• şənbə, 26 Aprel, 14:02
  • Baku Bakı 21°C

Tarixi mifin qürubu

26.04.25 04:41 129
Tarixi mifin qürubu

Ermənistan parlamentindəki dava ermənilərin bir xalq olaraq rəzilliyini və kasadlığını göstərir. Əgər “soyqırımı” erməni xalqının həqiqətən də gerçək hüzn mənbəyidirsə, heç bir nifaq, şübhə və mübahisələrə yol açmamalıdır.

Aprelin 22-də Ermənistan parlamentində “erməni soyqırımı” ilə bağlı müzakirələr hakim “Vətəndaş sazişi” partiyasının deputatları ilə müxalif “Ermənistan” fraksiyasının üzvləri arasında kütləvi davaya səbəb oldu. Daşnak Artsvik Minasyan təmsil etdiyi partiyanın “soyqırımı”nı inkar etməyə görə cəzanın tətbiqini nəzərdə tutan qanun layihəsi hazırladığını bildirdi. Spiker Alen Simonyan isə bəyan etdi ki, “Ermənistan” blokunun öz daxilində belə bu məsələ ilə bağlı yekdil rəy yoxdur. Simonyanın bu sözləri “hayastançılar”ın xoşuna gəlmədi və bu gərginlik deputatlar arasında əlbəyaxa dava ilə nəticələndi.
Prinsipcə, parlamentdə deputatlar arasında fiziki güc tətbiq etməklə haqlılığını sübut etmək halları dünyanın bir çox ölkələrində baş verir ki, Ermənistan da istisna deyil. Ancaq bu, sadə dava deyil - bir əsrdən çoxdur ümumerməni manipulyasiyası və son onillərdə rəsmi İrəvanın əsas xarici siyasət alətinin cəmiyyətin daxilinə dərin nifaq salmasının göstəricisidir. 

Erməni cəmiyyətini parçalayan problem

Soyqırımı iddiası dünya erməniliyinin mövcudluğu faktorudur. Bir əsrdən çoxdur ki, bu böyük tarixi fırıldağın ətrafında formalaşan erməni toplumu özünün absurd iddiaları və ambisiyalarının reallaşması üçün əsas ah-nalə mövzusu olaraq məhz uydurulmuş soyqırımından yararlanır. İlkin dövrdə bu amil ermənilərin xalq olaraq özünüidentifikasiya vasitəsi rolunda çıxış edib. İmperiyaların çöküşü və milli dövlətlərin meydana çıxması prosesindən köklü dövlətçilik tarixləri olmayan ermənilər də bəhrələnmək istəyiblər və bunun yolunu yazıq, əzilən, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan xalq imicinin formalaşdırılmasında görüblər. Saxta soyqırımı avantürası özü ilə tədavülə “ilk xristian dövlət”, “ilk xristianlar”, “Tanrı tərəfindən seçilmiş xalq”, “bütün ilklərin mənbəyi”, “Nuhun varisləri” kimi anormal, heç bir əsası olmayan miflərin buraxılmasına yol açıb. Təəssüf ki, bəziləri də bu əfsanələrə inanıb: bir qismi siyasi vasitə kimi yararlanmaq üçün, digəri bilməməzlikdən. Bu gün Ermənistan parlamentində düşən dava nəinki dünyada, erməni cəmiyyətinin özündə belə “soyqırımı”nın dərin şübhələrə və ümumxalq böhranına yol açdığının göstəricisidir. 

“Erməni soyqırımı” mövzusu son 30 ildə rəsmi İrəvanın əsas xarici siyasət rıçaqı qismində çıxış edib. Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində Ermənistanı diz çökdürməsi erməni xalqının təşəkkül və mövcudluq faktorunun da aktuallığına son qoyub. Hakim qüvvə ürkək dövlətçiliyin əldə saxlanılması üçün bu tarixi mifin xarici siyasət resursu olaraq istifadəsindən imtina etmək məcburiyyətində qalıb. Ermənistanın bir dövlət kimi tarixin səhnəsində qalması üçün iki özündən böyük, əsasında ərazi və tarixi qəsbkarlıq duran xarici siyasət kaprizindən imtina etməsi lazımdır: Azərbaycana və Türkiyəyə qarşı qanuniləşdirilmiş ərazi iddiası və “erməni soyqırımı” yanlışlığı. 

