• şənbə, 20 Aprel, 20:15
  • Baku Bakı 24°C

İpək dəsmal

10.06.20 13:15 5008
İpək dəsmal
İpək fabrikinin enli giriş qapısının qarşısına Ay işığı düşmüşdü. Qapının önündən bir neçə adam tələsik keçdi. Mən həvəssiz, hara gedəcəyimi bilmədən qapıdan çıxarkən qapıçı arxamdan səsləndi:
– Hara gedirsən?
– Bir az gəzişim, – dedim.
– Kəndirbaza tamaşa etməyə gedirsən?
Cavab vermədiyimi görüb əlavə etdi:
– Hamı gedir. Bursaya beləsi gəlməyib.
– Heç həvəsim yoxdu, – dilləndim.
Yalvardı-yaxardı, məni fabrikə qarovul çəkməyə razı saldı. Bir az oturdum, siqaret çəkdim, zümzümə elədim. Sonra ürəyim sıxıldı. Nə edəcəkdim, qalxdım, qapıçı otağındakı manşırlı dəyənəyi götürüb fabrikin həyətində dolaşmağa başladım.
Qızların çalışdığı qoza açan sexin qarşısından keçər-keçməz şıqqıltı eşitdim. Cibimdən fənəri çıxarıb yandırdım. Ətrafa boylandım. Fənərin uzanan gur işığında qaçan iki çılpaq ayaq göründü. Yüyürüb qaçanı yaxaladım.
Qapıçı otağına oğru ilə birgə girdik. İşığı yandırdım.
Bu nə balaca oğlandır? Bərk-bərk yapışdığım əli uşaq əli imiş. Gözləri par-par yanırdı. Öz-özümə güldüm, əllərini buraxdım.
Uşaq əlindəki kiçik qələmlə üstümə cumdu və çeçələ barmağımı yaraladı. Yaramazı qamarladım. Ciblərindən azacıq qaçaq tütün, bir-iki papirosluq kağız, təmiz bir dəsmal çıxdı. Qanamış barmağıma onun qaçaq tütünündən basdım, dəsmalı cırıb yaramı bağladım. Tütündən iki qalın papiros bükdük, dostcasına söhbətə başladıq.
On beş yaşı vardı. Oğru deyilmiş. Biri ondan ipək dəsmal istəmişdi, özünüz başa düşürsünüz, sevdiyi qonşu qız. Pulu da yox ki, gedib bazardan alsın. Düşünüb-daşınmış, ağlına fabrik gəlmişdi.
Mən:
– Yaxşı – dedim – emalatxana bu tərəfdədir, sən o biri tərəfdə nə gəzirdin?
Güldü, emalatxananın yerini hardan bilirdi.
Yenə bir papiros büküb yandırdıq. İsinişmişdik.
Xalis bursalı idi, köklü-köməcli...
İstanbulda olmamışdı. Mudanyanı isə – bunu deyəndə üzümü görəydiniz – bircə dəfə görmüşdü.
Əmir Sultanda, ay işığında, dəli-dolu vaxtımda mənim də belə tay-tuşlarım olmuşdu.
Yəqin ki, bunun da onlar kimi uzaqdan səsini eşitdiyim Çöydərənin hovuzlarında dərisini Günəş qaraldıb. Mövsümdən mövsümə meyvələrin qabığının rəngini alıb. Üzü qoz qabığı kimi qaralmışdısa, dişləri təzə qoz ləpəsi kimi ağappaqdır. Mən bilirəm, yayın əvvəlindən qoz mövsümünə qədər Bursa uşaqlarının əlləri ərik və şaftalı, düymələrdən ucları görünən fındıqların naxışlı yarpaqların ətrini verər.
Divar saatı on iki çaldı. İndilərdə kəndirbazın tamaşası bitməli idi.
– Aradan çıxım, – dedi.
Onu ipək dəsmalsız yola saldığımdan məyus olmuşdum. Eşikdən gələn səsə diksindim. Qapıçı deyinə-deyinə içəri girdi. Arxasında da balaca oğru...
Oğrunun qulağını çəkdi. "Bu yaşda uşaq oğrudur! Əfəndim, həbsxanada yatıb ağıllansın!” deyərək qapıçı çılpaq dabanlarını nazik bir söyüd budağı ilə qaşıdı. Yaxşı ki, müdir işə yoxdu, yoxsa onu polisə verərdi.
Çox qorxutduq, ağlamadı. Gözləri ağlamağa hazır uşaqların gözlərinə döndü, amma dodaqları titrəmədi, qaşları düyünlənmədi. Yalnız bir az pərişandı.
Buraxılınca azad edilmiş göyərçinə döndü. Ay işığını və qarğıdalı tarlasını yarıb keçirmiş kimi qaçıb getdi.

* * *

Mən o zaman malların yığıldığı anbarın üstündəki otaqda yatırdım. Yerim rahatdı, hələ Aylı gecələrdə necə gözəl olurdu. Pəncərəmə yaxın, lap yaxın tut ağacı vardı. Ay işığı tut yarpaqlarından süzülür, otağıma ələnirdi. Yay-qış pəncərəmi açıq saxlayırdım. Nə sərin, nə xoş mehlər, yellər əsirdi. Bir vaxt gəmidə çalışdığımdan küləklərin hardan əsdiyini qoxusundan tanıyırdım.
Yuxum yüngüldür. Səhərə yaxındı. Eşikdən xışıltı səsi gəlirdi. Kimsə tut ağacına çıxmışdı. Qorxudan yerimdən qalxa bilmədim, qışqırmadım. Pəncərədə bir kölgə gördüm.
O idi, yavaşca pəncərədən içəri girdi. Önümdən keçərkən gözlərimi yumdum. Dolabları qarışdırdı. Rəfləri əlləşdirdi. Susurdum. Doğrusu, onun cəsarətinə heyran qalmışdım, malların hamısını qoltuğuna vurub aparsaydı, mane olmayacaqdım. Sabah müdir, "Ölmüşdün?” deyə məni şallaqlayacağını, işdən qovacağını bildiyim halda səsimi çıxartmayacaqdım.
Oğlan gəldiyi kimi bomboş, səssiz-səmirsiz pəncərədən çıxıb getdi. Bu anda budağın sındığını duydum. Yıxılmışdı. Aşağıya endiyim zaman başına xeyli adam yığılmışdı. Qapıçı da ordaydı.
Can verirdi. Yumulmuş əlini qapıçı açdı. Ovcunun içindən bir ipək dəsmal köpürdü. Xalis ipək dəsmal belədir, nə qədər əzsən, bürüşdürsən, əlin açılan kimi ovcundan su kimi fışqırar.

