• cümə, 19 Aprel, 05:38
  • Baku Bakı 18°C

Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir?

09.07.20 14:45 528
Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir?
COVİD-19 pandemiyası dünyada bir çox sahələrə olduğu kimi televiziyaların da fəaliyyətinə təsirsiz ötüşməyib. Azərbaycanda mediada yayılan xəbərlərdə əməkdaşları koronavirusa yoluxan kanalların adlarını eşidirik.
Trend koronavirusun Azərbaycanda televiziya sahəsinə təsiri ilə bağlı bir neçə telekanal arasında sorğu keçirib.
AzTv-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib ki, yay mövsümü olduğuna görə, əməkdaşların işə gəlməməsi kanalın fəaliyyətinə birbaşa təsir etməyib: "Amma sözsüz ki, əməkdaşlarımızın koronavirusa yoluxması bizi də narahat edir".
N.Rəfiyeva vurğulayıb ki, pandemiya ilə mübarizə çərçivəsində kanal olaraq ciddi şəkildə göstərişlərə əməl edirlər:"Əməkdaşlar arasında sosial məsafə qurulub. Karantin rejiminin ilk tətbiq olunduğu vaxtdan etibarən işçi sayını azaltmışıq, hazırda demək olar ki, AzTv-də ümumi əməkdaşların 25-30 faizi işə gəlir və işə gələn əməkdaşlar növbəlilik əsasında fəaliyyət göstərirlər. Şirkətin hər yerində dezinfeksiya qurğuları quraşdırılıb, əməkdaşlar iş prosesində maskadan istifadə edir. Şirkətə gələn bütün əməkdaşların ilkin olaraq hərarətləri ölçülür. Şirkət binası və ərazisi xüsusi dezinfeksiya briqadaları tərəfindən dezinfeksiya olunur. Bu proses də davamlı olaraq icra edilir".
"ARBMedia Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli isə qeyd edib ki, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar iki qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, "ARB24” telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayımlanan verilişlərin sayı azaldılıb:"Əməkdaşlar birmənalı olaraq şirkət daxilində və çəkilişlərdə qoruyucu maskalardan istifadə edirlər, otaqlarda sosial məsafənin qorunması ciddi nəzarətdə saxlanılır. Virusa yoluxma ilə bağlı ilk fakt aşkarlandıqdan sonra telekanalın binasında bir neçə dəfə dezinfeksiya işləri aparılıb".
O.İbrahimli bildirib ki, hərarəti yüksək olanlar şirkət binasına buraxılmır, evə göndərilir. Qızdırma davamlı olduğu halda COVID-19 testi verməsi tələb olunur. Binanın girişində, eləcə də bütün mərtəbələrdə əllərin spirtlə dezinfeksiya edilməsi üçün xüsusi qablar qoyulub. Telekanal binasındakı bütün otaqlar hər gecə ultrabənövşəyi şüa vasitəsilə dezinfeksiya edilir.
"Xəzər" Televiziyasından bildirilib ki, kanalda koronavirusa yoluxan əməkdaş yoxdur. Telekanal əməkdaşları gündəlik olaraq müəyyən edilmiş göstərişlər əsasında fəaliyyət göstərir, maskadan istifadə və gigyenik qaydalara tam əməl olunur.
Milli Televiziya və Radio Şurasından (MTRŞ) isə Trend-ə bildirilib ki, televiziyalarda pandemiya ilə mübarizə tədbirlərinin icrasına birbaşa nəzarət onlara aid deyil. Lakin yayım prosesində pandemiya ilə mübarizə üçün zəruri tədbirlərin gözlənilməsi üçün kanallara tövsiyələr verilir.
banner

Oxşar Xəbərlər