• şənbə, 25 Oktyabr, 04:48
  • Baku Bakı 17°C

İstedadın qarşısına qoyulan görünməz baryer

25.10.25 01:44 72
İstedadın qarşısına qoyulan görünməz baryer

Uşaq incəsənət məktəblərində təhsil xərcləri iki dəfə artırılıb. Ekspertlərin fikrincə, bu addım uşaqların incəsənətdən uzaqlaşmasına və bu məktəblərə olan böyük marağın azalmasına səbəb ola bilər.

Azərbaycanda uşaq incəsənət məktəblərində ödənişli təhsil qiymətlərinin kəskin artırıldığı iddia olunur. Bununla bağlı Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbində təhsil alan uşaqların valideynləri müraciət edib. Valideynlər bildirir ki, ödənişli təhsil alan uşaqlar üçün ödənişlər iki dəfəyədək artırılıb. Bu isə ixtisasdan asılı olaraq aylıq ödənişin 100-150 manata qədər yüksəlməsi deməkdir. Onlara bunun Mədəniyyət Nazirliyi tərəfindən verilmiş göstəriş olduğu bildirilib. Valideynlərin sözlərinə görə, təhsil haqlarının yığılma qaydası da dəyişib. Belə ki, bu günə qədər hər ay ödənilən vəsaitlərin ildə iki dəfə yığılması göstərişi verilib. Bəs qiymətlərin bu səviyyədə artırılması bu məktəblərə marağı azalda bilərmi? Hazırda uşaq incəsənət məktəbləri ilə bağlı mövcud durum necədir?

“Bu məktəblərdə 53 minə yaxın şagird təhsil alır”

Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ölkədə 237 incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 53 minə yaxın şagird müxtəlif ixtisaslar üzrə (musiqi, rəssamlıq, xoreoqrafiya və s.) təhsil alır: “Ümumilikdə uşaq incəsənət məktəblərinə maraq yüksək səviyyədədir. 2024/2025-ci tədris ili üzrə keçirilən elektron qəbul müsabiqəsi zamanı 18 800-dən çox müraciət daxil olub. Bu, əvvəlki illərlə müqayisədə artım və davamlı marağın göstəricisidir. Qeyd edilən təhsil müəssisələrində ödəniş məbləğlərində edilən dəyişikliklər şagird sayına mənfi təsir göstərməyib, əksinə, müraciət dinamikası və valideyn marağı artıb”.

“Bəzi məktəblərdə təminat problemləri qalmaqdadır”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəylinin sözlərinə görə, uşaq incəsənət məktəblərinə maraq səviyyəsində artım müşahidə olunur. Rəsmi məlumatlara görə, 2023–2024-cü tədris ilində bu məktəblərə qəbul olunan uşaqların sayı əvvəlki illə müqayisədə 5–7 faiz çox olub: “Ən çox müraciət olunan ixtisaslar fortepiano, rəsm, vokal və milli musiqi alətləri istiqamətləridir. Bakı, Gəncə, Sumqayıt və Abşeron bölgələrində bu məktəblərə tələbat yüksəkdir və yerlər məhdud olduğundan bəzən seçim müsabiqə əsasında aparılır. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri gənc istedadların aşkara çıxarılmasında, onların yaradıcılıq qabiliyyətinin inkişafında və gələcək peşəkar təhsil üçün ilkin baza formalaşdırılmasında mühüm rol oynayır. Son illərdə bu sahədə bir sıra islahatlar aparılıb. Tədris proqramlarının yenilənməsi, müəllimlərin attestasiyası, məktəblərin maddi-texniki bazasının qismən gücləndirilməsi və idarəetmə sistemində vahid standartların tətbiqi bu istiqamətdə görülən işlərdəndir. Bununla yanaşı, bəzi məktəblərdə hələ də infrastruktur və təminat problemləri qalmaqdadır. Maddi-texniki bazanın zəifliyi, köhnə musiqi alətləri, müəllimlərin əməkhaqqının aşağı olması və tədris şəraitinin bərabər səviyyədə təmin edilməməsi çətinlik yaradır. Belə şəraitdə ödənişli təhsil modellərinin genişləndirilməsi və təhsil haqlarının artırılması addımı bəzən maliyyə ehtiyaclarını qarşılamaq məqsədi daşıya bilər”. 

