• şənbə, 01 Mart, 21:19
  • Baku Bakı 4°C

Almaniya “sağ”a yönəlir

01.03.25 16:13 0
Almaniya “sağ”a yönəlir

Fridrix Mertz Türkiyənin Almaniyanın mühüm tərəfdaşı olduğunu, Berlin ilə Ankara arasında siyasi, iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini bildirir. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ən qısa zamanda görüşmək istədiyini deyib.

Almaniyada keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri Ukraynanı sevindirsə də, çoxlarını şoka salıb. Amma  səsvermənin nəticələri rəy sorğularının nəticələri ilə üst-üstə düşüb. Dünyanın ən varlı adamı İlon Maskın, eləcə də həm ABŞ, həm də Avropadan olan ifrat sağçı populist liderlərin açıq dəstəklərinə baxmayaraq, AfD sağ mərkəzçi Xristian Demokratlar /Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokundan geridə qalıb. CDU/CSU 28.5 faiz səs toplayaraq birinci yerdə qərarlaşıb. CDU lideri Fridrix Mertz bildirib ki, o, yalnız bir koalisiya tərəfdaşı olmasını üstün tutur. Bununla o, əvvəlki Almaniya hökumətini erkən seçkilərə gətirib çıxaran çətin üçpartiyalı koalisiya quruluşundan qaçmaq istəyir. Gözlənildiyi kimi, hökuməti formalaşdırmaq vəzifəsi F.Mertzin üzərinə düşəcək. Dəqiq olanı odur ki, AfD - 20.8 faiz səs toplayan partiya - bu danışıqlarda iştirak etməyəcək. Çünki Almaniyanın digər əsas siyasi partiyaları bunu rədd edir. İndi sual odur ki, Mertz istədiyini ala biləcəkmi? Rəqəmlər göstərir ki, parlamentdə çoxluq əldə etmək üçün o, ən azı iki partiyanı koalisiyaya qatmalıdır. 

İki əsas namizəd

Seçkilərin nəticələrinə görə, Almaniya parlamenti aşağıdakı kimi formalaşıb: Xristian Demokratlar İttifaqı (Mertz) - 210 yer, Almaniya üçün Alternativ (AfD - Vaydel) - 145 yer, SPD (Şolts) - 118, “Yaşıllar” - 94. 

Mertzin koalisiya ortağı olmağa iki əsas namizəd mərkəz-sol SPD və “Yaşıllar” partiyalarıdır. Hazırkı kansler Olaf Şoltsun rəhbərlik etdiyi SPD dörd il əvvəlki nəticələrə nisbətən 10 faiz azalma ilə yalnız 16.4 faiz səs toplayıb. "Yaşıllar" 11.6 faizlə dördüncü yeri tutub. Təxminlərə görə, CDU/CSU və SPD birlikdə parlamentdə cüzi çoxluq əldə edə və "böyük koalisiya" yarada bilərlər.

Seçkilərdən əvvəl F.Mertz bildirib ki, o, yeni hökuməti Pasxa bayramına - aprelin 20-dək qurmaq istəyir.

Türkiyənin “dostu” – Mertz

Maraqlıdır ki, Mertz Türkiyənin Almaniyanın mühüm tərəfdaşı olduğunu və Berlin ilə Ankara arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini bildirir. “NATO üzvü kimi Türkiyə regional təhlükəsizlikdə də mühüm rol oynayır”, - alman mühafizəkarlarının lideri vurğulayıb. O, Rəcəb Tayyib Ərdoğanla ən qısa zamanda görüşmək istədiyini deyib. Gələcək kansler Türkiyənin geosiyasi mövqeyini nəzərə alaraq, miqrasiya siyasəti və ticarət əlaqələrində funksional ortaqlığa ehtiyac olduğunu bildirib. Türkiyə mediası yazır ki, Mertzin hakimiyyəti dövründə Almaniya-Türkiyə münasibətlərində strateji əməkdaşlıq ön planda olacaq. Xüsusilə miqrasiya, enerji və təhlükəsizlik kimi məsələlərdə praqmatik yanaşmanın tətbiq ediləcəyi nəzərdə tutulur. 
Onu da qeyd edək ki, seçkilərdə 19 türk əsilli namizəd də deputat seçilib. 

Şoltsdan qat-qat qətiyyətli

Ehtimallara görə, Mertz kansler olarsa, Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq. Bundan əlavə, Mertz Almaniyanın hərbi cəhətdən güclənməsini vacib sayır. Ekspertlərin qənaətincə, diplomatik cəbhədə də Mertz Şoltsdan qat-qat qətiyyətlidir. Almaniya Avropanın təhlükəsizliyində fəal rolu üzərinə götürəcək. Yeni kanslerin Ukraynaya dəstək məsələsində əvvəlki mövqeyi Kiyevə Avropanın yardımları baxımından əhəmiyyətlidir. Lakin Mertzin qarşıdakı dövrdə bu məsələyə spesifik yanaşacağı sual altındadır. Çünki onun üçün hazırkı prioritet koalisiya hökumətini formalaşdırmaq və ölkənin inkişafı ilə bağlı proqramları həyata keçirməkdir.

 “Unudulmuş” Mertzin qayıdışı

Cəmi on il əvvəl Mertz ovaxtkı müxalif CDU/CSU-nun aparıcı simalarından biri idi və Angela Merkellə liderlik uğrunda mübarizə aparırdı. İndi 69 yaşında olan Mertz nəhayət Almaniya siyasətinin zirvəsinə çatıb.  O, altı il əvvəl daha sadə vergi sistemini müdafiə edən və miqrasiyanı məhdudlaşdıran klassik sağçı liberal kimi siyasətə qayıdıb və dərhal CDU sıraviləri arasında Merkeldən sonra ən populyar namizəd olub. Lakin partiya iki dəfə liderlik seçkilərində ona şans verməyib. Mertz də bir çox avropalı siyasətçilər kimi deyir ki, Avropa Donald Trampın təcrid siyasətinə hazır olmalı və ümumilikdə özünü Rusiya təhlükəsindən qoruya bilməlidir. O, hərbi xərcləri tez bir zamanda artıracağını vəd edir. 

Avropanın “Tramp”ı 

Mertz ABŞ Prezidenti Donald Tramp ilə bəzi oxşar xüsusiyyətlərə də sahibdir: hər ikisi biznes sahəsində təcrübə qazanıb. Tramp Almaniyadakı seçkilərin nəticələrini yüksək qiymətləndirərək, mühafizəkarların qələbəsinin "Almaniya üçün əla gün" olduğunu yazıb. Seçkilərdən sonra Mertz bildirib ki, Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsini müzakirə etmək hələ çox tezdir. Mertz, eyni zamanda, Trampın NATO-nun fəaliyyət qabiliyyəti ilə bağlı davamlı açıqlamaları qarşısında transatlantik alyansın gələcəyi ilə bağlı narahatlığını ifadə edib. "Biz Avropanın müstəqil müdafiə qabiliyyətini daha sürətlə inkişaf etdirməliyik. Bu, tamamilə mənim prioritetimdir və ABŞ-də baş verənlər barədə heç bir illüziyam yoxdur", - Mertz bildirib.

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər