İctimai asayişin, qanunçuluğun keşiyində

Pandemiya dövründə əhalinin
sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınması üçün polis
mühüm funksiya yerinə yetirir
Azərbaycan polisiicra hakimiyyətinə - Daxili
İşlər Nazirliyininstrukturuna daxil olan vahid mərkəzləşdirilmiş
hüquq-mühafizə orqanıdır. Daxili işlər orqanının hər bir əməkdaşı "Polis
haqqında” Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət
qulluqçusudur. Polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və
azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və
mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Bir sözlə, polisin əsas
vəzifələri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin
və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, qanunvericiliklə
müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri
tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq,
icazə-qeydiyyat işlərini aparmaq, əməliyyat-axtarış fəaliyyətini və sairi həyata
keçirməkdir. "Polis haqqında” Qanunun 7-ci Maddəsində qeyd edilir ki, polis əməkdaşı
bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin
nümayəndəsi kimi çıxış edir. Ona görə də Azərbaycan ərazisində olan bütün
hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.
Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək, zor
işlətmək və ya onu təhqir etmək Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş
məsuliyyətə səbəb olur. "Polis haqqında” Qanunun 8-ci Maddəsində isə bildirilib
ki, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən
polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi
yolverilməzdir və Azərbaycan qanunvericiliyinə müvafiq qaydada
məsuliyyətə səbəb olur.

"Polis
dövlətin nümayəndəsidir”
Bütün bu vəzifə və səlahiyyətlərin icrası ilə
yanaşı, pandemiya dövründə polis gücləndirilmiş iş rejiminə keçməklə, əhalinin
sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınması üçün mühüm
funksiya yerinə yetirir, əsl fədakarlıq nümayiş etdirir. Ona görə də hamı tələblərə,
qoyulan qaydalara riayət etməklə asayiş keşikçilərinin işini, ümumən isə vəziyyəti
gərginləşdirməməlidir. Hər bir kəs anlamalıdır ki, qaydaları pozmaq, polisə
müqavimət göstərmək, qanuni tələblərdən boyun qaçırmaq, asayiş keşikçilərini təhqir
etmək, onlara qarşı qanunazidd və nalayiq hərəkətlər törətmək yolverilməzdir.
Bunun hüquqi məsuliyyəti var. Milli Məclisin
Elm və təhsil komitəsinin sədr müavini, tarixçi-alim Musa Qasımlı mövzu ilə
bağlı qəzetimizə açıqlamasında bildirib ki, polis dövlətin orqanıdır və onun
qanuni tələblərinə tabe olmamaq, asayiş keşikçilərini təhqir etmək, xidməti vəzifəsini
yerinə yetirən polisin başına butulka, zibil atmaq qətiyyən olmaz: "Polis dövlətin
nümayəndəsidir. İnsanın evi oğurlananda, nəyisə itəndə, çətinə düşəndə polisə
müraciət edir. Polis günün istisində, yağışda, qarda küçələrdə ictimai asayişi
qoruyur. Polisi necə təhqir etmək olar və ona necə butulka atmaq olar? Bunu edənlər
hərəkətlərinin fərqində olmalıdırlar. Birdəfəlik bilməliyik ki, bizim hamımız
bu dünyada faniyik, amma millətimiz, dövlətimiz əbədidir. Bizim heç birimiz dövlətin
əsaslarını sarsıda biləcək addımlar atan insanlara qarşı laqeyd olmamalıyıq.
İctimai qınaq olmalıdır. Kim dövlətin onurğa sütununu təşkil edən ordu, polis,
təhlükəsizlik, hüquq-mühafizə orqanlarına qarşı qanunazidd hərəkət edirsə,
qanun qarşısında cavab verməlidir”.

"Qanun
pozuntularına hüquqi qiymət verilməlidir”
Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov da hesab edir ki, kimliyindən asılı olmayaraq hər
kəs qanuna riayət etməli, qanun pozuntusuna isə yalnız hüquqi çərçivədə qiymət
verilməlidir: "Karantin dövründə həkimlərlə yanaşı, ən çətin iş polislərin idi.
Polis kifayət qədər peşəkar və səbirli xidmət göstərir. Elə ən çox riskə məruz
qalan da polislər olur. Gecəsini gündüzünə qatıb, hamı kimi ailəsi ilə vaxt
keçirmək əvəzinə, ictimai asayişi qoruyan da Azərbaycan gəncləri - polisləri
olub. Hesab edirəm ki, bütün qanun pozuntularına yalnız hüquqi qiymət verilməlidir.
Misal üçün, Yasamal rayonunda gənc polisin Gülər xanıma qarşı işlətdiyi ifadələr
etik davranış qaydalarına zidd idi. Hüquqi qiymət verildi. Daxili işlər
nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olundu. Əlbəttə,
bu hüquqi proses davam edir. Gülər xanım vəkillə təmin edilib, hüquqları müdafiə
olunur. Onun vəkilinin sözlərinə görə, yaxın günlərdə həbslə bağlı qərardan
apelyasiya şikayəti veriləcək. Bütün bunlarla yanaşı, düşünürəm ki, sonuncu 2
günlük sərt karantin dövründə, ümumilikdə vətəndaşlarımız qanuna böyük hörmət
nümayiş etdirdilər. Hər iki tərəf nümunəvi davrandı. Düzdür, epizodik
pozuntular da oldu. Nəticə odur ki, vətəndaşa münasibətdə etik davranış
qaydalarını pozan polis də cəzalandı, qanunu pozan vətəndaş da. Belə hüquqi
proseslər bütün hüquqi və demokratik dövlətlərdə baş verir”.

"Azərbaycan
polisi fədakarlıq nümayiş etdirir”
Milli Məclisin İnsan
hüquqları komitəsinin üzvü Naqif Həmzəyev də deyib ki, Azərbaycan polisi yarandığı gündən
xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin
mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli
vəzifələri vicdanla yerinə yetirib. Deputatın sözlərinə görə, Azərbaycan
polisinin böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirən
ulu öndər Heydər Əliyev polisin Azərbaycan dövlətinin, xalqımızın keşiyində
duran mübariz bir orqan olduğunu qeyd edib: "Koronavirus pandemiyasının bəşəriyyəti
sınağa çəkdiyi günlərdə, pandemiya dövründə fəaliyyəti ilə ən çox yadda qalan,
nümunə göstərən, vətəndaşın yanında olan peşə sahiblərindən biri də Azərbaycan
polisi oldu. Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi
qulluqçularımızla yanaşı, polis əməkdaşları da fəaliyyətləri, nümunəvi
davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq
dayandılar. Vətənimizin təhlükəsizliyi, insanların sağlamlığının qorunması
naminə hər kəsin bir olduğu, yenilməzlik nümayiş etdirdiyi zamanda Azərbaycan
polisi fədakarlıq nümayiş etdirdi. Hər an koronavirusa yoluxma təhlükəsi ilə
üz-üzə qalan şərəfli peşə sahibləri ciddi rejimdə tapşırıqlarının öhdəsindən
layiqincə gəldilər. Onlar bu ağır, çətin günlərdə həyatlarını təhlükəyə ataraq,
daim vətəndaşların təhlükəsizliyinin keşiyində dayandılar”.

"Asayiş
keşikçilərinin fəaliyyəti əvəzsizdir”
Millət vəkili N.Həmzəyev vurğulayıb ki, Azərbaycan
polisi yağışın, soyuğun, küləyin, qızmar günəşin yaratdığı narahatlıqlara məhəl
qoymadan vəzifə borclarına sədaqət nümayiş etdirirlər: "Yolda qalanın, yardıma
ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz oldu. Onları,
əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, xəstələrə tibbi ləvazimatların, dərmanların
çatdırılmasında ön sıralarda gördük. Koronavirus pandemiyası ilə bağlı maarifləndirmə
işlərində də polislərimizin fəaliyyəti əvəzsiz oldu. Polisin vətəndaşlarla
kobud davranışının şahidi olduğumuz bəzi demokratik ölkələrdən fərqli olaraq,
Azərbaycan polisi bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə nəzakət
nümayiş etdirdi, yüksək peşəkarlıqla humanist mövqe sərgilədi. Məhz bunun üçün
hər bir vətəndaş onu qoruyan, onun təhlükəsizliyini təmin edən polis əməkdaşını
gördükdə, özünü güvəndə hiss edir”.

"Azərbaycan
başqa ölkələrə nümunə göstərilir”
Milli Məclisin Ailə,
qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova isə "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, həmişə
ictimai asayişi, təhlükəsizliyimizi qoruyan Azərbaycan polisi pandemiya ilə
mübarizə dövründə həm də sağlamlığımızın keşiyində dayanır. Millət vəkili qeyd
edib ki, pandemiyaya qarşı mübarizədə xüsusi karantin rejiminin tətbiqi, vətəndaşlarımızın
bu qaydalara ciddi riayət etməsi və ən əsası ölkə başçısının "birlikdə
güclüyük” çağırışına uyğun həmrəylik göstərməsi öz müsbət nəticəsini verib.
Onun sözlərinə görə, Azərbaycanda vəziyyət nəzarətə alınıb, sağalanların sayı
virusa bulaşanların sayını üstələyib: "Azərbaycanın koronavirusla mübarizə təcrübəsi
beynəlxalq aləmdə təqdir olunur və baºqa ölkələrə nümunə kimi göstərilirdi. Təəssüf
ki, xüsusi karantin rejiminin yumşaldılması bir qrup vətəndaşlarda
arxayınçılıq hissi yaratdı və onlar çoxsaylı müraciətlə məhəl qoymayaraq, məsuliyyətsiz,
virus yoxmuş kimi davranmağa başladılar. Nəticə göz qabağındadır. Artıq virusa
yoluxma 3 rəqəmlə ifadə olur. Və hökumət təkrarən xüsusi karantin rejiminin sərtləşdirilməsi
ilə bağlı qərar qəbul etmək məcburiyyətində qaldı və həftə sonu evdən çıxma
qadağası tətbiq edildi. Qeyd etmək lazımdır ki, şənbə və bazar günlərində vətəndaşlara
evdən çıxma qadağası qardaş Türkiyə Cümhuriyyətində sınaqdan çıxıb və müsbət nəticələr
əldə edilib”.

"Qərarlara
riayət etmək vətəndaşlıq borcumuzdur”
Millət vəkili qeyd edib ki, tətbiq edilmiş qaydalar
bütün Azərbaycan xalqının sağlamlığının təhlükəsizliyini təmin etmək məqsədilə
həyata keçirilir: "Buna görə də bu qərarlara riayət etmək vətəndaşlıq
borcumuzdur. Vətəndaşlar başa düşməlidir ki, bu risk təkcə onların həyatına
deyil, bizim hamımızın sağlamlığına təhlükə gətirə bilər. Buna görə də
pandemiya ilə mübarizənin əsas şərtlərindən biri, tətbiq edilmiş qaydalara
qeyri-şərtsiz riayət etməkdir. Sevindirici haldır ki, vətəndaşların böyük əksəriyyəti
şənbə və bazar günü qadağalarına riayət etdi. Çünki başa düşürdülər ki, bütün
bunlar vətəndaşların sağlamlığının qorunması üçündür. Bununla belə, çox təəssüf
ki, evdən çıxma qadağası tətbiq edildiyi günlərdə xoşagəlməz hallarla da üzləşdik.
Yasamal rayonunda artıq bizə məlum olan hadisələr baş verdi. Xidməti vəzifəsini
yerinə yetirən Azərbaycan polisinə qaydaları pozan bəzi vətəndaşlar tərəfindən
tabesizlik, müqavimət göstərildi. Belə əməllərə yol vermək olmaz. Hamımıza məlumdur
ki, Azərbaycanda ictimai-siyasi sabitlik şəraitinin təmin edilməsində, dövlətçiliyimizin
hər cür cinayətkar qəsdlərdən, vətəndaşların təhlükəsiz yaşamaq hüquqlarının
qorunmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının xüsusi
rolu var".

Xalqın
əxlaqına, mənəviyyatına zidd hərəkətlər
Deputat söyləyib ki, Azərbaycan polisi insanların
azad, sərbəst, təhlükəsiz yaşaması üçün üzərinə düşən vəzifəni həmişə layiqincə
yerinə yetirib: "Pandemiya dövründə polislərimiz yalnız öz həyatlarını deyil,
ailələrinin, övladlarının həyatını təhlükəyə atmaqdan çəkinməyərək, xalqımızın
təhlükəsizliyinin, sağlamlığının keşiyində dayanıblar. Fədakar polislərimiz hər
zaman olduğu kimi həftəsonu fəaliyyətlərində də yüksək həssaslıq, vətəndaşlarımıza
qarşı diqqət və qayğı göstərmişlər. Bacısı vəfat edən xanım vətəndaşımızın
həmin ünvana aparılması, çörəyi olmayan vətəndaşa polislər tərəfindən çörək
alınıb çatdırılması, eləcə də polislərimizin öz yeməklərini yaşlı bir qadınla
bölüşməsi görüntüləri çox müsbət hallardan biridir. Gördüyümüz kimi, onlar öz vəzifə
borclarını yerinə yetirməklə bərabər, vətəndaşlara qarşı həm də bir övlad
münasibəti göstərdilər. Polislərimizin bu humanist davranışlarının
qarşılığında bəzi vətəndaşların etdiyi nalayiq münasibət, qeyri-etik hərəkətlər
təkcə qanun pozuntusu deyil, həm də Azərbaycan xalqının əxlaqına, mənəviyyatına
zidd hərəkətdir. Çox təəssüf edirəm ki, polislərə qarşı belə arzuolunmaz hərəkətlərə
yol verən bu cür insanları sosial şəbəkələrdə çox az adam qınadı və bu qınaq
"kampaniya” xarakteri almadı. Amma bir polisin səhvi, xidməti səlahiyyətlərini
aşması, kobudluğu əldə bayraq edildi və Azərbaycan polisinə qarşı əsassız
qarayaxma kampaniyası başlandı. Buna heç bir əsas yoxdur. Azərbaycan hüquqi
dövlətdir və hamı qanun qarşısında bərabərdir. Polis etdiyi hərəkətə görə cəzalandırıldı,
işdən çıxarıldı. Polisləri təhqir edənlər də qanunauyğun cəzalanmalıdırlar.
Qanunu pozan, kimliyindən asılı olmayaraq, cəzasını almalıdır. Vətəndaşlarımızı
tətbiq olunan qadağalara anlayışla yanaşmağa və karantin rejimi qaydalarına əməl
etməyə dəvət edirəm. Pandemiya ilə mübarizənin ilk aylarında olduğu kimi, bu çətin
günlərdə də birlik nümayiş etdirməli və məsuliyyətli olmalıyıq. Virusa ancaq
birlikdə qalib gələ bilərik”.
Rufik
İSMAYILOV
