• cümə, 26 Aprel, 14:53
  • Baku Bakı 23°C

Hekayədəki qız (hekayə)

03.12.15 13:00 1422
Hekayədəki qız (hekayə)
- Nolar, məni hekayədən çıxarın! - Zəif və dərindən gələn bir səs.
Sedat ətrafına baxdı. Televizor bağlı, pəncərələr də örtülüydü. Radio, yaxud ona bənzər başqa bir cihaz da yoxdu. Ayağa durdu. Səssizliyi dinlədi. Mətbəxdən soyuducunun səsi gəlirdi. “Soyuducu nə bərk səs çıxarırmış”, düşündü, əvvəllər heç fərqinə varmamışdı. “Yəqin ağlım çaşıb...” Yenidən yazısına döndü. Baxışları sətirlər arasında dolaşdı. Fikrini toplamağa çalışdı. Başlanğıcda hər şey fikirləşdiyi kimiydi. Amma irəllədikcə hekayə özü öz yolunu müəyyənləşdirirdi.
“Mehmet pillələri sürətlə çıxdı. Qəzəbləndiyindən liftə minmək ağlına gəlməmişdi. Bəlkə də qəsdən minməmişdi. Qəzəbli olanda insan çətini seçir. Gedərkən yolda hirsi soyuyar, fikri dəyişər. Adətən, belə olur. Zaman qəzəbi azaldır, əsəbləri sakitləşdirir. Bəzən dönməzlikdən qoruyur. Ancaq o gün elə olmadı. Bir sıçrayışla dördüncü mərtəbəyə qalxdı. Qapını yumruqladı. Meral qapını açdı. Altdan boz bir idman köynəyi və üstdən idman dəsti geyinmişdi. Qumral saçlarını atquyruğu eləmiş, ayağına xovlu çəhrayı çəkələk keçirmişdi. Üzündə makiyajı yoxdu. Qara gözləri yorğun və çarəsizdi. Mehmet içəri girib qapını çırpdı.”
- Nolar, məni hekayədən çıxarın!
Budu, yenə eyni səs... Sedat qulaqlarını şəklədi. Səs təkrarlandı:
- Nolar, məni hekayədən çıxarın!
Bu kimdi? Sanki səs ekrandan gəlirdi.
- Kimsən?
- Mənəm, Meral, hekayədəki qız.
Nə deyirdi? Bu nə demək? “Hekayədəki qız.” Belə şeymi olur?
- Məni ələmi salırsan?
Səs ürkəkləşdi, zəiflədi.
- Niyə məni bu hekayəyə saldınız?
- Allah, allah, bu hekayədi, hər cür qəhrəmanları ola bilər. Üstəlik sən xoşagələn, gözəl, safsan. Hekayəm üçün yaxşı bir qəhrəmansan.
- Amma mən hekayədə olmaq istəmirəm. Çox ümidsiz, talesizəm. Öləcəyimi bilirəm. Ölmək istəmirəm. Çıxar məni!
Əvvəllər bəzi hekayələrindən bir neçə nəfəri çıxarmışdı. Amma onlar əhəmiyyətsiz xarakterlərdi. Meral bu hekayənin ən önəmli xarakteriydi.
- Səni necə çıxarım? Sən baş, əsas xaraktersən.
- Mən olmaq istəmirəm.
- Mən də öldürmək istəmirəm, ancaq oxucular üçün bu cür sonluqlar daha cəlbedicidi.
“Mən nə deyirəm?” düşündü. “Durduğum yerdə xəyali qəhrəmanımla danışıram.”
Yalvarıcı səs yenə dilləndi.
- Başqa bir sonluq tapsanız... Ya da Mehmeti öldürün.
Gör ha, indi də bazarlığa başladı.
- Amma mən səni öldürməyə qərar verdim. Bu sonluq daha cazibədar, daha təsirlidi... Mehmeti kimsə ağlamaz. “Of, yaxşı oldu!” deyir. Amma sən başqa... Oxuyanın ürəyini yandırıb-yaxarsan. İndi icazə versəydin, yazmaq istəyirəm.
“Meral gözlərini açmışdı. Qorxuyla Mehmete baxırdı. Mehmet əlini qaldırdı, əli bir neçə saniyə havada qaldı. Vurmadı. Vura bilmədi, vurmağın geri dönüşü yoxdu. Meralın çiyinlərindən tutdu, hirslə silkələdi.
- Nədən belə elədin? Nəyin çatmırdı? Sənə güvənmişdim, hər şeyi məhv etdin.
Meral başını qaldırdı, nəmli gözləri qəzəblə canlandı. Qəddini düzəltdi, başını dikəltdi, daha bir addım yaxınlaşdı. Meydan oxumağa hazırdı.
- Sən nə istədiyimi heç məndən soruşmadın. Bütün qərarları sən verdin. Sənin üçün nə yaxşıdısa, mənim üçün də yaxşı olduğunu düşündün. Səninlə elə bil həbsxanadayam. Sıxıldım, darıxdım, nəfəs almaq istəyirəm. Azad olmaq istəyirəm, kimsəyə hesabat vermədən, istədiyim kimi yaşamaq istəyirəm. Səhv etmək, yanlış qərarlar vermək istəyirəm. Ən böyük ziyanın, məni qorumaq adı ilə mənə elədiklərindi. Qoy ziyana düşüm, qoy yanılım, qoy ağlayım, narahat olum.
