Hasar - Hekayə

Ətrafı beyinləri
çatladan üfunət iyi bürüməsəydi, qonşumuz Fərman kişinin öldüyünü heç kim
bilməyəcəkdi. Qoxu hiss edəndə əvvəlcə onların heyvanlarının murdar olduğunu zənn
etdik. Üfunətə iki gün birtəhər, ölüm-zülm dözdük. Aramızdakı hasar hündür
olduğundan onların həyətinə baxmaq mümkün deyildi. Son günlər o tərəfdən səs-səmir
də gəlmirdi, deyəsən, harasa getmişdilər. İyiyə güclə dözüb qorxumuzdan Fərman
kişiyə bir söz deyə bilmirdik. Axır ki atam deyəndən sonra ürəklənib onların
həyətlərinə baxmaq üçün uzun nərdivanı hasara söykəyib yuxarı dırmaşdım.
Gördüyümə inanmağım gəlmədi. Fərman kişi arxası üstə yerə yıxılmışdı.
Yan-yörəsində də bir neçə kiçik qan gölməçəsinin qara ləkələri qalmışdı.
Hasardan qopmuş daşlar başına düşüb onu öldürmüşdü. Hadisədən dörd-beş gün
keçdiyinə görə sir-sifəti də tanınmaz halda idi. Meyitin üstündə milçəklər,
arılar vızıldaşırdı.
Qonşumuzun ölüm
xəbəri ildırım sürəti ilə kəndə yayılanda camaat dərindən nəfəs alıb rahatlandı.
Onun ölümünə kimsə nə təəssüfləndi, nə də kədərləndi. Elə bil elə bu cür də
olmalıydı. Fərman kişinin basdırmaq elə də asan deyildi. Əvvəlcə hündür hasarı o
tərəfə aşıb, meyiti bu üzə keçirmək lazım idi. Qonşumuz hasarı o qədər hündürə qaldırmışdı
ki, evinin damı güclə görünürdü. Hasarın o biri tərəfinə keçmək üçün camaat ya uzun
bir nərdivan tapmalı, ya da kran çağırmalı olacaqdı. Hündür darvazalarını çox
döysələr də, içəridən cavab gəlmədi. Qapılarının ağzındakı supermarket də neçə gün
idi bağlı qalmışdı.
Ağsaqqallar
qonşumuzu dəfn etmək üçün bir yerə yığışıb xeyli məsləhətləşdilər. Hərə bir söz
dedi, bir təklif verdi. Bəziləri onun oğullarının qorxusundan deyirdilər ki, gəlin,
heç Fərman kişini dəfn eləm’yək. Övladları gəlib atalarını onlarsız
basdırdığımıza görə dərimizə saman təpər, şərləyərlər ki, onu camaat öldürüb.
İki gündən
sonra fikirlər dəyişdi, qərara alındı ki, meyit basdırılsın.
Çox
soraqlasalar da kran tapılmadı. Darvazanı sındırmağa da qorxdular. Meyiti həyətdən
qaldırmaq üçün bir uzun nərdivanla çətin də olsa, üç-dörd kişi hasardan həyətə
adlaya bildi. İylənib tanınmaz hala düşməyə başlamış meyiti kəndirlə bir neçə
yerdən bağlayıb yuxarı qaldırdılar. Yuyub kəfənləmək mümkün olmadığından
qonşumuzu köhnə-möhnə bir palaza büküb basdırdılar. Onun üstündə elə bir ağlayan-zad
da olmadı. Böyük bacısı Mələk bir-iki ağız nə isə mızıldanıb özünü qəmli göstərməyə
çalışdı. Qardaşı İsmixanın səsi də çıxmadı. Elə bil basdırılan onun dost-doğma qardaşı
deyildi. Molla Mürvət də «Yasin»i çox könülsüzcəsinə oxuyub qurtarandan sonra camaat
dağılışdı. Ehsan-zad da verən olmadı.
