Gözəgörünməz qonşu

Gecə növbəsindəki mehmanxana işçisi dırnaqları
yeyilməkdən didilib qızarmış barmaqlarını qeydiyyat jurnalındakı müştəri
siyahısında gəzdirib, təəssüflə çiyinlərini çəkdi. Sonra yeni gələn müştəriyə
tərəf elə döndü ki, əynindəki xidməti gödəkçəsi buruşdu.
– Bəli, nömrədədir. Yatır.
– Yatır… – Şvamm fikirli halda təkrarladı. Daha sonra tələsmədən qeydiyyat vərəqəsini doldurub növbətçiyə qaytardı.
Şvamm otağa qalxanda onu qəribə hisslər bürümüşdü, sanki köhnə, qurumuş quyuya özünü atmağa hazırlaşırdı: qaranlıqda dibi görünməz quyuda nə ilə desən rastlaşmaq olardı. Otağa yaxınlaşanda o, qeyri-ixtiyari olaraq addımlarını ləngidib nəfəsini içinə çəkdi, otaqdan səs gəlib-gəlmədiyini bilmək istəyirdi. O tərəf-bu tərəfə boylanandan sonra açar dəliyindən içəriyə baxmağa çalışdı. Otaq qaranlıq idi. Fikirləşdi ki, bəlkə elə otaqdakı adam bilərəkdən qapının o üzündən açar dəliyini bağlayıb ki, kimsə baxanda bir şey görməsin.
– Siz məni gözləyirdiniz? – Şvamm ürkək halda soruşdu.
Onun sualı cavabsız qaldı. Əvəzində Gözəgörünməz qonşu dedi:
– Yeri gəlmişkən, – azca duruxub dedi. – Mənim soyadım Şvammdır.
– Şvamm? – qonşusu təkrar soruşdu.
– Bəli.
– Siz konqresə gəlmisiniz?
– Yox, bəs siz?
– Mən də yox.
– İş üçün?
– Deməzdim.
– Mən də elə bir inanılmaz iş üçün gəlmişəm ki, çətin kimsə buna görə başqa şəhərə gedə.
Yaxınlıqda dəmiryolu stansiyası vardı. Hər dəfə qatar keçdikcə yer silkələnir, çarpayı titrəyirdi.
– Necə bəyəm, yoxsa bu şəhərdə intihar etmək istəyirsiniz? – deyə Gözəgörünməz qonşu soruşdu.
– Yox, məgər mən özümü öldürənə oxşayıram?
– Sizin necə göründüyünüzü bilmirəm, – qonşusu dedi. – Qaranlıqdır axı...
Şvamm səsinə şən çalar qatıb izah etdi:
– Allah göstərməsin! Əlbəttə yox! Mənim bir oğlum var, cənab... Qonşusunun adını bilmədiyindən duruxdu. – O balaca yaramazın ucbatından bura gəlməli olmuşam, – deyə əlavə etdi.
– Yoxsa xəstəxanaya düşüb?
– Nə dediniz? Yox, yox o sağlamdır. Düzü, bir az sınıxıb, amma ümumilikdə vəziyyəti yaxşıdır, dərslərini də yaxşı oxuyur. Qoy, mən bura gəlməyimin, bu otaqda olmağımın səbəbini açıqlayım. Dediyim kimi, oğlumla bağlıdır. O, çox həssas uşaqdır, lap elə bil dəymədüşərdir, küləyin əsməsinə bənddir.
– Onda belə çıxır ki, xəstədir...
– Yox e... – deyə Şvamm səsini qaldırdı. – Dedim axı o sağlamdır, tam sağlamdır. Hər halda bu günə qədər belə olub. Ancaq o, təhlükə altındadır. Çünki həddən artıq kövrək qəlbi var, sanki zərif büllur kimidir, əl dəysə sınar, buna görə təhlükədə olduğunu deyirəm.