Mehmet dayandığı yerdə çökdü, başını əlləri arasına aldı.
- O isə, Hakan məni olduğum kimi qəbul edir. Məni qınamır, günahlandırmır. Qərarlarıma hörmət edirr. Bəli, verə bilmədiyin... Bilirsənmi verə bilmədiyin nədi? Rahatlıq! Rahatlığım yoxdu yanında.
Mehmet yavaşca dikəldi. Bir əliylə Meralı tutdu, o biri əliylə gödəkçəsinin cibindən silahı çıxardı.”
Yenə o zəif səs:
- Nolar, eləmə! Sonum belə olmasın.
- Yaxşı, nə istəyirsən, Mehmetlə barışmaqmı?
Sükut. Meral düşünməliydi. Hansı daha yaxşıydı? Mehmetlə barışmaqmı, öldürülməkmi? Bir ömür boyu işgəncə. Məğlub bir səslə, “yaxşı, dedi.
- Öldür məni! Onunla yaşamaq ölməkdən betərdi...
Sedat hekayəsinə müdaxilədən narahat olmuşdu. Bu hekayənin sonunu əvvəldən belə planlaşdırmışdı. İndi qurub-qoşduqlarının hamısını təzədən gözdən keçirməliydi. Amma yazı işi sürprizlərlə doludu. Bəzən hekayə öz sonunu özü yaradırdı. Yazmağa davam etdi.
“Mehmet silahı Meralın başına dirədi, sıxdı. Meral gözlərini yummuşdu.
- Aç gözlərini və gözlərimə bax!
Meral gözlərini açdı və baxanda ümidsizlik dənizində boğulduğunu hiss etdi. Mehmetin gözləri ağrı-acı, çarəsizlik və eşqlə doluydu. Günahı, sadəcə, sevməkdi, dəlicəsinə sevmək. Mərhəmət duyğuları coşmuşdu. Qız sevmədiyi, sevə bilmədiyi üçün özünü günahlandırdı. Mehmetin əlindəki silahın lüləsini alnına dayadı.
- Bunu halal edirəm. Çək tətiyi, vur məni!
Taleyin boğucu səssizliyi ətrafı sardı. Səssizlik hər zaman rahatlıq deyildi, ağrı-acı və hüznün nəfəsi daha artıq yandırıcıydı. Qara bir bulud kimi üzərlərinə çökmüşdü. Mehmetin qolu yanına düşdü. İki addım gerilədi. Döyüşdən əli soyuyan bir əsgər kimi taleyinə təslim olmağa hazırdı. Meralın gözlərinə baxdı.
- Sənə qıya bilmərəm.
Silahın lüləsini ağzına soxdu və tətiyi çəkdi.”
- Yoox!
Meralın çılğınlığı otağı bürümüşdü. Qəzəblə Sedata bağırdı:
- Bunu niyə elədin?
- Sən ölmək istəmirdin. Başqa çarəm qalmamışdı.
“Meral Mehmetin üstünə qapanıb hıçqıra-hıçqıra ağlayırdı. Divarlar, xalı, çəhrayı çəkələklər, bəyaz idman köynəyi – hər tərəf qan içindəydi. Əlləri, üzü qana bulanmışdı.”
Sedat hekayəni kompyuterin yaddaşına qeyd etdi, lakin ürəyi rahat deyildi. Mehmetin ölümü, Meralın ağrı-acısı onu təsirləndirmişdi. Hər şeyi gerçək kimi hiss edirdi. “Adam öz yazdığından bu cür təsirlənərmi?”
Ayağa qalxdı, pəncərəni açdı. Bahar nəşəli üzünü göstərməkdəydi. Təbiət ağaclarda açan bəyaz, çəhrayı çiçəklərdən, çobanyastıqlarından, bəzəkli bitkilərdən yeni, gözəl paltarını geyinmişdi. Birdən geri qayıtdı, yazdığını açdı. Son sətirləri sildi.
“Mehmetin qolu yanına düşdü. İki addım gerilədi. Savaşmaqdan vaz keçmiş yorğun bir əsgər kimi taleyinə təslim olmağa hazırdı. Meralın gözlərinə baxdı.
- Sənə qıyamam.
Meral onun nə edəcəyini anlamışdı. Cəld üstünə atıldı və əlini tutdu. Silahı atdı. Əvvəl kresloya, sonra qapıya dəyib xalının üstünə düşdü. Mehmeti qucaqladı. İkisinin də gözlərindən yaş axırdı.
- Mən də sənə qıya bilmərəm.”
Sedat hekayəni yaddaşa qeyd etdi. Arxaya söykəndi. Çölə çıxıb gözəl havanın dadını çıxarmaq istəyirdi. Kompyuteri söndürəndə zəif bir səs eşitdi:
- Təşəkkür edirəm!
Binnur Tekinalp (Türkiyə)
Türkiyə türkcəsindən uyğunlaşdıran: Eyvaz Zeynalov
banner

Oxşar Xəbərlər