“Qərarın ictimai əsaslandırılması zəruridir”

E.Mirzəbəyli bildirdi ki, qiymət artımı ilə bağlı iddialar təsdiqlənərsə, bu, həm sosial, həm də institusional baxımdan müxtəlif təsirlər doğura bilər: “Sosial planda artım aşağı və orta gəlirli ailələr üçün əlavə yük yaradır. Əgər aylıq ödənişlər 50–70 manatdan 100–150 manata yüksəlibsə, bu, bəzi valideynlərin övladlarını məktəbdən çıxarmaq qərarına gəlməsinə səbəb ola bilər. Bu isə istedadlı uşaqların yaradıcılıq imkanlarının məhdudlaşması deməkdir. Digər tərəfdən, əgər yığılan vəsait məktəblərin maddi bazasının möhkəmləndirilməsinə, müəllimlərin maaşının artırılmasına və tədris şəraitinin yaxşılaşdırılmasına yönəldilirsə, bu, uzunmüddətli perspektivdə təhsil keyfiyyətinə müsbət təsir göstərə bilər. Lakin qərarın şəffaflığı və ictimai əsaslandırılması zəruridir”.

“Uşaqları incəsənətdən uzaq salmaq olmaz”

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova da düşünür ki, qiymət artımı şagirdlərin incəsənətdən uzaqlaşmasına səbəb ola bilər: “İncəsənət məktəblərinə maraq yüksəkdir. Valideynlər övladlarının gələcəyini sənətdə görür, onları musiqiyə, rəsmə, teatr sənətinə yönəltmək istəyirlər. Amma bu maraq yalnız fürsət olanda davam edə bilər. Əgər bu məktəblər orta gəlirli ailələr üçün əlçatmaz hala gətirilərsə, o zaman gələcəyin istedadlı gəncləri elə uşaqlıqda bu yoldan soyuyacaqlar. Bu gün uşaq incəsənət məktəblərində həm dövlət sifarişi (yəni pulsuz təhsil alanlar), həm də ödənişli əsaslarla təhsil alan uşaqlar var. Lakin bir çox ailə üçün bu ödənişlər onsuz da yük idi. İndi isə ikiqat artım bir çox uşağın məktəbdən uzaqlaşdırılması riskini doğurur. Bəzi valideynlər artıq övladlarını dərslərdən çıxarmaq məcburiyyətində qaldıqlarını bildirirlər”.

E.Akimovanın fikrincə, qiymət artımı bu məktəblərin fəaliyyətinə təkcə maddi yox, mənəvi təsir də göstərə bilər: “Əgər bir uşaq sırf ödənişə görə sevdiyi fortepianodan, fırçasından, ya da balet paltarından uzaq qalırsa, bu, tək bir ailənin yox, bütöv cəmiyyətin itkisi deməkdir. Uşaqları incəsənətdən uzaq salmaq olmaz. Bu artım təkcə qiymət artımı deyil, həm də istedadın qarşısına qoyulan görünməz baryerdir”.

“Hələ ki, maraq var, onu öldürməyək”

Təhsil eksperti Elmin Nurizadənin sözlərinə görə, incəsənət məktəblərində vəziyyət qənaətbəxşdir. Çünki bizim xalq hər zaman mədəniyyətə yüksək sevgi bəsləyib: “Musiqi məktəbləri hər zaman valideynlərin marağında olub. Lakin son dönəmlər incəsənət məktəblərinə aid problemlər artmaqdadır. Lakin düşünürəm ki, uşaq incəsənət məktəblərinə marağı daha da artırmalıyıq. Uşaqları cəlb etmək üçün yumşaldılmalar etməliyik. Tələblərin, qiymətlərin artması ilə bu marağın azalmasına səbəb ola bilərik. Hələ ki, maraq var, onu öldürməyək”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər