Azərbaycan Afrikaya dəvət olunur

Tarixi qələbəmizdən sonra ölkəmizin hərbi təcrübəsi və müdafiə sənayesi imkanları Afrika dövlətlərində ciddi maraq oyadır. Rəsmi Bakı bu fürsətləri lazımi səviyyədə dəyərləndirərək geniş coğrafiyada Azərbaycanın maraqlarının müdafiəsini təmin edir.
Son illərdə Azərbaycanın beynəlxalq səviyyədə qarşılıqlı əməkdaşlıq istiqamətləri sürətlə genişlənməkdədir. Xüsusilə də Qoşulmama Hərəkatına uğurlu sədrlikdən sonra ayrı-ayrı dövlətlərin rəsmi Bakı ilə qarşılıqlı ikitərəfli əlaqələrini inkişaf etdirməyə marağı artır. Bu baxımdan Afrika ölkələri ilə ikitərəfli münasibətlərin inkişafı xüsusi qeyd edilməlidir. Öncə Somali, bir neçə gün əvvəl isə Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo Azərbaycana rəsmi səfər ediblər.
“Biz bir çox ölkələrə sərmayələr yatırırıq”
Umaru Sisoku Embalo ölkəmizə səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. İki ölkənin əməkdaşlıqda maraq göstərdikləri sahələri dövlət başçıları mətbuata birgə bəyanatları zamanı açıqlayıblar.
Prezident İlham Əliyev bildirib ki, beynəlxalq təsisatlarda bir-birimizi hər zaman dəstəkləyirik, bunu belə də davam etdirəcəyik: “Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq. Çünki biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq. Əlbəttə, biz məmnun olardıq ki, konkret layihələr fürsətini nəzərdən keçirək. Biz, həmçinin hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır”.
“Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir”
Qvineya-Bisau Prezidenti isə deyib ki, əməkdaşlıq üçün sahə çoxdur - səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələri var: “Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq. Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, bizim amallarımız ümumidir. Bir sıra vacib məsələlər üzrə əminlik var. BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik”.
Dostları üçün inanılan siyasi müttəfiq
Göründüyü kimi, istər Somali, istərsə də Qvineya-Bisau prezidentlərinin səfəri zamanı Azərbaycan səmimiyyətlə Afrika qitəsinə dəvət olunur, ölkəmizin təcrübələrindən yararlanmaq imkanları araşdırılır. Təbii ki, beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinin başlıca səbəbi rəsmi Bakının müstəqil xarici siyasi kurs yürütməsi ilə bərabər, sahib olduğumuz iqtisadi potensial və beynəlxalq səviyyədə artan nüfuzumuzdur. Məhz bu imkanlar sayəsində Azərbaycan dünyada tək etibarlı enerji tərəfdaşı kimi yox, həm də dostları üçün inanılan siyasi müttəfiq adını qazanıb. Tarixi qələbəmizdən sonra ölkəmizin hərbi təcrübəsi və müdafiə sənayesi imkanları da bir çox ölkələrdə, xüsusilə də Afrika dövlətlərində ciddi maraq oyadır. Rəsmi Bakı bu fürsətləri lazımi səviyyədə dəyərləndirərək, geniş coğrafiyada Azərbaycanın maraqlarının müdafiəsini təmin edir.
Azad Əliyev
