• cümə axşamı, 28 mart, 14:48
  • Baku Bakı 16°C

Hekayə yazmağa maraq varmı?

18.11.15 12:29 3602
Hekayə yazmağa maraq varmı?
Nobel mükafatçısı Uilyam Folkner həmişə hekayə yazmağın çətinliyindən gileylənib. Dahi yazıçı hətta özünü uğursuz hekayə müəllifi hesab edərək roman yazmağa başlayıb. Ədəbi tənqidçilərin fikirləri budur ki, bəzən böyük yazıçılar kiçik hekayələr yazmaqda çətinlik çəkirlər.
Yazılı ədəbiyyatın ən geniş yayılmış janrlarından olan hekayə epik növün həcm etibarilə kiçik bir janrıdır. Bu janrda müəllif bir və ya bir neçə surətlə bağlı olan konkret bir əhvalatı yığcam şəkildə təsvir edir. Azərbaycan ədəbiyyatında C.Məmmədquluzadənin “Poçt qutusu” və “Qurbanəli bəy”, Ə.Haqverdiyevin “Mirzə Səfər” əsərləri hekayənin ən gözəl nümunələri sayılır. Sonrakı dövrlərdə də Azərbaycan ədəbiyyatında maraqlı hekayələr yazılıb.
Bəs çağdaş ədəbiyyatda hekayə janrına maraq necədir? Yazarlar hekayə yazmağa, oxucular oxumağa maraq göstərirmi?
“Kaspi” ənənəvi “Müzakirə”sində bu suallara cavab tapmağa çalışıb.
Gözəl örnəyin əsası
Yazıçı Əlabbas Bağırov hesab edir ki, Azərbaycan ədəbiyyatında illərdən bəri baş alıb gedən «roman bumu» xəstəliyi indi bir qədər səngiyib: “Roman yazanların özləri hiss elədilər ki, mənasız işlə məşğuldurlar. Hekayə yaza bilməyən və bu janr sahəsində qabiliyyətli olmayanların hamısı girişib roman yazırdılar. Hətta elə adamlar var ki, onların 5 romanı var, bircə hekayəsi yoxdur. Hərdən mənə elə gəlir ki, onların bu janra meyli zamanın axarına düşüb getmək kimidir. Yəni “hamı roman yazır, mən niyə yazmayım?” deyə bu janrla məşğul olmağa başlayırlar”. Ə.Bağırov deyir ki, 1990-cı ildə yazdığı romanı 2004-cü ildə çap etdirib: “Sanballı roman ustalarını – Məmməd Səid Ordubadi, Əli Vəliyev, Süleyman Rəhimov, Əbülhəsən kimi yazıçıların yaşlarını gözümüz önünə gətirəndə bilirdik ki, romanları sanballı kişilər yazır. Bəlkə bunun özü də səhv qənaət idi. Mən cavan adamın roman yazmağına bir az qəribə baxırdım. Gənclərin meyli isə ondan irəli gəldi ki, onlar bütün olanların üzərindən xətt çəkib ədəbiyyata yeni bir tendensiya, yeni bir ab-hava gətirmək istədilər”.
Yazıçı son illər bir neçə uğurlu hekayə oxuduğunu bildirir. Belə ki, həmin yazılar son vaxtların ən dəyərli hekayələridir: «Hekayə yazan gənclər göstərirlər ki, bu janrı unutmaq olmaz. Eyni zamanda, onlar hekayə yazmağı bacardıqlarını göstərirlər”. Ə.Bağırovun fikrincə, Mübariz Örənin «İlıq», Natiq Məmmədlinin «Dolma», Cavid Zeynallının «Ölüm qovluğu» hekayələri və s. hekayələr son dövrlərin uğurlu hekayələri sayıla bilər: “Əgər belə hekayələr yaza biliriksə, ədəbiyyatın bel sütununa boş-boş romanlar yox, bu cür hekayələr çevrilə bilər. Bugünkü ədəbiyyatımız bu cür hekayələrin dayaqları üzərində duruş gətirə bilər». Yaxşı hekayələri həmişə tapıb oxuduğunu və dəyərləndirdiyini bildirən yazıçı hesab edir ki, gənclər roman janrından sonra Azərbaycanda gözəl bir örnəyin əsasını qoyublar və bunu davam etdirmək lazımdır.
