AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“İşğalçıya öz gücümüzü göstərəcəyik”

“İşğalçıya öz gücümüzü göstərəcəyik”

Cəmiyyət
14 İyul 2020, 16:38 4398
Sərhəddə gərginlik yaradan Paşinyan hakimiyyəti üçüncü qüvvələri öz çirkin siyasətinin əsirinə çevirib,onların arxasında daldalanmağa çalışır

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışıb, artilleriya atəşindən istifadə edərək hücuma cəhd edib. Azərbaycan Ordusunun ayıq-sayıqlığı, həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat göstərilib ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Təəssüf ki, Azərbaycan Ordusunun 7 hərbçisi də bu döyüşlərdə qəhrəmancasına həlak olub. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
 

 
Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində son gərginliyin hərbi təhlili onu göstərir ki, təxribat Ermənistan tərəfindən başlanıb. Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb. Ermənistan tərəfi qəflətən artilleriya qurğularından istifadə edib və nəticədə Azərbaycan hərbçiləri şəhid olublar. Ermənistan tərəfinin itkiləri daha sonrakı vaxtda Azərbaycan ordusunun cavab atəşi nəticəsində baş verib. Ermənistan iddia edir ki, guya Azərbaycan UAZ maşını ilə erməni mövqelərinə hücuma keçib. Bu, olduqca gülünc və ağlasığmaz bir iddiadır. Azərbaycan tərəfi hücuma keçmək istəsəydi, onda UAZ-dan deyil, öz ordusunun arsenalında olan güclü, dağıdıcı vasitələrdən istifadə edərdi. Ermənistanın bu təxribatı törətməkdə məqsədi təkcə diqqəti ölkədə olan ağır sosial-iqtisadi vəziyyətdən və COVİD-19 ilə bağlı acınacaqlı durumdan yayındırmaq deyildi. Məqsəd həm də sərhəddə gərginlik yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və təşkilatın arxasında daldalanmağa çalışırdı. Lakin onların bu ümidləri də puç oldu. KTMT daxilində sağlam məntiq qalib gəldi. Sözügedən məsələ ilə bağlı təşkilatın planlaşdırılan növbədənkənar daimi şura görüşü ləğv olundu. Bu barədə xəbər KTMT internet ünvanından silindi. Çünki, KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşür.
 


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, politoloq Hikmət Babaoğlu bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı istər hərbi texnika, istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturdulub. Deputatın fikrincə, bu təxribatın ardınca işğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi–diplomatik və informativ təxribatlara əl atmağa başlayıb: "İşğalçı dövlət ilk növbədə, müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə başladı. Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə bilmədi. Hətta ən çox ümid etdiyi və elə ən çox da münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə, Ermənistanın çağırışı ilə heç formal toplantı belə keçirmədi.Ermənistan təxribatçı əməlləri ilə Azərbaycanın informasiya məkanına da müdaxilə etməyə çalışır, ölkəmizdə olan ictimai həmrəyliyi pozmağa cəhd göstərir. Müxtəlif vasitələrlə sosial media platformasına guya Azərbaycanın öz itkilərini gizlətdiyi ilə bağlı dezinformasiyalar ötürür. Bu, düşmənin informasiya təxribatıdır. Əsla bu təxribata inanmaq, onu ciddiyə almaq olmaz. Əslində itkiləri gizlədən Ermənistandır və işğalçı ölkənin sosial mediası bu cür xəbərlərlə doludur. Sosial media iştirakçıları çoxsaylı erməni hərbçilərinin şanlı ordumuz tərəfindən öldürülməsilə bağlı arqumentləşdirilmiş xəbərlər yaysa da, işğalçı ölkənin rəsmi qurumları hələ də bunu etiraf etmək istəmirlər”.
 


Milli Məclisin deputatı Elnur Allahverdiyev də hesab edir ki, Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə KTMT-ni bu münaqişəyə cəlb etmək, eyni zamanda diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir: "Dünya ölkələri COVID-19-a qarşı mübarizə apardığı halda Ermənistan yenə öz təcavüzkar niyyətindən əl çəkmir. Düşmənin növbəti təxribat əməli bir daha onu göstərir ki, Ermənistan və onun rəhbərliyi demokratiya pərdəsi altında gizlənərək nəinki regiona, bütün dünyaya, bəşəriyyətə təhlükə yaradırlar. Bu, onu bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi ikiüzlülükdür. Biz çox məkrli və hiyləgər bir düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir. Paşinyan xalq arasında dayaqlarını sürətlə itirdiyindən bu təxribatı sanksiyalaşdıra bilər. Hazırda Ermənistanda vəziyyət kritik həddə çatıb. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə ciddi böhran yaşanır”.
 


Deputat bildirib ki, düşmənin Tovuz rayonundakı növbəti təxribatı Paşinyan hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasını bir daha göstərir: "Azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin salan və bu torpaqları həyasızcasına özününkü hesab edən Ermənistanın bu hərəkətinə beynəlxalq ictimaiyyət münasibət bildirməlidir. 30 ilə yaxındır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan beynəlxalq birlik qarşısında cavab verməlidir. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hələ də kağız üzərində qalır. Təcavüzkar Ermənistan BMT-nin qəbul etdiyi 4 qətnaməni heçə sayır. İşğal olunmuş Azərbaycan torpaqları – Dağlıq Qarabağ və ətraf 7 rayon qətnamənin tələblərinə uyğun olaraq qeyd-şərtsiz boşaldılmalıdır. Görünür ki, Ermənistan ordusu 2016-cı ildəki Aprel döyüşlərini yaddan çıxarıb və həmin günləri yenidən yaşamaq istəyir. Azərbaycan Ordusu düşmənlə döyüşə hər an hazırdır və biz işğalçıya öz gücümüzü göstərəcəyik”.

Rufik İSMAYILOV