– Onda getsin özünü öldürsün, – qonşu laqeydcəsinə dedi.
– Siz nə danışırsınız? O axı uşaqdır! Necə də həssasdır, zərif vücudu var, toxunmağa qıymırsan... Uşaq haqqında heç belə söz demək olar?! Onun narahatlığının səbəbini deyim: o, hər gün dərsə gedir, özü də tək gedib-gəlir. Hər dəfə məktəbə gedərkən yolda dəmiryolu şlaqbaumu bağlandığı üçün səhər qatarının keçib-getməsini gözləyir. Və mənim balam sürətlə ötüb-keçən qatara əl yelləyir: əvvəlcə həvəslə, var gücü ilə, sonra isə kədərli halda...
– Niyə ki?
– Hər dəfə dərsdən evə qayıdanda çox bikef, qüssəli olur, hətta bəzən ağlayır da... Dərslərini həvəssiz edir, oynamır, deyib-gülmür. Üstəlik onun bu vəziyyəti artıq aylardır davam edir. Allahın hər günü eyni şeylər təkrarlanır. Mənim oğlum getdikcə məhv olur, gözümün önündə saralıb-solur...
– Axı nəyə görə ?
– Bilirsiz, – Şvamm dedi, – çox qəribədir. Uşaq qatardakılara həvəslə əl yelləyir, amma heç kimin əl yelləməməsi ona dəhşətli dərəcədə təsir edir. Bu, uşağı elə üzür ki, anası ilə mən yaman narahatlıq keçiririk. Balama niyə heç kim əl yelləmir?! Əlbəttə, uşağa əl yelləsinlər deyə sərnişinlərdən nə tələb etmək olar, nə də göstəriş vermək. Amma... nə bilim...
– Və siz, cənab Şvamm, bu şəhərə oğlunuzu ovutmaq üçün gəlmisiniz... İstəyirsiniz ki, səhər qatarına minib pəncərədən oğlunuza əl yelləyəsiniz...
– Tamamilə doğrudur, cənab!
– Məni uşaqlar maraqlandırmır, – Gözəgörünməz qonşu dedi. – Hətta onlara nifrət edirəm, uşaqlardan qaçıram. Çünki doğrusunu desəm, uşaq ucbatından mən həyat yoldaşımı itirmişəm. O, elə ilk doğuşdaca öldü.
– Dəhşətə bax! – deyə Şvamm çarpayısında dirsəklənib dikəldi. Artıq hiss edirdi ki, şirin yuxu bədənini yavaş-yavaş keyitməyə başlayıb.
– Siz Kurtsbax istiqamətinə gedəcəksiniz, eləmi? – qonşusu soruşdu.
– Bəli.
– Sizi heç narahat etmirmi ki, öz övladınızı aldadırsınız? Axı açığını desək, bu əməlli-başlı aldatmadır! Etiraf edin ki, bu əsl yalan və ələsalmadır!
Şvamm qəzəbləndi:
– Siz lap ağ elədiniz ha! Nə cəsarətlə mənə bu sözləri deyirsiniz?
Şvamm axşamüstü evinə çox dilxor qayıtdı. Mehmanxanada bir gün də artıq qalmağa imkanı yox idi. Qapını oğlu açdı. Uşağın gözündən xoşbəxtlik saçırdı. Qapını taybatay açıb özünü atasının qucağına atdı. Balaca əlləri ilə atasının kürəyini döyəcləyib sevinclə dedi:
– Bu səhər qatarda bir nəfər mənə əl elədi. Həm də uzun-uzadı, ağacını da yellədi!
– Qoltuq ağacını?
– Hə, əvvəlcə əl yellədi, sonra qatar uzaqlaşanda ucuna ağ yaylıq bağlanmış qoltuq ağacını pəncərədən bayıra çıxarıb yellədi, ta gözdən itənədək...
Ziqfrid Lents
Rus dilindən tərcümə edən: Şəfiqə Şəfa