İnsanların oxumağa vaxtları azdır…
Yazıçı Eyvaz Zeynalovun fikrincə, hekayə irihəcmli əsərlərdən daha çətin yazılır. Çünki bu janrda öz fikrini qısa həcmdə ifadə etməyə və yekunlaşdırmağa çalışmalısan: “Bu da digər janrlarda yazmaqdan daha çətindir. Mən hekayə yazanda dalbadal bir neçəsini yazıram. Ancaq roman üzərində işləməyə keçəndə bir qədər çətinlik çəkirəm. Ondan sonra hekayə yazanda fikrimi ifadə etmək çətin olur. Əvvəllər çalışırdım ki, fikrimi ifadə edəndə böyük hekayələr yazım. Ancaq son dövrlərə görə fikirləşirəm ki, daha kiçik hekayələr yazmaq lazımdır. Çünki insanların oxumağa vaxtları azdır, həmçinin ədəbiyyata maraqları da azalıb. Ona görə kiçik, lakonik hekayələr yazılsa, daha yaxşı olar. Fikri daha qısa yolla ifadə etməyə çalışmaq lazımdır. Bu baxımdan son dövrdə yazdığım hekayələr 2-3 kompyuter səhifəsi həcmində olur. Amma vaxtilə belə hekayələri 10-12 səhifə yazırdım”. Hekayələrin məşhurlaşmasına gəlincə, yazıçı hesab edir ki, sovet dövründə yazıçılar üçün daha çox təminat olub. Belə ki, yazarların kitabları yüksək tirajla çap olunub: “ Sovet dövründə oxuyanlar da çox idi. İnternet olmadığı üçün əhali meylini daha çox kitaba salmışdı. O zaman daha tez məşhurlaşmaq olurdu. Hamı oxuduğuna görə kinorejissorların da diqqətini çəkirdi». Ciddi hekayələr xoşladığını deyən yazıçının fikrincə, əsas olan hekayənin sənətkarlıqla yazılmasıdır: «Əvvəldən görəndə ki, hekayə naşı yazılıb, onu sonacan oxumuram. Həm də hər kəsin oxuduğu imzalar var. Vaxt qıtlığı bəzən oxumağa təsir edir”.
«Əli metroda işləyir» adlı hekayəsi ilə müsabiqə qalibi olduğunu bildirən E.Zeynalov son iki ilin toplusu içərisində maraqlı hekayələrə rast gəldiyini bildirir: «Toplunu oxuyanda düşündüm ki, yeni nəslin içərisində daha maraqlı hekayə yazanlar var. Onlar hətta indi özlərini roman yazmaqda da təsdiq ediblər. Düzdür, nəsr bir qədər təcrübə tələb edir və şeirə görə fərqlənir. Çünki yazmağa başlayanda əvvəlcə şeir yazırlar, ancaq hekayə daha çox dünyagörüşü, həyat təcrübəsi tələb edir. Bu janrla daha yaxşı nəticələr əldə etmək olur».