Qonşumuzun bu
cür urvatsız dəfn olunmasının günahı özündəydi. Fərman kişi əvvəllər nə belə varlı-hallı,
nə də bu cür ev-eşiyi var idi. O ailəsi ilə uçuq-sökük bir daxmada yaşayırdı. Həyət-bacasının
cındırından cin ürkürdü. Heç fərli-başlı bir çəpəri də yox idi. Yoldan ötən it də,
pişik də onun həyətindən keçib gedirdi. Bir sözlə, çox kasıb yaşayır, demək
olar ki, güclə dolanırdılar. Fərman kişi ha özünü oda-közə vursa da, gün ərzində
qazandığını ailənin ehtiyacı bir anda əlindən alırdı. Kasıbın pulu az olsa da, uşaq
sarıdan korluq çəkmir. Onun dörd uşağı – iki qızı, iki oğlu var idi. Ailəsini saxlamaq
üçün səhər ertədən şər qarışana qədər onun-bunun qapısında fəhlə işləyirdi. Hamı
qonşumuzun vəziyyətini başa düşür, imkan daxilində hörmət edib ona pulu bir az çox
verirdi. Heç kim xətrinə dəyib, qonşumuza güldən ağır bir söz demirdi.
Çəpərləri uçulub
dağıldığından yoldan keçənlər onların həyətlərini açıqca görürdülər. Kasıb olduğuna
görə Fərman kişinin kənd-kəsəkdə hörməti-zadı da yox idi. Məclisə girəndə heç kim
qonşumuza oturmağa yer göstərməzdi. Oturmuş olsaydı, hörmətli bir adam gələn kimi
birinci onu yerindən qaldırardılar. Çoxları ona salam verməyə də, hətta verdiyi
salamı almağa da ərinirdi. Əyninə geyindiyi paltarı nə vaxt aldığını bəlkə özü də
yaddan çıxarmışdı. Gec-gec qırxıldığından həmişə sifəti tüklü olurdu. Özünə baxmaqla
da heç arası yox idi. Xeyirdə, şərdə həmişə əl-ayaqda işləyər, odun yarıb çay qoyar,
bulaqdan su daşıyıb gətirərdi. Lap lazım olanda qab-qacaq da yuyardı. Fərman kişi
uşaqla uşaq, böyüklə böyük idi. Hamıyla şirin dillə danışar, mehriban davranardı.
Sifətdən çox da
gözəl-göyçək olmayan arvadı Qələmnaz da uşaqlarını dolandırmaq üçün ərindən geri
qalmazdı. İş üçün qapıları gəzər, gah yun əyirər, gah paltar yuyar, gah ev-eşik
yığışdırar, gah da yorğan-döşək sırıyardı. Axşamlar evə ya pulla, ya da pay-pürüşlə
qayıdardı. Çətinliklə də olsa, ər-arvad baş-başa verib balalarını dolandırardı.
Kasıblıq onları əldən-dildən salsa da, uşaqlarını saxlayıb böyütmək xatirinə
dözüb səbir etməkdən başqa çıxış yolunun olmadığını görürdülər.
Günlərin birində
Fərman kişinin kasıb bəxti az-maz üzünə gülümsədi. Həyat yollarının
qaranlıqlarına işıq düşdü. Şəhərdə yaşayan imkanlı uzaq bir qohumu evinin qabağında
iri bir supermarket tikdirdi. Onu işlətməyi də Fərman kişiyə tapşırdı. Bu sahədən
başı o qədər çıxmasa da, qonşumuz dolanışıq xətrinə qollarını çırmayıb işə başladı.
Daha kimsənin qapısına getməyib canı dildən alverə girişdi. Səhər ertədən kənd yatana
qədər mağazada əlləşdi. Yavaş-yavaş işə alışdı, alverin çəmini, fəndini
yaxşı-pis öyrəndi. Günlər keçdikcə həmişə
pul üzünə həsrət qalan Fərmanın ciblərində əlliliklər, yüzlüklər oynamağa başladı.
Alveri yaxşı getdikcə
Fərman kişi varlanırdı. Pulu artdıqca adamlığı azalır, insanlıq duyğusu yavaş-yavaş
ciblərində əriyib buxarlanırdı. Varlandıqca kənddə hörmət-izzəti artırdı. Əynindəki
nimdaş paltarını da çoxdan təzə kostyumla əvəzləmişdi. Qonşumuz bu geyimdə
əməlli-başlı adama oxşayırdı. Daha özünə yaxşı baxır, hər gün üzünü qırxır,
ətirlənib duxulanırdı. Puluna, var-dövlətinə görə camaatın da ona münasibəti doxsan
dərəcə dəyişmişdi. Bir vaxtlar Fərman kişini adam sayıb salam verməyənlər, salamını
almayanlar indi qabağına yüyürüb onunla ikiəlli görüşürdülər. Getdikcə hər şey tərsinə
olurdu. İndi də Fərman kişi camaata salam verməyə, verilən salamları almağa ərinirdi.
