• cümə axşamı, 25 aprel, 19:16
  • Baku Bakı 21°C

Kim daha kreativdir?

22.01.20 17:54 1371
Kim daha kreativdir?
Ekspertlər deputatlığa namizədlərin seçki təbliğatındakı əsas diqqətçəkən yeniliyin virtuallaşma olduğu qənaətindədirlər

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. 21 gün davam edəcək bu dövrdə namizədlər özünün təbliğatını quracaq, seçicilərə platformalarını təqdim etməlidirlər. Seçki texnologiyasının əsas hədəfi kimi seçicilərə edilən xitabın, təqdimatın, şüarların və canlı ünsiyyətin necə olacağı diqqət mərkəzindədir. Bəs görəsən, indiyədək maraqlı şüarı, fikri və qeyri-adi yanaşması ilə yaddan qalan namizədlər kimlərdir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, parlament seçkilərində iştirak edən namizədlərin elektron səsverməsi keçirilir: "Bir çox hallarda həmin səsvermənin linkini atıb, bir sıra namizədlərə səs verməyi istəyirlər. Ümumilikdə, namizədlərin təbliğat-təşviqatını izləyirəm. Amma hələ ki, namizədlər arasında qeyri-adi təbliğat aparan görməmişəm ki, diqqətimi cəlb eləsin. Məsələn, Sabir Rüstəmxanlının təqdimatını bəyənirəm. Onun klassik ənənələrə söykənən, Azərbaycana uyğun, ağsaqqallarla görüşləri, müraciətləri və sair var. Burada Sabir Rüstəmxanlının üstün keyfiyyətləri özünü göstərir. Bundan başqa, bir az müxalif mövqelilərin içərisində Bəxtiyar Hacıyev, Azər Qasımlının təqdimatlarında fərqlilik var. Eyni zamanda, Vasif İsmayıl da fərqli təbliğat qurub. Amma bütün bunlara baxmayaraq, hələ ki, izləyirəm. Fikrim var ki, sonda məhz namizədlərin təbliğatı, şüarları və digər məsələlərlə bağlı bir yazı yazım. Yenə də qeyd etmək istəyirəm ki, sosial şəbəkədə qeyri-adi təbliğat görməmişəm”.
R.Məcid qeyd etdi ki, standart, şablon, primitiv, düşük təbliğatlar aparanlar da var: "Onlar artıq kənardan gülməli görünürlər”.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirdi ki, adətən Milli Məclisə keçirilən seçkilərdə respublikanın tanınmış ziyalıları, ictimai-siyasi xadimləri namizədliyini irəli sürüb: "İnsanlar demək olar ki, onların mütləq əksəriyyətini tanıyırdı. Amma indiki namizədlərin əksəriyyəti ictimaiyyətə naməlumdur. Bu baxımdan, namizədlər gərək təbliğat kampaniyasını elə qursunlar ki, ən azı seçiciləri onları tanısın.
Şüarlara gəlincə, hələ ki, qeyri-adi şüar irəli sürən yoxdur. Müəyyən şüarlar var ki, heç onlar da gözlədiyimiz səviyyədə deyil. Əvvəldən seçki texnologiyasını bilən, beynəlxalq praktikaya söykənən namizədlərimiz var ki, onlar müsbət təbliğat kampaniyası aparır. Məsələn, Binəqədidə fərqli bir kampaniya aparılır. Deməli, namizəd seçicilərlə birbaşa internet üzərindən əlaqə yaradıb və hər bir seçici bu vasitə ilə arzularını, istəklərini bildirə bilər. Yəni, əvvəlki illərdə olduğu kimi bir-bir insanlarla görüşməyə ehtiyac yoxdur. Eyni zamanda, sosial şəbəkələrdə videoçarxlar yayımlanır. Bu da müsbət haldır”.
M.Zülfüqarlının sözlərinə görə, Azərbaycanda hələ də seçkiyə elmi yanaşma yoxdur: "Bizdə adətən namizədlər qeydiyyatdan keçəndən sonra fikirləşir ki, neyləyim, nəyim var, nəyim yoxdur. Lakin şəxs namizədliyini irəli sürməmişdən əvvəl, beynəlxalq standartlara uyğun üç resursunu götür-qoy etməlidir. Bunlar insan, vaxt və maddi resursdur. Amma çox təəssüf ki, namizədlərin mütləq əksəriyyəti qeyd edilənlərə barmaqarası baxır və ona görə də seçki kampaniyasının təşkilində çətinliklər çəkirlər.