Uzun Ömər

Ən uzunumuzdan bir metr daha uzun, ən enlimizdən yarım metr daha enli, ən şişmanımızdan 150 kilo daha ağır bir adam yaşayır aramızda. Şükür, ən pisimizdən daha pis, ən nankorumuzdan daha nankor, ən ağıllımızdan daha ağıllı deyil. Yoxsa halımız necə olardı? Ancaq ən yaxşımızdan, səndən, məndən beş dəfə artıq daha yaxşı, daha üzüyoladır.
Bu adamın özünə kostyum tikdirməsi üçün səkkiz metr qumaşa ehtiyacı var. Evitikilmişin ayaqqabıları yüz əlli lirəyə başa gəlir, paltarları beş yüz lirəyə.
Bizim bu Qalata körpüsündən harda var? Çindəmi deyirsiniz? Bərbərləri, pinəçiləri, meyvə, su, simit satanları, aşçıları, kazinoları, başmaqçıları, əsnafları qarışıq, hətta evsiz-eşiksizlərə havadarlıq edən otelləri aləmdir körpümüzün. Doğrusu, şairanə, ələdüşməz bir matahdır. Dünyada tayı-bərabəri olmayan bu körpünün altında, tavanı bizə görə hündür, yuxarıda sözü keçən adama görə alcaq bir dükan var. Ömər Özkan orda lotereya biletləri satır. Özkan soyadından çox Uzun Ömər adı ilə tanınan bu gənc adama hər istanbullu, hər İstanbula gələn yolçu Heydərpaşa vapurundan körpüyə ayaq basar-basmaz durub heyrətlə tamaşa edər. Balaca uşaqlar saatlarca, qovuluncaya qədər onun önündə dayanıb özlərindən, atalarından, qardaşlarından iki, üç, dörd dəfə böyük, möhtəşəm adama baxarlar. Doğrusu, tamaşaya durmağa dəyər. Amma baxışlar altında canı üzülür Ömərin. Sanki yalvarır: "Baxın, baxın, amma tez keçib gedin, nə olar!” Ancaq onu görüncə ayaq saxlayıb heyran-heyran onu süzməmək də mümkün deyil. Biz qəzetçilər uşaq kimiyik. Təkcə uşaq kimi olsaq, dərd yarıdır. Daha betərik. Baxmaqla ürəyimiz soyumur, hələ maraq üçün yaxasından yapışıb sorğu-suala da tuturuq:
– Neçə kilosan?
– Çoxdan özümü çəkdirməmişəm, amma 170 qara okkamı1, kilomu, elə bir
şeydir.
– Maşallah!
Hər halda küçədə bizim kimi fani bəni-adamləri çəkən tərəzilər ona tab gətirməz. Çünki bizi çəkən tərəzilər 150 kilonu keçmir. Müharibə illərində bəzilərini tərəzidə çəkmədən, çəkilərini gözəyarı artırırdılar ki, cəbhəyə göndərilməsinlər. İndi həmin adamların çəkisi guya 40 kilo düşmüşdür.
– Ömər əfəndi, çox yeyirsən?
– Sizə baxanda çox yeyirəm, amma çəkimə görə az. İştaham yerindədir. Üç qab yemək, üç çörək bəsimdir. Amma çox su içirəm.
– Boyunun uzunluğu...
– İki metr iyirmi beş santimdir. Daha böyümürəm. Üç ildir böyüməm dayanıb. Uzundrazlıq da bir şey deyil.
– Əlbəttə, Ömər əfəndi! Allah eləməsin, bir az da böyüsəydin, bir öküz dərisindən ayaqqabı, bir top qumaşdan paltar geyəcəkdin. Neçə yaşın var?
– 1911-də doğulmuşam. Özün hesabla!
– Haralısan?
– Biləcikin Abbaslı köyündən.
– Haçandan böyümən başladı?
– Xatırlamıram. Bizimkilərdən kimisi beş yaşından başladı deyirlər, kimisi on iki-on üç yaşından. Kəndli nə bilsin yaşını?
– Ən çox nədən xoşun gəlir, Ömər?
– Köylünün nədən xoşu gələr? Heç bu barədə düşünmədim.
– Ən çox nəyə acığın tutur?
Gözlərini mənə zillədi. Elə doğma, elə saf, duru gözləri var ki... Qəhvəyi, parlaq gözlər adamı dostluğa, rahatlığa, sükuta, təvəkkülə çağırır.
– Özünü unudub məni seyr edən uşaq-muşağa qızıram ha, bu qızmaq deyil, cırnamaqdır. Barışmadığım şey haqsızlıqdır.
– Heç haqsızlıq gördünmü?
– Haqsızlıq görməyən insan varmı? Bütün Anadolunun, İzmir vilayətini dolandırdılar. Pullarımı yedilər...
Ömərin gur, boyu qədər olmasa da, hündür səsi var. Alnında və üzündəki qırışlar dərin deyil. Tərləmiş bığları təzətərdir. Ürkək gözlərilə insana baxıb ürəkdən, şirin-şirin güldüyü zaman adamın ona "Təbiət səni niyə bu gülünc oyuna saldı?” deməyi gəlir. O qədər nəhənglik iddiası eləyənlər var ki dünyada. Böyüklük davası döyənlərlə bu oyunu oynamalı idi təbiət. Elində, obasında oraqla ot biçən, qoyunlarını örüşə aparan adama niyə ilişirdi?
– Həkimlər belə uzanmanı necə izah edirlər?
– Deyirlər başımda hormonlar çox işləyir, ondandır. Ana nənəm deyir, babam da beləydi. Səndən də uca idi. 200 qara okka gəlirdi. Tarladan dönəndə bir səhəng su içərdi. Yeriyəndə yer titrəyirdi. Bizim köydə qabaqlar da mənim kimi adamlar çoxmuş. Demək, belə çıxır ki, keçmişdə Biləcikin Abbaslı köyündə olsaydıq, bağ-bağçalı qəhvəxanada oturarkən qorxudan dilimizi qarnımıza soxardıq. Əcinnələr, divlər oylağı imiş Abbaslı köyü.
– Atan nəçidir?
– Budur atam! – 1,65 – 1,68 metr boyunda bəyaz bığlı, sağlam, dinc bir adamı göstərdi – bir bacım, bir qardaşım da var. Onlar sizlər kimidir.
– Ömər ağa, bir şey də soracağam, amma...
– Bilirəm nə soracaqsan. Qadınlar... – Önünə baxdı. Öküzə bir yumruq vursa çökdürəcək qədər böyük, iri çəkic kimi əlləri, uzun bir yaşlı tut ağacı qalınlığında barmaqları ilə lotereyaları qarışdırdı. Bir müştəriyə bilet uzadıb "Xeyirli olsun!” dedi. Sonra mənə üz tutdu – Qadınlar məndən qorxmaqda haqsızlıq edirlər. Biri ilə evlənmək istəyirəm. Həkimlər icazə verir. Mən də başqa kişilər kimiyəm. Boyun uzanması xəstəliksə, artıq o da dayandı. Qazancım da pis deyil. Bir qadını xoşbəxt edə bilərəm.
– Gözaltın varmı?
– Yoxdur hələ. Qadınların üzünə baxmıram. Çoxu məni ələ salır, gəlib "Nə zaman evlənəcəksən, Ömər ağa?” soruşurlar. Belə sual verənə könlü olsa da, yaxın dura bilərəmmi?
Bu zaman bir xanım əlində torba içəri girdi və dedi:
– Ömər əfəndi, torba bir az dursun burda, qayıdanda götürərəm.
Ömər bir xanıma, bir də mənə baxdı. Qıpqırmızı qızardı. Xanım da xanım idi ha. Ömərin üzündən, oğrun baxan gözlərindən həsrətə bənzər bir şey keçdi.
– Ömər əfəndi – dedim – səndən yazacağam. Bəlkə, bir halal süd əmmiş insafa gələ.
Üzü güldü. Gülüş mənimlə hələ uzun-uzun söhbətlər edəcəyini vəd edirdi.
Axşam olunca Ömər əfəndi dükanını bağlayar, körpünün pilləkənlərini dalğın-dalğın çıxar. Özündən altmış, yetmiş, səksən santimetr qısa insanlara rəğbət dolu, həsrət dolu, xeyirxahlıq dolu gözlərlə baxaraq tramvay duracağının yaxınlığına qonşu, Beşikdaşdakı yastı-yapalaq evinə dönər. Atası ilə yeməyini yeyər. Sonra taxtadan xüsusi düzəldilmiş çarpayısı sındığı üçün yerdəki şəltəsinə uzanar, gözlərini yumar, halal süd əmmiş bir arvad barədə düşünər...
Uzun Ömərin lotereyalarının çoxunda böyük uduş olmaz, amma yüzdə doxsan doqquzuna kiçik hədiyyələr düşər. Hələ ondan lotereya bileti almış xanımlardan əli boşa çıxanı olmayıb deyirlər. Doğrudurmu? Bilmirəm.
Sait Faiq Abasıyanıq
Dilimizə uyğunlaşdıran: Əjdər Ol

banner

Oxşar Xəbərlər