“Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır”
Azərbaycanın
uğurlu və dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son
qoyulmalıdır
Prezident İlham Əliyev ötən gün Ağstafa və İmişli
rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən Azərbaycanda
korrupsiyaya, rüşvətxorluğa qarşı aparılan mübarizədən danışıb. Bildirib ki,
Ağstafa və İmişli rayonlarının həbs olunan əvvəlki icra hakimiyyəti başçıları tərəfindən
yol verilmiş pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra
hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Onun sözlərinə görə, bu, bir
daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa
qarşı mübarizə sözdə yox, əməldə aparılır və bundan sonra da aparılacaq. Dövlət
başçısı qeyd edib ki, indi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti
araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq.
Prezident ilham Əliyev yeni təyin olunan icra
başçılarına tövsiyə və tapşırıqlarını da verib: "Azərbaycanda korrupsiyaya,
rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz
fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı,
ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik
edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə
aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu
sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş
ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara
qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət
mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və
insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz
çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu
məsələlər operativ şəkildə öz həllini tapsın. ...Ədalət sizin işinizdə əsas
prinsip olmalıdır”.
Milli Məclisin İnsan
hüquqları komitəsinin üzvü Naqif Həmzəyev mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında
bildirib ki, Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemini daim
təkmilləşdirilir və bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar
atılır. Onun sözlərinə görə, bu zaman, ilk növbədə xalqın və dövlətin
maraqları, milli mənafeləri nəzərə alınır. Millət vəkili deyib ki, mütəmadi
olaraq yeniliklərə can atan, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni
yanaşmalara üstünlük verməyə cəhd göstərən gənclərin rəhbər işlərdə irəli çəkilməsi
ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir: "Dövlət başçısı bundan əvvəl və
hazırda vəzifəyə yeni təyin etdiyi icra hakimiyyəti başçıları ilə görüşdə ilk
növbədə onlara öz gündəlik fəaliyyətini nümunə göstərir. Belə ki, ölkə rəhbərinin
hər zaman vətəndaşının yanında olması sevincinə, dərdinə şərik çıxması xalqa
xidmət missiyasının ən yaxşı nümunəsi kimi göz önündədir. Cənab Prezident dəfələrlə
məmurların diqqətinə çatdırıb ki, qarşılarında duran əsas vəzifə rəhbərlik edəcəkləri
rayonların sosial-iqtisadi inkişafına nail olmaqdır. Eyni zamanda, yeni kadrlar
daim vətəndaşlarla ünsiyyət əsnasında rayonun problemlərini və insanları
narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlidirlər. Əks
təqdirdə ciddi şəkildə cəzalandırılacaqlar”.
Ölkədə siyasi və iqtisadi islahatların vəhdət təşkil
etməsini zəruri sayan deputat N.Həmzəyev təəssüflə vurğulayıb ki, bəzi hallarda
Azərbaycanın inkişafına çox böyük zərbələr vuran korrupsiya və rüşvətxorluq
hallarına da rast gəlinir: "Mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə
edən, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran,
hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan məmurlar da tapılır. Diqqətəlayiq
haldır ki, göstərilən etimaddan sui-istifadə edən, əhalinin sosial rifahını
yaxşılaşdırmağa hesablanmış, aztəminatlı ailələrin payına göz dikmək kimi mənfi
əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir, layiqli
cəzalarını alırlar. Prezident İlham Əliyev yeni Baş prokuror Kamran Əliyevi
videoformatda qəbul edərkən də bu məsələyə toxunub. Korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında prioritet sahə kimi dayanmalı
olduğunu diqqətə çatdırıb. O, bütün dövlət məmurlarını xəbərdar etdiyini dilə gətirib.
Prezident tələb edib ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə
bilmirsə, yaxud da bunu istəmirsə, özü könüllü şəkildə dövlət işindən istefa
versin. Bu tələbin ardınca əməli tədbirlər həyata keçirilir. Vəzifə səlahiyyətlərindən
sui-istifadə edən rayon icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə
icra nümayəndələrinin, Mədəniyyət Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin yüksək
vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı qətiyyətlə alınır. Bu, Azərbaycanda
kimliyindən, statusundan, tutduğu vəzifəsindən asılı olmayaraq hər kəsin qanun
qarşısında bərabər olduğunu bir daha nümayiş etdirir”.
Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib ki, Prezident İlham Əliyev yeni təyin
olunan icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən bölgələrdə
görülən tədbirlərdən, həyata keçirilən infrastruktur layihələrindən, abadlıq-quruculuq
işlərindən geniş bəhs edib. Onun fikrincə, Prezident birmənalı şəkildə bəyan
edib ki, bölgələrdə görülən işlərin mənbəyində xalqın iradəsi dayanır: "Artıq
regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramı icra
olunur. Bütün proqramların tərtib edilməsində yerlərdən gələn təkliflər əsas
yer tutur. Məhz cənab Prezident bütün bunları əsas götürərək yerli icra
hakimiyyəti orqanları qarşısında təxirəsalınmaz vəzifə qoyub. Bildirib ki, bölgələrdə
işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir. Ona görə vəziyyəti təhlil edərkən
icra başçıları ilk növbədə, vətəndaşları narahat edən məsələləri
aşkarlamalıdırlar. Dövlətimizin başçısı İlham Əliyev daim dövlət məmurlarını
xalqla bir olmağa, insanların qayğıları ilə maraqlanmağa və həlli istiqamətində
ciddi addımlar atmağa, inkişafa, quruculuğa böyük töhfələr verməyə, səyləri
birləşdirib konkret addımlar atmağa çağırışlar edir. Ölkə Prezidenti bu məqamı
hər bir icra başçısını vəzifəyə təyin edərkən xüsusi vurğulayır: İnkişaf,
quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Hər bir məmur ona həvalə
olunan vəzifəni layiqincə və şərəflə icra etməli, etimadı doğrultmalıdır.
Çünki, ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin mərkəzində şəffaflığın təmin
olunması, vətəndaşlara layiqli xidmətin göstərilməsi dayanır”.
Rufik İSMAYILOV