Pulu bir az da artandan sonra əyninə bahalı, par-par parıldayan kostyum geyindi,
hələ utanıb eləmədən qalstuk da taxdı. Həmin gündən sonra hamı ona «Fərman müəllim»
– dedi. Məclislərdə onun yeri lap yuxarı başda olurdu. Heç kim onun stolunda
oturmağa cürət etməz, nə də hörmətli bir adam gələndə onu qaldıra bilməzdi. İndi
məclisə gələndə hamı ayağa qalxıb ona yer göstərirdi. Bir vaxtlar qapısında işləyib
çörəkpulu aldığı adamlara Fərman kişi indi üstdən aşağı baxırdı. Yeri gələndə bəzən
heç onları adam yerinə də qoymurdu.
Marketin hesabına
qonşumuz gündən-günə varlanırdı. Varlandıqca da kobudlaşır, qazandığı pullar əvvəlki
şirin dilinə acılıq qatırdı. Günlər keçdikcə daxilindəki başqa eybəcərliklər də
üzə çıxırdı. Bir dəfə toyda oynamaq üstündə dava saldı. Özündən xeyli yaşlı olan
Hətəm kişini vəhşicəsinə basıb döydükdən sonra daşla vurub başını yardı. Kişi
ölümcül hala düşdü. Döyülən qocanın oğlanları qonşumuzu polisə verdilər. Orqan
işçiləri bir neçə gün onlara gəlib-getsə də qonşumuzu həbs etmədilər. Hər şey tərsinə
oldu. Bütün günahları döyülən Hətəm kişinin üstünə atdılar. Hələ az qaldı ki, yazığı
tutub dama bassınlar. Polislərlə aranı sazlayandan sonra Fərman kişi yetənə yetdi,
yetməyənə də bir daş tulladı. Kimdən xoşu gəlmədi, onu yumruqlayıb kəllə atdı, baş
yardı, qan tökdü. O toy olmurdu ki, qonşumuz orada dava salıb kimisə döyməsin. Kənd
camaatı onun əlindən cana yığılmışdı. Daha sakinlər ondan heç yerə şikayət eləmirdi.
Yaxşı bilirdilər ki, Fərman kişi yumruğu ilə tökdüyü qanı pulları ilə asanlıqla
yuyub üstünü ört-basdır edəcəkdi. Pul gözünü tutduğundan qonşumuz ayağının altını
görmürdü. Son vaxtlar lap kəndin ortasındaca qız-gəlinə söz atırdı. Bir vaxtlar
fağır, yazıq olan Fərman kişi varlanandan sonra qoçuluğa başladı, yavaş-yavaş camaat
üçün çarəsiz bir bəlaya çevrildi. Yarı zor, yarı xoş bəzi adamların torpağını
əlindən alıb özü üçün geniş bağ saldı. Hətta qardaş-bacısının da yurdlarına
sahib çıxdı. Yaxınları ilə dalaşdı, söyüşüb döyüşdü. Yavaş-yavaş aralığa düşmənçilik
saldı. Bir az da özünü tutandan sonra qonşumuz qohumunun da mağazasına sahib çıxdı.
Kənddə
hamının Fərman kişidən zəhləsi getməyə başladı. Qapısını açan da yox idi. O da
heç kimlə get-gəl eləmirdi. Pulu artandan sonra ikimərtəbəli ev tikdirdi. Köhnə
çəpərin yerindən daş hasar qaldırdı. Hasarı hörəndə bir az da biz tərəfdən qamarlayıb
həyətinə qatdı. Bunun üstündə atam onunla dava-dalaşa çıxsa da xeyri olmadı, qonşumuz
bildiyini elədi. Çəkdiyi xətdən də hasarını qoydu. Hamı kimi bizimlə də qanlı-bıçaq
oldu. Əvvəlcə hasar çox da hündür deyildi. Onun tikdiyi evi, həyət-bacanı görmək
olurdu. Sonra Fərman kişi yavaş-yavaş hasarı qaldırdı. Demək olar ki, hər gün hasarın
üstünə bir daş hörürdü. Qonşumuz hər gün bir daş boyu camaatdan uzaqlaşıb tısbağa
kimi qınana çəkilirdi. Qınına çəkildikcə sanki o yavaş-yavaş insanlığından da uzaqlaşırdı.
