• bazar ertəsi, 02 dekabr, 01:32
  • Baku Bakı 8°C

Lukaşenko Füzuli və Şuşada

18.05.24 05:13 2700
Lukaşenko Füzuli və Şuşada

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri bir çox məqamlar baxımından mühüm əhəmiyyətə malikdir. Onun işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri xüsusi vurğulanmalıdır.

Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli və Şuşa şəhərlərinə baş çəkib. Burada aparılan yenidənqurma və bərpa işlərinin gedişi ilə tanış olub.  

Hava limanları ilə tanışlıq

Füzuliyə səfəri çərçivəsində Aleksandr Lukaşenkonu Prezident İlham Əliyev qarşılayıb. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları barədə məlumat verib.
Bildirilib ki, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilib. Ən müasir səviyyədə inşa olunan bu aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinə xidmət etməyə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı 2022-ci il oktyabrın 20-də olub. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının inşasının bu il tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanları bölgəyə səfərə gələnlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verməklə, ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.

Füzulidə Mərkəzi park yaradılacaq

Daha sonra dövlət başçıları Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Qeyd edilib ki, tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Sonra dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Şuşa ilə tanışlıq 

Prezident İlham Əliyev və belaruslu həmkarı Aleksandr Lukaşenko Füzulidən sonra Şuşaya səfər ediblər. Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verilib.

Daha sonra prezidentlər Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar, Bülbülün ev-muzeyində, Cıdır düzündə olublar.

Mühüm əhəmiyyətə malik səfər 

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri bir çox məqamlar baxımından mühüm əhəmiyyətə malikdir. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir.
O bildirib ki, Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizin inkişafına böyük təkan verəcək. Azərbaycan ilə Belarusun strateji tərəfdaş və dost ölkələr olduğunu vurğulayan S.Fətəliyeva ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın böyük potensialı olduğunu qeyd edib.
Deputatın sözlərinə görə, Azərbaycan-Belarus əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, uğurla inkişaf edir. 

Belarusun Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayan S.Fətəliyeva deyib: “Prezidentlərin görüşündə postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olundu. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət etdi. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. A.Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu bildirib”.

Sevinc Fətəliyeva qeyd edib ki, Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri xüsusi vurğulanmalıdır: “Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Azad olunmuş ərazilərin bərpasında Belarusun da iştirak etmək istəyi məmnunluq doğurur”. 

banner

Oxşar Xəbərlər