• cümə axşamı, 27 fevral, 14:23
  • Baku Bakı 4°C

Avropa üçün qorxulu yuxu

25.02.25 15:12 0
Avropa üçün qorxulu yuxu

Münhen Təhlükəsizlik Konfransının iflasla nəticələndiyini sədr Kriştof Xoysqen forumun bağlanışı zamanı ağlaması da təsdiqləyir. Buna səbəb konfransın nəticəsinin olmamasıdır. O, keçirilən forumu “Avropa kabusu” adlandırıb.

Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri Qərb dünyasını iki yerə bölüb. Beynəlxalq aləm bir həftə ərzində Münhen Təhlükəsizlik Konfransında Qərb ittifaqındakı parçalanmanın ilkin əlamətlərini, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda isə Vaşinqton-Moskva danışıqlarındakı irəliləyişlərin şahidi oldu. ABŞ və Rusiya XİN rəhbərləri səviyyəsində keçirilən görüşdə Ukrayna münaqişəsinin həlli üçün danışıqlar qrupunun yaradılması, Moskva-Vaşinqton münasibətlərində “qıcıqlandırıcı” amilləri aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması, səfirliklərin ştatlarının bərpa edilməsi, geosiyasi maraq doğuran məsələlərdə əməkdaşlıq etmək kimi mühüm razılaşmalar əldə edildi. 

Biabırçı Münhen sövdələşməsi ilə eyniləşdirmə

Şübhəsiz ki, daha çox diqqət həm də fevralın 14-16-da Münhendə hər il ənənəvi olaraq baş tutan təhlükəsizlik konfransına yönəlmişdi. Bu konfransı ötən əsrin 30-cu illərinin sonlarında keçirilən biabırçı Münhen sövdələşməsi ilə eyniləşdirənlər də var. Əgər həmin illərdə Avropa Hitler Almaniyasının işğal siyasətinə göz yumdusa, indi Ukrayna ilə bağlı analoji halın yaşandığı iddia olunur. 

Konfransda ən təəccüb doğuran çıxış ABŞ müdafiə naziri Pit Heqsetdən gəlib. O, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını və Rusiya tərəfindən ilhaq edilmiş Krımın geri qaytarılmasını "qeyri-real" adlandırıb. Pentaqon rəhbəri vurğulayıb ki, Kiyev və Moskvanın hansı şərtlərlə atəşkəsə nail olmasından asılı olmayaraq, ABŞ Ukraynada öz qoşunlarını yerləşdirməyəcək və regionda sülhün zəmanətinin bir hissəsi olmayacaq. 

Vensin şok yaradan çıxışı

Avropa siyasətçiləri və diplomatlarını daha çox ABŞ-nin vitse-prezidenti Ceyms Vensin konfransdakı çıxışı şoka salıb. Avropalılar bu çıxışı Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen konfransındakı çıxışına bənzədirlər. Həmin çıxış da avropalılarda şok effekti yaratmışdı. Putin məhz həmin çıxışdan sonra işğal planlarını həyata keçirməyə başladı. 

Vens Avropanın ünvanına elə sərt tənqidlər söyləyib ki, Rusiya və Çin arxa plana keçib. O, Avropa azadlıqlarını və təhlükəsizlik yanaşmalarını tənqid edib. "Tramp administrasiyası Avropa təhlükəsizliyi ilə bağlı çox narahatdır. Məni xarici aktorlar - Rusiya və Çin o qədər də narahat etmir. Məni Avropanın öz daxilindən gələn təhlükələr narahat edir. Avropanın bizimlə paylaşdığı əsas dəyərlərdən geri çəkilməsi müşahidə olunur”, - o bildirib.

Vens təhlükəsizlik konfransının gündəliyinin məzmununu da şübhə altına alıb: "Təhlükəsizlik dedikdə nə başa düşülür? Kimi və nədən qorumaq? Əgər siz öz ölkələrinizdə başqa insanların səslərindən qorxursunuzsa, təhlükəsizlik yoxdur". 

Təbii ki, avropalılar Vensdən belə sərt çıxış gözləmirdilər. Onun Avropa demokratiyasının əsaslarına yönələn tənqidi ABŞ və Avropanın birgə səyləri ilə qorunması nəzərdə tutulan dəyərlərin faktiki olaraq fərqli olması məsələsini qaldırır. 

Sədri ağladan səbəb

Konfransın iflasla nəticələndiyini sədr Kriştof Xoysqen bağlanış iclasında ağlaması da təsdiqləyir. Buna səbəb konfransın nəticəsinin olmamasıdır. O, başa çatan konfransı “Avropa kabusu” adlandırıb.

Xoysqen yekun nitqində ABŞ-nin vitse-prezidenti Ceyms Vensin çıxışına toxunaraq, Avropa liderlərinə, xüsusilə də Ukrayna Prezidenti Volodimir Zelenskiyə Avropanın ortaq dəyərləri haqqında danışdıqlarına görə təşəkkür edib: “Bu konfrans transatlantik konfrans kimi başladı və vitse-prezident Vensin çıxışından sonra biz ümumi dəyərlər bazamızın artıq ümumi olmadığından qorxuruq”.

Yekun nəticələr

Beləliklə, ekspertlər Münhen Təhlükəsizlik Konfransının nəticələrini beş bənd üzrə qruplaşdırırlar. 

Birincisi, əvvəlki formada beynəlxalq münasibətlər erası artıq bitib. Avropada İkinci Dünya müharibəsindən sonra yaranan təhlükəsizlik arxitekturası artıq yoxdur. ABŞ hələ də NATO-nun üzvüdür, lakin Avropa artıq kənardan hücum zamanı Vaşinqtonun ona yardım edəcəyinə ümid edə bilməz. 

İkincisi, dünya ictimaiyyətinin Ukrayna ilə bağlı siyasətinə köklü surətdə yenidən baxılıb. ABŞ və Rusiya Kiyevin, bütövlükdə Avropanın bu məsələyə münasibətindən asılı olmayaraq, Ukraynada müharibəyə son qoymaq üçün razılaşma əldə etməyi planlaşdırır. 

Üçüncüsü, hər kəs başa düşür ki, indi müdafiəyə daha çox xərcləməlisən. Avropa ölkələri Rusiyanın artan hücumlarını cilovlamaqda davam edərsə, müdafiə xərclərini mümkün qədər tez artırmalı olacaqlar. 

Dördüncüsü, Vensin Avropa siyasətinə hücumları bir çox konfrans iştirakçısı tərəfindən təhqir kimi qəbul edilib. Bununla belə, Atlantikanın hər iki tərəfindəki bir çox insan Vensin çıxışından həzz alıb, ABŞ Prezidenti Donald Tramp hətta çıxışı parlaq adlandırıb. 

Sonuncu və ən təhlükəlisi isə ümumi parçalanma və artan fikir ayrılıqlarıdır. Bu məsələ də yaxın illərdə prioritet olacaq.

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər