“Kaspi” qəzetinin 144 yaşı tamam olur
Yanvarın 1-də "Kaspi" qəzetinin 144 yaşı tamam olur. “Üç əsrin qəzeti” kimi tanınan qəzetin ilk nömrəsi 1881-ci ildə çapdan çıxıb.
“Kaspi” əvvəlcə həftədə iki dəfə, sonra isə üç dəfə çıxıb. 1884-cü ildən isə gündəlik nəşr olunmağa başlayıb.
Qəzetin ilk baş redaktoru Viktor Kuzmin olub. 144 illik tarixi ərzində qəzetə bir çox görkəmli şəxsiyyətlər rəhbərlik edib. Onların arasında ictimai və dövlət xadimi Əlimərdan bəy Topçubaşov xüsusi yer tutur. O, 1897-ci ildə mesenat Hacı Zeynalabdin Tağıyev qəzeti aldıqdan sonra "Kaspi"nin baş redaktoru olub.
Ümumilikdə o dövrdəki maarifçi ziyalıların əksəriyyətinin yolu “Kaspi”dən keçib. 1918-ci ilin mart-aprel hadisələri zamanı qəzet və mətbu orqanın yerləşdiyi bina ciddi ziyan görüb, qəzetin indiki Sabir heykəlinin yanında yerləşən mətbəəsi yandırılıb. 1919-cu ildə qəzet nəşrini dayandırıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra – 1999-cu il martın 6-da qəzetin fəaliyyəti bərpa olunub. Qəzet Azərbaycan dilində əvvəlcə həftəlik, sonra isə gündəlik nəşr olunub. Sonradan qəzet paralel olaraq rus dilində də çap olunmağa başlayıb.
“Kaspi” və "Kaspiy" qəzetləri 2021-ci ildən Azərbaycanın ən böyük media holdinqi olan “Global Media Group”un tərkibinə daxildirlər. "Üç əsrin qəzeti" müasir və gözəl dizaynda çıxır. Hər şənbə günləri çap olunan rəngli, 16 səhifəlik "Kaspi"də siyasi, iqtisadi, sosial, mədəni və idman materialları dərc edilir.
"Kaspi"nin materiallarını Kaspi.az və Kaspiy.az saytlarında da oxumaq mümkündür.