Azərbaycanda imicmeykerlik məktəbi də yoxdur. Namizədlərin mütəxəssislərlə müqavilə imzalaması, onları təbliğat kampaniyasına cəlb etmələri məsələsi yoxdur. Yəni hər hansı namizəd fikirləşmir ki, imicini daha da yaxşılaşdırmaq üçün imicmeyker, hüquqlarının müdafiəsi üçün hüquqşünas lazımdır. Ümumilikdə baxsaq, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə təcrübəsiz namizədlərin sayı çoxdur. Bir məsələ var ki, təbliğat yeni başlayıb və qarşıda maraqlı təbliğat quranların şahidi ola biləcəyik. Ümumilikdə isə, qeyri-adi heçə nə yoxdur”
Müstəqil jurnalist Zaur İbrahimli bildirdi ki, növbədənkənar parlament seçkilərində namizədlərin seçki kampaniyasının daha çox virtuallaşması diqqət çəkir: "Şübhəsiz ki, bu, qismən zamanın tələbidir, eyni zamanda seçkilərdə iştirak edən namizədlərin məqsədləri, resursları ilə bağlıdır. Bir çox namizədlərin bu seçkinin daha çox özünü sınamaq, tanıtmaq, PR aksiya, diqqət çəkmək üçün vasitə, fürsət kimi dəyərləndirməsi aşkar görünür. Namizədlərin böyük əksəriyyətinin bu məqsədlərlə seçkiyə qatıldığını söyləyə bilərik. Bu namizədlərin yerlərdə real seçki kampaniyası aparmağa nə maliyyə, nə insan resursları var. Ona görə də sosial şəbəkələrdən və elektron KİV-dən maksimum yararlanmağa çalışırlar. Eyni zamanda, seçkilərə çox sayda gənc atılıb və onlar üçün reallıq elə sosial şəbəkələrdir. Onlar öz auditoriyalarına buradan daha rahat və effektiv xitab edəcəklərinə əmindirlər. Sosial şəbəkələrdə və elektron KİV-də təbliğat aparmaq həm də asandır, bir çox hallarda namizədlər seçici ilə üz-üzə gəlməkdən qorxur. Müşahidələr göstərir ki, seçicilər daha tələbkar olublar və hazırlıqsız insanlar çətin ki, onlarla birbaşa ünsiyyətdə uğur qazansınlar. Bu baxımdan, namizədlərin əksəriyyəti daha təhlükəsiz, asan yol seçib. Uğurlu seçki texnologiyası, xüsusən majoritar, bir mandatlı dairələr üzrə parlament seçkilərində ilk növbədə dairə hüdudlarında, bilavasitə ərazidə dinamik kampaniya aparılmasını tələb edir. Real siyasi təcrübəni, insanların rəğbətini canlı ünsiyyət, görüşlərlə, məhlələri, küçələri, dalanları müzakirə məkanına çevirərək qazanmaq mümkündür. Çox təəssüf ki, bir çoxları bələdiyyə seçkiləri ilə parlament seçkilərini səhv salır. Parlament seçkilərində namizədin bütün təbliğat dövrü boyunca kommunal təsərrüfatdan, yoldan, abadlıqdan danışması qədər təəssüf doğuran heç nə yoxdur”.
Z.İbrahimli qeyd etdi ki, namizədlər daha çox səs verəcək ehtimal olunan hədəf qrupunu müəyyənləşdirməli və fəaliyyətlərini buna görə qurmalıdır: "Bizim təcrübədə hələ ki, bu çatışmır. 21 günə namizədin bütün məntəqələri əhatə etməsi mümkün deyil. Bunun üçün kampaniya, təbliğat komanda işi olmalıdır. Bizim təcrübədə komanda işi gözə dəymir. Seçki şüarları əvvəlki seçkilərlə müqayisədə rəngarəng və zəngindir. Bu çox yaxşıdır ki, şablonlardan çıxmağa başlayırıq. Dizayn, tərtibat da müasirdir, yaxşıdır. Amma seçki sloqanına yanaşma dəyişməlidir. Seçki sloqanı namizədi, platformanı, seçki təbliğatını tamamlamalıdır. "Biz bacaracağıq!” sloqanı geniş yayılıb, amma bu şüarla seçkiyə gedən namizədin platforması, çıxışları tam fərqlidir. O məntiqlə seçicilərlə birlikdə necə işləyəcəklərindən, kollektiv təşəbbüslərdən danışmalıdır. Seçki sloqanlarında namizədin adı ətrafında söz oyunu da artıq köhnəlmiş və uğursuz praktikadır, seçici üçün heç bir ismarıc vermir. Bəyəndiyim sloqanlar var, amma kampaniyadan sonra bir daha bu mövzuya qayıdaraq, konkret misallar çəkərik”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər