• şənbə, 20 Aprel, 11:52
  • Baku Bakı 14°C

Hindistan xalq ədəbiyyatından Pançatantra nağılları

10.05.16 11:08 2946
Hindistan xalq ədəbiyyatından Pançatantra nağılları

Qızıl yumurta

Kaven adlı kəndlinin olduqca böyük ailəsi var idi. Bütün gün əkinlə və heyvandarlıqla məşğul olmasına baxmayaraq, olduqca kasıb dolanırdılar. Kavenin Rida adlı xanımı var idi. Günlərin bir günü Rida xəstələnir. Kaven bütün pulunu verib ona qaz alır. Kaven bu qazı bişirib, sevimli xanımına yaxşı yeməklər hazırlamaq və onu tez sağaltmaq istəyirdi. Lakin Rida qazı kəsməyə qoymur.

Bir müddət sonra Rida sağalır. Qaz isə böyüyür. Günlərin bir günü qaza dən aparan Kaven onun altında nəsə parıldadığını görür. Yumurtanı əlinə alan Kaven gözlərinə inana bilmir:

- Bu ki qızıl yumurtadır. Yox, bu necə ola bilər. Yox, yox, bu mümkün deyil. Yəqin, kiminsə mənə yazığı gəlib, ya da ki kimsə mənimlə zarafatlaşır.

Sağa-sola boylanıb, heç kimin olmadığını dəqiqləşdirdikdən sonra yumurtanı evə gətirir. Rida yumurtanın qızıldan olduğunu görüb, sevincdən qışqırmağa başlayır:

- Kaven biz bu yumurtanı satıb, aylarla dolana bilərik. Buna inana bilmirəm. Bu necə oldu.

Kaven bir dəqiqə də gecikmədən şəhərə gedir və qızıl yumurtanı satıb, çoxlu pul alır. Geriyə iki araba bazarlıqla qayıdır. Qızıl yumurtanın sevinci başından getməmiş Kaven səhəri gün qazın altından yenə qızıl yumurta tapır. Baş verənlər qeyri-adi bir qüvvənin lütfkarlığı idi. Kaven qaza daha yaxşı baxmağa başladı, ona böyük bir dam tikdi. Qazın qızıl yumurtalarını satan Kavenin canı əkin-biçindən, heyvan otarmaqdan qurtulmuşdu. Qısa zamanda Kavenin ailəsinin gözəl mətbəxi, səliqəli həyəti, geniş və işıqlı otaqları, yeni və rahat əşyaları olan böyük bir evi oldu. Kənddə hamı Kavenin ailəsinin bəxtinə həsəd aparırdı və hamı ümidlə qaz saxlamağa başlamışdı. Artıq Kavenin evində böyük süfrələr açılır, övladları kənddə hamıdan yaxşı geyinir, Ridanın qabağında xidmətçilər işləyirdi.

Günlərin bir günü Rida Kavenə dedi:

- Kaven, əzizim, mən taleyimizin belə gətirməsinə çox sevinirəm. Amma, məncə, biz daha yaxşı dolanmalıyıq. Mən istəyirəm ki, bütün ətraf kəndlərdə bizim haqqımızda danışsınlar. Bəlkə də, şəhərə köçməli, ölkənin ən böyük evini tikdirməliyik. Mən daha çox qızıl almaq və şəhərli qadınlar kimi geyinmək istəyirəm. Qoy biz saray kimi bir evdə yaşayaq.

- Canım Ridam! Mən çox istəyirəm ki, səni xoşbəxt edim. Biz sənin arzuladığın kimi yaşayacağıq. Amma mən bilmirəm nə zaman. Çünki bizim bütün pulumuz qazımızın qızıl yumurtalarından gəlir. O da gündə sadəcə bir yumurta verir.

- Bilirəm. Ona görə də ağlıma bir fikir gəlib. Əgər bu qaz hər gün qızıl yumurta verirsə, deməli, bu qızılın kökü onun qarnındadır. Əgər biz onu kəsib, qarnını yarsaq, qızılın hamısını birdən götürərik və istədiyimiz kimi yaşayarıq.

- Mənim ağıllı qadınım. Bu çox yaxşı fikirdir. Hətta gecikmək lazım deyil. Neçə ki, gün batmayıb, mən qazı kəsim.

Kaven qızıl yumurtlayan qazı kəsdi. Acgözlüklə qarnını yardı. Lakin qazın içindən heç nə çıxmadı. Kaven buna inanmaq istəmirdi. O, acgözlüyü və səbirsizliyindən hər gün qızıl yumurta verən qazı öldürmüşdü. İndi isə əlində nə çoxlu qızıl, nə də gündə bir qızıl yumurtası var idi. O, dizlərinə döyə-döyə ağlamağa başladı. Əgər səbirli davrana bilsəydi, Kaven bir gün, həqiqətən də, ölkənin ən varlı adamı ola bilərdi. Bəzən bütün zənginlik səbirdədir.

Təslimiyyət

3 qonşu kəndin sərhəddində şirinsulu bir göl var idi. Bu göl insanlar tərəfindən kəşf olunmadığından burada saysız-hesabsız çeşiddə çoxlu balıq yaşayırdı. Göldə üç böyük balıq var idi və onlar çox möhkəm dost idilər. Onlardan biri ağıllı idi, hər zaman yaxşı düşünər və riskdən, təhlükədən uzaq yaşardı. Digəri isə hiyləgər idi, hər zaman çətinlikdən qurtulmağın yolunu tapardı. Üçüncüsü isə taleyə inanaraq, yaşayar, heç nə uğrunda mübarizə aparmazdı.

Günlərin bir günü göl iki gənc balıqçı tərəfindən kəşf olunur. Lakin axşam olduğundan onlar bu göldə tor qurmağı sabaha saxlayırlar. Ağıllı balıq onların söhbətini eşidir:

- Məncə, burada çoxlu balıq var. Dərhal yararlanmalıyıq.

- Artıq axşamdır, üstəlik bugünlük yaxşı balıq tutmuşuq və mən yorğunam. Sabah gələrik.

Ağıllı balıq dərhal dostlarının yanına gedib, vəziyyəti danışır:

- Mən buradan başqa bir gölə tökülən kanal tanıyıram. O kanalla başqa gölə keçək. Səhər açılan kimi gələcəklər. Onlar gələnə kimi vaxtımız var.

- Mən onlardan qurtulmağın bir yolunu tapacam. Heç hara getməyəcəm – hiyləgər olan dilləndi.

- Mən bu göldə doğulmuşam, başqa yerə getmək istəmirəm. Həm də qismətimizdə sabah ovlanmaq varsa, onsuz da, bu göldə də, başqa göldə də bu olacaq. Mübarizə aparmaq mənasızdır - üçüncü balıq dedi.

Ağıllı balıq qərarını dəyişmədi və kanala girib, başqa gölə keçdi. Səhər balıqçılar erkən saatlardan gölə tor qurdular. Elə hər şey ağıllı balığın dediyi kimi oldu. Onların toruna düşən balıqlar arasında gölün iki böyük balığı da var idi. Hiyləgər olan dərhal özünü ölülüyə vurdu. Balıqçılardan biri:

- Onu tulla suya. Ölüdür. Bir azdan iylənəcək.

Hiyləgər balığı suya tulladılar. Digər balıq isə özünü ordan-ora çırpsa da, buna məhəl qoyan olmadı və o, öldü. Ağıl hamıya ondan yararlanmaq üçün verilib. Taleyə kor-koranə təslim olmaq, insanın ən böyük faciəsidir.

Tərcümə etdi: Elcan SALMANQIZI

banner

Oxşar Xəbərlər