri, fotomüsabiqə və videomüsabiqələr keçirilir.
Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması
məqsədilə "Yay məktəbi" də təşkil edilir. Layihənin əhatə etdiyi
məktəblərin əhatə dairəsinin 150 məktəbə çatdırılması nəzərədə tutulur.