Tələskənlik, yarımçıqlıq…
Yazıçı Elçin Hüseynbəyli bu gün hekayə janrında yazanların çox olduğunu qeyd etdi. Belə ki, müxtəlif səpkili hekayələr yazılır: «Sadəcə olaraq, bəzən hekayələrdə tələskənlik, yarımçıqlıq hiss olunur. Bəzən süjetlərdə qırıqlıq görürsən. Bəzən adi bir statusu da hekayə şəklində təqdim etmək cəhdləri olur. Ancaq Şərif Ağayarın, Qan Turalının, Cavid Zeynallının, İlqar Rəsulun maraqlı hekayələri var”. E.Hüseynbəyli deyir ki, hekayə yazanda özünü sərbəst hiss edir. Bu baxımdan çətinliyin nədən ibarət olduğunu bilmir: «Həcm etibarilə nisbətən kiçik olan hekayədə ideya və düşüncələri oxucuya çatdırmaq bir qədər çətin olur. Ancaq mənim üçün hekayə janrında yazmaq heç zaman çətin olmayıb». Yazıçı qeyd edir ki, Nobel mükafatçısı Orxan Pamukun hekayələri içərisində yalnız birini bəyənib: «O, yaxşı romançı, ancaq zəif hekayəçidir. Bəzən böyük yazıçılar kiçik hekayələr yazmağa çətinlik çəkirlər».
Hekayələrimizdə aktuallıq çatışmır
“Biz Azərbaycan nəsri dedikdə daha çox hekayələr haqqında düşünürük”- deyən yazar Qan Turalı hekayə janrını Azərbaycan nəsrinin ən monumental janrı hesab edir: “Bu cür ənənələr əlbəttə ki, bizim bugünki uğurumuzu şərtləndirir. Bu gün Azərbaycanda yaxşı hekayələr də yazılır. Lakin bu gün bizim hekayələrimizdə aktuallıq çatışmır. Yazıçılarımız bu günü oxuya, görə bilmirlər. Ona görə də ümumən problemlər yaranır. Oxucu əsərdə öz mənəvi dünyasını narahat edən problemləri görmədisə, onda əlbəttə ki, o hekayəni də oxumayacaq. Oxusa belə, bu hekayə onun yaddaşında solğun bir iz qoyacaq”. Qan Turalı statistikadan misal gətirərək bildirir ki, romanlar hekayələrə nisbətən daha çox oxunur: “Oxucu kitabı əlinə alırsa, istəyir ki, orda uzun, dramatik bir əhvalat olsun. Bu, sovet zamanında da belə idi. Lakin indi internet var. Hekayələr qısa olduğuna görə internetdə asanlıqla oxuna bilirlər. Buna görə də indiki dövr hekayə üçün məqbuldur. Kulis.az saytına baxsanız, bunu rahatlıqla görə bilərsiniz. Misal üçün, Şərif Ağayarın avqust ayında çap etdiyimiz “Şəkil” hekayəsi çox gözəl oxundu, reaksiyalar oldu. Bu hekayə heç bir kağız nəşrdə çap edilməsə də, ancaq internetin hesabına məşhurlaşdı”.
Yazarın fikrincə, hekayə janrının özünəməxsus çətinlikləri var. Belə ki, bu janrda az sözlə çox şey demək lazımdır: “Hekayənin əsl çətinliyi burdadır. Şəxsən mən özümü roman janrında daha azad və rahat hiss edirəm. Hekayə yazıçıdan sözə maksimim qənaət tələb edir. Romanda hansısa beş səhifə artıq görünə, ümumi strukturdan kənarlaşa bilər. Lakin hekayədə bəzən bir söz belə artıq olanda hekayə korlanır”. Yazarın fikrincə, Rafiq Tağının hekayələri Azərbaycan ədəbiyyatında bu janrın ən gözəl nümunələridir.
Janrların müqayisə edilməsinə qarşı olan Qan Turalının fikrincə, hər janrın öz tələbləri və çətinlikəri var: “Adətən hekayəni tərifləyəndə deyirlər ki, bir roman gücündədir. Hekayə roman gücündə ola bilməz. Şeir də hekayə gücündə. Pyes də poema gücündə. Hər janrın öz tələbləri var. Ən çox sevdiyim hekayələrdən biri Selincerin “Banan balığının asan ovlanan günü” hekayəsidir. Amma heç zaman ağlıma gəlməyib ki, bu hekayəni “Çovdarlıqda uçurumdan qoruyan” romanı ilə müqayisə edim. Kiçik hekayə yazmaq da çətindir, roman yazmaq da. Şeir yazmaq məgər asandır?”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər