• bazar, 09 Mart, 16:40
  • Baku Bakı 12°C

Ombudsmanın məruzəsi qəbul edilib

08.03.25 00:20 304
Ombudsmanın məruzəsi qəbul edilib

Ötən il Ombudsmanın ünvanına 29 min 371 müraciət daxil olub. Müraciətlərə baxılıb, araşdırmalar aparılıb, insanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər edilib. 

Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini qəbul edib. Məruzəni qanunverici orqanda Ombudsman Səbinə Əliyeva təqdim edib.

"29 min 371 müraciət daxil olub"

O qeyd edib ki, ötən il ünvanına 29 min 371 müraciət daxil olub: "Müraciətlərə baxılıb, araşdırmalar aparılılıb, insanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər edilib, pozulmuş hüquqların bərpası istiqamətində zəruri tədbirlər görülüb, həmçinin səlahiyyətli dövlət qurumlarına insan hüquqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə yönəlmiş təklif və tövsiyələr təqdim olunub".

"Bir narkoloqa 500 narkotik istifadəçisi düşür"

Məruzənin müzakirəsi zamanı deputatlar da bir sıra aktual məsələləri qaldırıblar. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı ombudsmanın məruzəsində göstərilir ki, çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var.

Məruzədə narkoloq və klinik psixoloqların azlığı məsələsinə ayrıca yer verildiyini vurğulayan Z.Oruc xatırladıb ki, ölkədə 2015-ci ildə 28 min 555 nəfər narkotik istifadəçisi qeydiyyatda idisə, 2021-ci ildə bu rəqəm 34 minə çatıb: “2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub. Göründüyü kimi, bir narkoloqa 500 narkotik istifadəçisi düşür. Belə şəraitdə müalicənin effektivliyi mümkün deyil. Kadrların hazırlanması sahəsində sistemli tədbirlərə ehtiyac duyulur”.

“Pensiya yaşına az qalmış işdən azad olunurlar”

Millət vəkili Vüqar Bayramov isə deyib ki, bəzi vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunur və nəticədə iş tapmaqda çətinlik çəkirlər: "Pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür. Belə ki, Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına iki ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsi qadağandır. Belə praktika digər dövlətlərdə də tətbiq olunur. Bu baxımdan Azərbaycanda da pensiya yaşına iki il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməməsi məqsədəuyğun olardı".

"Güzəştli ipotekanın maksimum məbləği artırılsın"

Deputat Azərbaycanda güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılmasını təklif edib. Onun sözlərinə görə, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq: "Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli ipoteka kreditləri maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq, güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı”.

F.Abasoğlu 

 

banner

Oxşar Xəbərlər