Pul yavaş-yavaş başını pozub kor edirdi. Ağlını və olub-qalan adamlığını əlindən
alırdı. Camaatın onu, onun da camaatı görən gözü yox idi. Bəlkə də qorxusundan hasarı
belə hündürə qaldırırdı ki, gecələr həyətinə girib onu öldürüb var-dövlətinə
sahib çıxmasınlar. Market işlədikcə qonşumuzun pulu aşıb-daşırdı. Var-dövləti
başından aşırdı. Heç bilmirdi ki, qazandığı pulları hara, nəyə və kimə xərcləsin.
Axı bu hündürlükdə
hasar qonşumuzun nəyinə lazım idi? Arada bu divar oldu-olmadı onsuz da, camaat onu
gözəl tanıyırdı. Hansı yuvanın quşu olduğunu yaxşı bilirdi. Keçmişdə kim olduğundan,
hansı işlər gördüyündən hamı xəbərdar idi. Nə qədər çalışsa da indiyə qədər elədiklərini
qaldırdığı hasarın arxasında gizlədə bilməzdi. Qonşumuzun əlindən bezmiş camaat
gecə-gündüz ona da, oğullarına da qarğış edib deyirdi ki, Fərman, görüm tikdiyin
hasar başa uçsun, balaları xeyrin görməyəsən. Yığdığın pulu sağ-salamat yemiyəsən.
Bəziləri də, qonşumuzun arxasınca gileylənib deyirdilər ki, pulun belə çoxdur kəndə
su çəkdir, yollara asfalt döşətdir, məscid tikdir, kasıb-kusuba əl tut. Axı
nəyinə lazımdır bu hündürlükdə hasar?
Fərman kişinin
bir vaxtlar ac-yalavac böyüyən uşaqları da ataları kimi qudurub cızıqlarından çıxmışdılar.
Kasıb olanda qapımızdan əl çəkmirdilər. Bir az pullanandan sonra isə həyətimizə
ayaq basmadılar. Fərman kişinin özünün də, oğlanlarının da maşınları var idi. Bəlkə
də onlar pullarının sayını itirmişdilər, amma həyətlərinə çörəkpuluna gələnləri
döyüb qovurdular.
Fərman kişini
dəfn edəndən sonra camaatın gözü yolda, qulağı səsdə qalmışdı. Hamı qorxurdu ki,
oğlanları qayıtdıqdan sonra hasarlarını aşıb həyətlərinə girən adamları döyüb incidəcək,
polisə verib tutduracaqlar. Günlər ötüb keçirdi. Hələ ki, onun nə arvadından,
nə də uşaqlarından xəbər çıxırdı. Kənddə sakitlik hökm sürürdü. Heç kim döyülüb-söyülmürdü,
həbs olunmurdu. Qurd quzu ilə dinməzcə otlayıb yola gedirdi.
Qonşumuzun
uşaqları kəndə qayıda bilmədilər. Fərman kişinin dəfnindən on gün sonra
televizorda istirahətdən qayıdarkən onların yolda qəzaya düşüb ailəliklə həlak
olduqları barədə məlumat verdilər. Üç gündən sonra Fərman kişinin övladlarının və
arvadının meyitlərini kəndə gətirdilər. Camaat yığışıb onları da dəfn etdilər. Qəbiristanlıqda
yalnız molla Mürvətin səsi eşidilirdi. Pul verən olmadığına görə o da «Yasin»i
çox zəif səslə oxuyurdu.
Bir neçə gündən
sonra sakinlər yığışıb kəndin əvvəlki gözəlliyini, yaraşığını özünə qaytarmaq üçün
Fərman kişinin bir vaxtlar tikib qaldırdığı hasarı sökdülər.
İndi kənd hasarsız,
Fərman kişisiz daha gözəl görünürdü…
Vahid MƏHƏRRƏMOV