• şənbə, 01 Mart, 21:22
  • Baku Bakı 4°C

Fransız səfirin “xilas” planı

01.03.25 16:20 0
Fransız səfirin “xilas” planı

Fransanın Ermənistandakı səfiri Olivye Dekottinyi açıq şəkildə ölkəsinin Azərbaycanın ali rəhbərliyinin diplomatik gedişləri, uzaqgörən siyasəti və dəmir iradəsi qarşısında əli-qolu bağlı qaldığını yazıq şəkildə bəyan edir. Topu başqalarına atmaqla bu acınacaqlı durumdan çıxmağa çalışır.

Fransanın Ermənistandakı səfiri Olivye Dekottinyi növbəti dəfə Azərbaycanı hədəf alan, mövcud reallıqları təkzib edən fikirlər səsləndirib. Bakı Makron Fransasının sözçülərinin bu cür təxribat mahiyyəti daşıyan bəyanatlarına artıq çoxdan alışıb. Lakin səfirin erməni mətbuatına son açıqlamalarında diqqət çəkən bəzi məqamlar var ki, üstündə dayanmaq zərurəti yaranır. 
Bu gün Makron Fransasının beynəlxalq səviyyədə tam bir isterika halında olduğu heç kimə sirr deyil. Emmanuelin rəhbərliyə başladığı ilk gündən Paris ciddi məğlubiyyətlər seriyasına start verib. Bu “yarış”da Paris bəlkə də reytinq siyahısında ilk yerdə dayanır. Makron isə israrla sözügedən rəqabətdə estafeti heç kimə təhvil verməməkdə inad göstərir. 

Makronun sözçüsünün etirafları

Fransız səfir özü də Parisin güclü Azərbaycan qarşısında aciz duruma düşdüyünü etiraf etmək məcburiyyətində qalıb. Məsələn, ölkəmizə qarşı bəşəri və hərbi cinayətlər törətməkdə ittiham olunan ermənilərin məhkəmə prosesi ilə bağlı suala cavab verən səfir deyir: “Bilirsiniz, Fransa məhz sizin qeyd etdiyiniz səbəblərə görə Bakı üçün ən nüfuzlu ölkə deyil. Fransa Ermənistanı dəstəkləyir və Azərbaycan bu yardıma çox kəskin reaksiya verir. Amma bir sıra ölkələr var ki, onların Azərbaycanla kifayət qədər sıx siyasi, hərbi və iqtisadi əlaqələri var və məncə, onlar faydalı ola bilər”.

Fransanı BMT TŞ üzvlüyü də xilas etmir

Dekottinyi açıq şəkildə Makron Fransasının erməni maraqlarının “müdafiə”sində aciz duruma düşdüyünü, Azərbaycanın ali rəhbərliyinin diplomatik gedişləri, uzaqgörən siyasəti və dəmir iradəsi qarşısında əli-qolu bağlı qaldığını yazıq şəkildə bəyan edir. Topu başqalarına atmaqla bu acınacaqlı durumdan çıxmağa çalışır. Əslində səfirin bəyanatındakı son cümlə Makronun özünün itirilmiş nüfuzunun vurduğu zərbələrdən yayınmaq cəhdi kimi dəyərləndirilməlidir. Fransa prezidentinin Cənubi Qafqazda münaqişə ocaqlarını yenidən alovlandırmaq, bunun sayəsində mövqelərini yenidən bərpa etmək cəhdlərinin uğursuzluğu fransız səfirin fikirlərinin davamında bir daha öz təsdiqini tapır. Qarabağdan könüllü olaraq çıxıb gedən ermənilərlə bağlı sualın cavabında Dekottinyi bildirir: “Fransa bu müddət ərzində üç dəfə tələblər irəli sürərək, BMT Təhlükəsizlik Şurasında müzakirələr aparmağa nail olub, lakin beynəlxalq ictimaiyyətin reaksiyası adekvat olmayıb”. 
Göründüyü kimi, Azərbaycanın haqq işinin uğursuzluqla nəticələnməsi üçün əlindəki bütün rıçaqlardan istifadə edən Parisi hətta BMT TŞ-nin daimi üzvü olması da acı məğlubiyyətdən xilas edə bilməyib. Çünki Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ədalətin, haqqın zəfəri idi. 

Parisin “U” dönüşləri

Makronun beynəlxalq siyasətdə qəfil “U” dönüşləri artıq onun ciddi siyasətçi kimi qəbulu imkanlarını da sıfırlayıb. Ukrayna böhranın həlli ilə bağlı Vaşinqton-Moskva danışıqlarında bir anda gəmidən atıldığını görən Fransa prezidenti özü də bilir ki, rəhbəri olduğu ölkəni hansı vəziyyətə gətirib.  Parisdə avropalı siyasətçiləri bir araya toplayaraq öncə ABŞ Prezidenti Donald Trampa ultimatum göndərir, üstündən iki gün keçməmiş Vaşinqtona qaçaraq Ağ ev rəhbəri ilə danışıqlar aparmağa cəhd edir. Trampın görüş zamanı Makrona hansı münasibəti sərgilədiyini də bütün dünya görmüş oldu. 

Səfirdən Qarabağ etirafı

Haşiyədən kənara çıxaraq bu detalı xatırlatmaqda başlıca məqsədimiz əslində Fransa prezidentinin can bir qəlbdə olduğu Ermənistan siyasi isteblişmentində də eyni vəziyyətlə üzləşməsi ilə bağlıdır. Fransız səfirin Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı bəyanatı İrəvanda Makrona qarşı etiraz dalğası yaradıb. Səfir bildirir ki, münaqişə illərində Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən “müstəqil dövlət” kimi tanınmayıb. Hətta İrəvan Almatı bəyannaməsini imzalamaqla Qarabağın Azərbaycan ərazisi olduğunu illər öncə tanıyıb və etiraf edib. Əslində fransız diplomatın bu bəyanatı ilk baxışda Bakının maraqları baxımından uyğun görünür. Lakin Fransanın son illərdə atdığı addımlar unudulmayıb. 

Erməni siyasətçilər Makronu hədəfə alıblar

O zaman sual olunur: səfir niyə qəfil belə bir bəyanatla çıxış edir? Səbəb Parisdən aldığı birbaşa direktivdir. Fransa prezidenti Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında təzyiq imkanlarının, manevr qabiliyyətinin getdikcə əldən çıxdığını anlayır. Bu səbəbdən, bir gecədə Ukrayna gəmisindən dənizə atıldığı kimi, Cənubi Qafqazda da eyni vəziyyətlə üzləşməmək məqsədi ilə saman çöpü rolunu oynayan Ermənistanı əldən vermək istəmir. Erməni cəmiyyəti də bilir ki, son dörd ildə aparılan danışıqlarda yekun sülhün əldə edilməməsi, hər dəfə yaranan şansların üstündən xətt çəkilməsi məhz Makron Fransasının əməlidir. Artıq erməni siyasətçilər də mövcud vəziyyətə görə məhz Makronu hədəf alıblar. Fransız səfir isə bu bəyanatı ilə prezidentinin əlində qalanları saxlamağa çalışır.  

Reallıq ondan ibarətdir ki, lövbər qalxıb. Sülh gəmisinin kapitanı rəsmi Bakıdır. Bölgəmizdəki proseslərin axarına da, istiqamətinə də Azərbaycanın ali rəhbərliyi qərar verir. Makronun isə yeganə çıxış yolu məğlubiyyətini etiraf etmək, bu reallıqla barışmaq və Cənubi Qafqaz gəmisindən də birdəfəlik atılmamaq üçün Azərbaycanın maraqları ilə hesablaşmaqdır. 

Azad Əliyev
  

banner

Oxşar Xəbərlər