• bazar, 09 Mart, 16:51
  • Baku Bakı 12°C

Mehriban Əliyeva Gəncəyə səfər edib

08.03.25 05:14 314
Mehriban Əliyeva Gəncəyə səfər edib

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva təmir işləri aparılan məktəbdə, körpələr evi-uşaq bağçasında olublar. Onlar Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərinə, Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinə baş çəkiblər. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər. 

Heydər Əliyev Fondu 37 nömrəli məktəbi təmir edir 

Səfər çərçivəsində Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məktəbdə aparılan əsaslı təmir-bərpa işləri ilə bağlı məlumat veriblər.

Bildirilib ki, 1969-cu ildə istifadəyə verilmiş tədris müəssisəsində 700-dən çox şagirdin təhsil almaq imkanı olub. Lakin məktəb binası artıq istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından əsaslı təmir işlərinə başlanılıb. Binada təmir işlərinin bu ilin sentyabr ayında - yeni tədris ilinə qədər yekunlaşdırılması nəzərdə tutulub.

Birinci vitse-prezident Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında da olub. Qeyd edilib ki, bu məktəbəqədər təhsil müəssisəsi 1967-ci ildə inşa olunub. 120 yerlik uşaq bağçasında faktiki 70 uşağın təlim-tərbiyəsi aparılır. Hazırda bina yararsız vəziyyətdədir. Mehriban Əliyeva bağçada məktəbəqədər təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədi ilə müvafiq tapşırıqlar verib.

Gəncə Memorial Kompleksinin layihəsi ilə tanışlıq

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olub.

Qeyd edək ki, kompleksin təməli 2022-ci il yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Memorial Kompleksin ərazisi 4 hektar təşkil edəcək. Kompleksin tərkibindəki muzey binası 2 mərtəbədən ibarət olacaq. Gəncə Memorial Kompleksinin tikintisinin 2025-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Perinatal Mərkəzə küvəzlər hədiyyə olunub

Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar.

Qeyd olunub ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir.

Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə olunub.

Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondun hədiyyələri də təqdim edilib.

Məscidlər və kilsəyə ziyarət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində də olublar.

Bildirilib ki, 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Şah Abbas məscidində bərpa və təmir işləri aparılıb. Məscidin mövcud vəziyyətinə baxış zamanı bu tarixi-dini abidənin qorunub saxlanılması istiqamətində növbəti tapşırıqlar verilib.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, qızları Leyla Əliyeva və Arzu Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.

Hüseyniyyə məscidinin mövcud vəziyyəti ilə tanışlıq zamanı isə bildirilib ki, hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin aparılmasına zərurət yaranıb. Məscidə baxış zamanı burada müvafiq işlərin görülməsinə dair tapşırıqlar verilib.

Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində də olub. Qeyd edilib ki, Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa olunub. Məbəd həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına Bizans üslubunda kərpicdən tikilib. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən olan bu tarixi abidədə bir sıra növbəti təmir işlərinin aparılmasına ehtiyac yarandığı bildirilib.

Qeyd edək ki, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerlərinin və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. 

 

banner

Oxşar Xəbərlər