Paşinyan hakimiyyətinin bu reallığı dərk etməsi bugünkü Ermənistanın üz-üzə qaldığı acı nəticədir. Bir vaxtlar qonşulara qarşı istifadə edilən aqressiya mənbəyi indi cəmiyyətin özünü içindən didib parçalayan problemə çevrilib. 

Xarici siyasətin iflası

Paşinyandan əvvəlki erməni liderlər “soyqırımı” mövzusunu Qərb dünyası ilə bir ünsiyyət predmeti edərək qısır xarici siyasətin prioritet istiqamətinə çevirmişdilər. Müasir erməni dövlətinin əsas hamisi olan Rusiya ilə münasibətlərdə bu mövzu xüsusi aktuallıq kəsb etmirdi. 

“Soyqırımı” son illər ərzində əsas etibarilə Qərbin Türkiyəyə və bütövlükdə türk dünyasına təzyiq cəhdləri müstəvisində şərh olunan problemdir. Erməni gündəmi kollektiv Qərb üçün qarşısında tarixi kompleks yaşadığı türkün güc və nüfuzunu lokallaşdırmaq məqsədilə istifadə edilən amil olub. Hər ilin apreli müxtəlif dövlətlərin “erməni soyqırımı”nı ya tanıma, ya da “tanıma” ilə qorxutma ayına çevrilib. “Tanıma paradı”nın məqsədi Ankaranı öz xarici siyasət prioritetlərini müəyyənləşdirərkən saatını bu təhdidə uyğun qurmağa məcbur etmək idi. Ancaq rəsmi Ankaranın siyasətində köklü dəyişiklik etməsi, yəni bu təzyiqlərdən müdafiə kursundan heç bir önəm verməmə xəttinə keçməsi həm Qərbin cəhdlərini, həm də erməni gözləntilərini mənasız edib. 

Sosial şəbəkələrdə yayılmış bir videogörüntü

Maraqlıdır ki, ilk görünüşdə “tarixi ədalətin öz yerini tutması”nı arzulayan Ermənistan hakimiyyətləri reallıqda “soyqırımı”nın tanınmasını arzulamayıblar. Nə Köçəryan, nə də Sarqsyan dövründə rəsmi İrəvan bu istiqamətdə əməli addımlar atmayıb. Bugünlərdə sosial şəbəkələrdə yayılmış bir videogörüntü də bunu deməyə əsas verir ki, ermənilərin tarixi hüzn mövzusu sadəcə olaraq Türkiyə və Azərbaycana qarşı işə salınan ucuz və urvatsız vasitə olub. Sözügedən görüntülərdə ABŞ-nin sabiq dövlət başçısı Co Bayden Obama hakimiyyəti dövründə erməni əsilli bir şəxsə Ermənistan rəhbərliyinin onlardan “soyqırımı” məsələsinə toxunmamağı xahiş etdiklərini bildirir. Yəni İrəvanda da anlayırmışlar ki, xarici siyasətin əsas “kozırı”nı açmağın heç bir gerçək faydası olmayacaq. 

Rəzilliyin və kasadlığın  göstəricisi

Ermənistan parlamentindəki dava ermənilərin bir xalq olaraq rəzilliyini və kasadlığını da göstərir. Əgər “soyqırımı” erməni xalqının həqiqətən də gerçək hüzn mənbəyidirsə, heç bir nifaq, şübhə və mübahisələrə yol açmamalıdır. Bu gün Azərbaycan cəmiyyətində 20 Yanvar faciəsi və ya Xocalı soyqırımı bir siyasi mübarizə predmetinə çevrilə bilərmi? Əsla, bu, xalqımızın yaşadığı dəhşətli tarixdir. Ancaq Ermənistanda illərdir əllərində şüar etdikləri “müqəddəs” mövzunun yumruqlaşmaya yol açması onu göstərir ki, bu avantüra ermənilərin şüurunda dərin kök sala bilməyib - saxta olub.

Rüstəm Qaraxanlı

 

banner

Oxşar Xəbərlər