Kömür

- Şakir, bu
küçüyü hardan tapıb gətirdin!? O, qapıya gələndən bəri Natiq bir dəri, bir
sümük qalıb. Apar onu azdır. Uşaq gözümdən yayınan kimi yeməyini paralayıb küçüyə verir. Nə qədər tənbeh etsəm də öhdə eləmir...
- Nərgiz, küçükdür də,
qapıda həyandır, nə ziyanı var ki!?
- Daha nə ziyanı olacaq ki,
uşağın heç bir işi-gücü yoxdur. Səhərdən axşama kimi küçüklə oynayır.
Özünün də bir əli küçüyün boğazındadır.
Axır ki, Nərgiz
həyat yoldaşının saqqızını oğurlaya bildi. Günlərin birində anası Natiqin
başını qatdı və Şakir küçüyü maşının yük
yerinə basıb apardı...
O, xeyli yol
getdikdən sonra maşını bir yeməkxananın yanında saxladı. Düşündü ki, küçük
yazıqdır, heç olmasa, yeməkxananın böyür-başında sür-sümükdən tapıb gəmirər...
Şakir,
maşının yük yerini açıb: "Kömür, yerə düş!" – dedi. Sanki küçük dil
bilirdi. Sahibinin niyyətini anlamasa da, cəld atılıb yerə düşdü. O üz-bu üzə
boylandı... Elə bu zaman Şakir cəld maşının sükanı arxasına əyləşib mühərriki hərəkətə
gətirdi. Maşın sürətlə yerindən tərpəndi... Küçük onun arxasınca düşdü. Şakir
maşının sürətini daha da artırdı... Bir az keçəndən sonra güzgüdən arxaya baxdı
ki, daha küçükdən bir əsər-əlamət yoxdur...
Namiq bir
vaxt duyuq düşdü ki, küçük qapıda görünmür... Həyəti ələk-vələk elədi. Küçükdən
bir səs-səmir çıxmadı... Həmin gecə oğlan çox narahat yatdı. Hətta hərarəti də
qalxdı... Səhərə kimi sayıqladı. Nərgiz hiss etdi ki, oğlu xəstələnib. Düşündü
ki, buna səbəb küçüyün azdırılmasıdır.
O, hərəkətindən peşmanlıq hissi keçirdi. Səhər-səhər ərini bir kənara çəkib
soruşdu:
-
Küçüyün başını hara
əkdin? Gedib tapmazsan?..
Şakir əsəbi
bir görkəm aldı:
- Yoxsa indi
peşman oldun, yerini dar eləyirdi? Küçüyü
qapıya gətirdiyim gün sığal-tumar
da çəkdin, qara olduğuna görə hələ adını
da özün qoydun. Kömürüm, Kömürüm deyirdin... Sonra nə oldu, pişik asqırdı?..
Tasa-pasan uşağın başında idi, xəstələndirib qoydun ora...
- Demədim ki,
daha məhkəmə qur... Gör gedib tapa bilirsənsə, qaytar gətir...
Şakir bir
xeyli-var gəl elədi. Axır maşına əyləşib küçüyün arxasınca yollandı... Yol boyu
Allaha yalvarırdı ki, küçüyü azdırdığı yerdə tapa... O, həmin yerə gəlib çatdı.
Küçüyü yeməkxananın həyətində hərlənən görüb
çox sevindi. Maşından düşüb: "Kömür, Kömür!" - deyə küçüyü səslədi. Küçük isə sahibinin ona tərəf gəldiyini görüb qaçmağa
başladı... Şakir küçüyün arxasınca düşüb onu nə qədər qovsa da tuta bilmədi.
Daha tər dabanından çıxırdı... Taqətdən düşüb yerə çömbəldi. Küçüyü azdırdığı anlar gəlib gözləri önündən
keçdi... Dünən maşının arxasınca ona çatmaq üçün ləhləyə-ləhləyə qaçan küçüyün
nələr çəkdiyini sanki indi hiss etdi... Kor-peşman şəkildə evə döndü...
Şakir küçüyün
arxasınca yola düşəndən sonra Nərgiz oğlunun başını sığallaya-sığallaya onu sevindirdi:
-
Atan küçüyünü tapıb gətirməyə getdi. Yəqin ki, indi
tapıb gətirəcək. Yatağından qalx, gəl yeməyini ye.
Natiq sevincək
halda yatağından qalxdı. Bu xəbərdən
sanki bütün ağrı-acıları bircə anda ötüb keçdi. O, səhər yeməyini də
iştahayla yedi...
Maşın qapıda
dayananda Natiq özünü sevincək halda bayıra atdı. Ancaq sevinci uzun sürmədi... Atasını küçüksüz
görüb kövrəldi:
- Küçüyü
tapmadın, ata?
- Tapdım,
Natiq, ancaq gəlmədi...
- Ata, məni
apar, Kömür mənim sözümdən çıxmaz, gələr!..
Natiq
atasının yaxasından yapışıb əl çəkmədi. Yalvarıb-yaxardı, axır ki, onu yola gətirdi.
Şakir könülsüz də olsa, oğlunu maşına mindirib yenidən küçüyü azdırdığı yerə gətirdi...
Maşını yeməkxanadan bir qədər kənarda saxladı. Natiq yeməkxananın həyətində
aşağı-yuxarı hərlənən küçüyü görüb cəld "Kömür, Kömür" deyə ona sarı
qaçdı. Küçük də Natiqi görüb özünü onun üstə atdı...