İranı kim hədəf seçib?
İranın Natanz nüvə obyektində iyulun 2-də yanğın
baş verib. Yanğın qısa vaxt ərzində
söndürülüb, yanğın olan binada nüvə və digər radioaktiv materiallar olmayıb və
bu zaman radioaktiv çirklənmə baş verməyib. Yanğın zamanı heç kim xəsarət
almayıb.
Bəs nüvə obyektində yanğına nə səbəb olub?
Nüfuzlu "Nyu York Tayms” qəzeti mənbələrinə əsasən
yanğının İsrail kəşfiyyatının işi olduğunu yazıb. İsrail rəsmiləri adətən bu xəbərləri
nə təsdiq, nə də təkzib edirlər. Ancaq hamı bilir ki, İsrail İranın nüvə
çalışmalarından narahatdır və müxtəlif yollarla bunun qarşısını almağa çalışır.
İsrailin müdafiə naziri Beni Qansın "vacib deyil ki, İranda baş verən hər bir
insidentin arxasında İsrail dayanır” sözləri diqqəti cəlb edir. Bu açıqlamanı
belə də oxumaq olar: "İrandakı hadisədə iştirakımız istisna deyil”. İsrailin
xarici işlər naziri Qabi Aşkenazi isə ölkəsinin İranın nüvə obyektinə hücumunu
bu sözlərlə faktiki təsdiq edib: "İsrail İranın nüvə silahı əldə etməməsi üçün
uzunmüddətli siyasət həyata keçirir”.
İki versiya irəli sürülüb. Birinci versiyaya görə
yanğına səbəb hansısa raketin nüvə obyektinə düşməsi olub. İkinci versiya isə
bundan ibarətdir ki, partlayıcı qurğu hansısa yolla içəri keçirilib. Ekspertlər
ikinci versiyaya üstünlük verirlər. Çünki, İran tərəfi partlayışa səbəb olan
raketin qalıqlarını aşkar etməyib.
Yanğına məruz qalan nüvə mərkəzi İran üçün vacib əhəmiyyət
kəsb edir. Bu mərkəzdə nüvə elementləri zənginləşdirilir. Yanğın nəticəsində isə
yüksək texnoloji avanadlıqlar sıradan çıxarılıb. Başqa sözlə yanğın İranın nüvə
çalışmalarını bir qədər ləngidib. Partlayış obyektin üst mərtəbəsində baş
verib. Mərkəzin yerin altında da mərtəbələri var. Ona görə ekspertlər düşünürlər
ki, növbəti hücumdan qorunmaq üçün mərkəzdəki bütün avadanlıqlar alt mərtəbələrə
yerləşdiriləcək.
Maraqlıdır ki, son hadisə 10 gün ərzində İranda baş
verən dördüncü partlayışdır. İyunun 26-da Tehran yaxınlığındakı hərbi kompleksdə
partlayış baş verib. Bu hadisədən 4 gün sonra Tehran yaxınlığındakı xəstəxanada
partlayış baş verib. Hadisə zamanı 19 nəfər həlak olub. Nəhayət bir neçə gün əvvəl
İranln qərbindəki elektrik stansiyasında transformator partlaması nəticəsində
güclü yanğın baş verib.
Beləliklə, İrandakı nüvə və hərbi mərkəzlər hədəf
götürülüb. Bu hadisələrin Azərbaycanla yaxından uzaqdan əlaqəsi yoxdur. Buna
baxmayaraq, Ermənistandakı saytlar guya İrandakı mərkəzlərdə tuşlanan raketlərin
Azərbaycandan havaya qaldığını yazıblar. Aydındır ki, bu "məlumatları” həmin
saytlarda Ermənistan kəşfiyyatı yerləşdirib. Məqsədləri bu yolla İranla Azərbaycan
arasında gərginlik yaratmaqdır. Elə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı
açıqlamada da erməni təxribatına diqqət yetirilib: "Bu cür məlumatın yayılması
Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə
aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə
yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil. Bildiririk ki, Azərbaycan
ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir
addım atılmayıb və bundan sonra da atılmayacaq”.
Əslində Ermənistanın yaydığı saxta məlumatlar həm də
İsrailin əleyhinə yönəlib. Halbuki, Ermənistan hakimiyyəti son aylarda İsraillə
əlaqələrini genişləndirib, hətta bu dövlətdə səfirliyini açmaq istəyir. İndi isə
rəsmi İrəvan demək istəyir ki, İsrail Azərbaycan ərazisindən istifadə edərək
İrana raket "zərbələri” endirib. Əgər İrandakı partlayışlarda İsrailin əli
varsa, bu dövlət təkbaşına hərəkət edib. Digər tərəfdən ekspertlər
partlayışların obyektlərin içərisində baş verməsi ehtimalını yüksək qiymətləndiriblər.
Raketlə vurulma ehtimalı azdır. İranda 2000-ci illərdə nüvə mərkəzlərində
çalışan bir neçə alim müəmmalı şəkildə qətlə yetirildi. Bunu da kim edibsə təkbaşına
edib. Azərbaycan belə oyunlarda iştirak etmir. Bizim bir hədəfimiz var, o da
işğalçı Ermənistandır.
Elxan Şahinoğlu
"Atlas”
Araşdırmalar Mərkəzi