Bakı Afrikanın qapılarını açır
![Bakı Afrikanın qapılarını açır](https://kaspi.az/storage/posts/large/klKeI5xSEJYobVTJB7rOHgaR7TXapomSJ0AQoW9y.jpg)
Azərbaycanla Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır.
Beynəlxalq əməkdaşlıq müstəvisində Azərbaycanın xarici siyasət prioritetlərinin oxları yeni hədəfləri nişan almaqdadır. Rəsmi Bakı hazırda dünyanın əsas güc mərkəzlərinin üz tutduğu, mübarizə apardığı Afrika qitəsi ilə əməkdaşlıq perspektivlərinin genişləndirilməsini nəzərdən keçirir. Bu baxımdan “Afrikanın qapısı” adlandırılan Somalinin Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə reallaşan səfəri zamanı müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar xüsusi önəm daşıyır.
Prezidentlərin birgə bəyanatı
Fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti ilə təkbətək görüşü olub. Prezidentlər bunun ardınca geniş tərkibdə görüşdə müzakirələr aparıblar, daha sonra dövlət başçıları mətbuata birgə bəyanatla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Onun sözlərinə görə, Somalidən olan tələbələr Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır, gələcəkdə onların sayı artırılacaq. Bundan əlavə, Azərbaycan Somaliyə sərmayə imkanlarını da araşdırır. Bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. “Müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir”, - deyə dövlət başçısı vurğulayıb.
Somali Prezidenti Hasan Şeyx Mahmud isə deyib ki, bu səfərə, sadəcə, diplomatik əməkdaşlıq kimi baxılmamalıdır. Bu, həqiqətən iki qardaş ölkə arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. “Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq”, - Hasan Şeyx Mahmud bildirib.
Dövlət başçılarının bəyanatlarından da göründüyü kimi, Azərbaycan Afrika qitəsinə özünün zəngin dövlətçilik təcrübəsi, maliyyə, təhsil, müdafiə imkanları ilə çıxışı hədəfləyir. Somali Prezidentinin səfəri Azərbaycanın Afrika qitəsində təhlükəsizlik problemləri, humanitar böhranlar və daxili münaqişələrlə üzləşmiş ölkələrlə bağlı yanaşmalarını təzələdiyini də göstərir.
Somalini Azərbaycana bağlayan qoşmalar
Qeyd edək ki, Azərbaycanla Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində yuxarıda qeyd olunan mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Somali Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı qarşılıqlı maraqları, ortaq islami dəyərləri qorumaq, iqtisadi-ticari əlaqələrdə yeni dinamikalar yaratmaq və onları təşviq etmək məqsədi daşıyırdı. Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, Avropa, Yaxın Şərq, Afrika regionunda da qlobal təhlükəsizliyə təhdidlərin birgə müəyyən edilməsi səyləri təbii ki, Somalinin diqqətindən kənarda qalmır.
Deməli, Somali Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, beynəlxalq əlaqələrinin aparılması, onların bu ölkəyə müsbət təsirlərinin prinsiplərini prioritetləşdirməklə prosesə töhfə verməyə çalışır. Bunlar, Azərbaycanla Somali arasında ikitərəfli və regional əməkdaşlıq formatlarını, iqtisadi-siyasi fəaliyyətin təşviqini böyüdür. Bundan əlavə, Somalinin beynəlxalq investisiya məkanı onu Afrikanın və qlobal ticarətin strateji yerlərindən biri kimi müəyyən edir.
İmzalanmış sənədlərin strategiyası
Hasan Şeyx Mahmudun səfəri zamanı Azərbaycanla Somali arasında imzalanan sənədlər də diqqət çəkir. Həmin sənədlər innovasiyalar, energetika, o cümlədən yaşıl enerji, elm və təhsil, müdafiə sahəsindəki əməkdaşlıqları əhatə edir. İmzalanmış sənədlər Azərbaycanla Somalinin əməkdaşlıq perspektivinə daha geniş bucaqdan işıq salmağa imkan verir. Bu sazişlər Azərbaycan və Somali arasında strateji sektorlar üzrə əlaqələrin dərinləşdirilməsində irəliyə doğru mühüm addımdır.
Afrika ilə Türk dünyası arasında bağ
Nəzərə almaq lazımdır ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvüdür, TDT daxilində mütərəqqi ideyaların, strateji layihələrin, ideoloji istiqamətlərin, iqtisadi fəaliyyətin açarlarına malikdir. Şübhəsiz ki, TDT Afrika regionu ilə Türk dünyası arasında əhəmiyyətli bir bağdır.
Bu mənada Azərbaycan Türk dünyası ilə Afrika arasında institusional əməkdaşlıqda yüksək fəallıq nümayiş etdirən tərəf kimi çıxış edir. Bu amil Azərbaycanın strateji müttəfiqi Türkiyənin Afrikada öz nüfuzunu yüksəltməsi, strateji irəliləyişlər əldə etməsi nəticələri ilə uyğun rejimdə qurulur. Burada Somali konteksti o mənada diqqət çəkir ki, o, Azərbaycanla yanaşı Çin, Türkiyə və digər beynəlxalq tərəfdaşları ilə münasibətlərini inkişaf etdirir. Deməli, Azərbaycan Afrika regionu ilə TDT əlaqələrinin möhkəmləndirilməsi istiqamətindəki səyləri ilə həm özünün beynəlxalq nüfuzunu artıracaq, həm də Afrika regionunda çoxtərəfli əməkdaşlıq müstəvisində mövqelərini irəlilədəcək.
Aqşin Kərimov
![banner](/images/kaspibanner.jpg)