• çərşənbə axşamı, 19 mart, 13:56
  • Baku Bakı 8°C

Gürcüstan karantin qaydalarını yumşaltmağa tələsmir

15.07.20 18:12 770
Gürcüstan karantin qaydalarını yumşaltmağa tələsmir
Müxalifət qadağaları qarşıdan gələn seçkilərlə əlaqələndirir

Gürcüstanda pandemiya ilə mübarizədə uğurlu göstəricilər olsa da, hakimiyyət qaydaları yumşaltmağa tələsmir. Əksinə, Gürcüstan hökuməti ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddətini 2021-ci il yanvarın 1-dək uzadıb. Ölkə parlamenti bununla bağlı "İctimai sağlamlıq haqqında” qanuna düzəlişlər layihəsini 79 səslə təsdiqləyib. Qanuna əsasən, hökumət bu ilin sonunadək vətəndaşların hərəkəti, onların iqtisadi fəaliyyətini məhdudlaşdıra, həmçinin kütləvi tədbirlərin keçirilməsini qadağa edə bilər. Hökumət həmçinin insanları karantin və ya özünütəcridə göndərmək hüququna da malik olacaq. Qeyd edək ki, Gürcüstan hökumətinin koronavirusun yayılmasının qarşısının alınması üçün məhdudiyyətlər tətbiq etmək səlahiyyəti iyulun 15-də başa çatıb. Qonşu ölkə COVİD-19 pandemiyasının ikinci dalğasını gözləyir və hökumət epidemioloqlarla birgə onun qarşısını almağa hazırlaşır. Müxalifət iddia edir ki, hakimiyyətin aksiyaların keçirilməsinə olan qadağası qarşıdan gələn seçkilərlə əlaqəlidir. Bidirilir ki, Gürcüstanın hakim "Gürcü Arzusu” Partiyası oktyabrın 31-də keçiriləcək parlament seçkilərinə hazırlıqlara start verib. Siyasi təşkilat seçki qərargahı da yaradıb. Partiyanın icraçı katibiİrakli Kobaxidzeqərargahın rəhbəri təyin olunub. "Gürcü Arzusu” Partiyasının sədriBidzina İvanişvilinin iştirakı ilə seçki qərargahının iclası da keçirilib. Toplantıda seçkiqabağı təşviqat və seçkilərlə bağlı digər məsələlər müzakirə olunub. Artıq parlamentdə təmsil olunmayan 68 siyasi partiya seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Bildirilib ki, parlamentdə təmsil olunmayan siyasi partiyaların seçkilərdə iştirakla bağlı müraciət vaxtı iyulun 15-də başa çatır. Bu günədək MSK-ya müraciət edən partiyalardan 14-ü qeydiyyata alınıb, bir partiyanın sənədləri geri qaytarılıb. MSK-dan bildiriblər ki, parlamentdə təmsil olunan siyasi partiyaların qeydiyyatı isə seçkilərə 57 gün qalmış başa çatır. Seçkilərdə iştirak edəcək siyasi partiya və blokların tam siyahısı seçkilərə 30 gün qalmış, oktyabrın 2-də elan olunacaq. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu il qarışıq sistem əsasında keçiriləcək. Parlamentin 150 deputatından 30-u majoritar, 120-si isə proprosional (partiya siyahısı üzrə) seçiləcək. Seçicilərin 1 faizinin səsini qazanan siyasi partiya parlamentdə təmin olunma hüququ qazanacaq. Məlumat üçün xatırladaq ki, bundan əvvəlki seçkilərdə deputatların 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar sistem üzrə seçilmişdi.
Bütün bunların fonunda eks-prezident Mixail Saakaşvili də yenidən aktivləşib. "Mən bu payızda Gürcüstana gəlmək üçün qəti hücuma hazırlaşıram. Biz vətənimizin məhv olmasına və ölkəmizin Rusiya canişini Bidzina İvanişvili tərəfindən dağıdılmasına son qoyacağıq. Gürcü dövlətçiliyini bərpa edib, onu sürətli şəkildə relslər üstünə qoyacağıq”, - deyə eks-prezident bəyan edib. Onun sözlərinə görə, Ukrayna və Gürcüstanla bağlı böyük planları mövcuddur. M. Saakaşvili bəyan edib ki, heç bir ölkədə hər hansı bir vəzifəyə iddia etmir. Özünü regional lider adlandıran Saakaşvili bildirir ki, bir çoxları ümidlərini ona bağlayıb. "Mən böyük transformasiya tərəfdarıyam, yarımçıq addımlara və proseslərə inanmıram. Mən yalnız prosesin nəticələrinə inanıram. Bəli, mən həm Gürcüstanda, həm də Ukraynada mübarizə aparıram. Nə qədər çətinliklər olsa belə, heç vaxt təslim olmuram - nə ictimai-siaysi nə də şəxsi həyatda. Bu, mənim yolumdur. Birləşin bizlərə”, - deyə eks-prezident sosial şəbəkədə bildirib.
Öz növbəsində "Yeni Gürcüstan” Partiyasının lideri Georgi Vaşadze hakimiyyəti turizm sektoruna yardım etməyə çağırıb. O hesab edir ki, kovid-pasport və epidemioloji standartlara uyğun olaraq sərhədlər dərhal açılmalıdır: "Mən baş nazir Georgi Qaxariya və hökumətə müraciət edirəm: boş-boş işlərlə deyil, konkret əməllərlə məşğul olun. Özünüzə məxsus şirkətləri subsidiyalaşdırmayın, turizm sektoruna kömək edin. Ölkəyə məşğulluq və gəlir gətirən yeganə sektoru məhv etməyə imkan verməyin. Bu problemin həlli üçün iki əhəmiyyətli plan reallaşdırılmalıdır - kovid-pasport və epidemioloji standartlarına uyğun sərhədlərin açılması ilə yanaşı, bu sahənin bütün kreditləri dondurulmalıdır. Biz gəlirlərin yenidən qalxması üçün çalışmalıyıq”.
Bir məsələ də var ki, hökumətin qərarı turizmlə məşğul olan insanları narahat edib və özündən çıxarıb. Bu kateqoriyadan olan insanlar isə əhalinin üçdə birini təşkil edir. Pandemiya bu sahəni tam şəkildə iflic edib və mehmanxana, restoran biznesi ilə məşğul olan insanlar, suvenir hazırlayanlar, çoxsaylı ekskursiya bürolarında çalışanlar gəlirlərdən məhrum olublar. Xarici qonaqların olmamasını şərabçılıqla məşğul olanlar da hiss etməyə başlayıblar. Bu səbəbdən də, insanların hökumətin təxirəsalma qərarlarından təəssüflənmələrini başa düşmək olar. Bir ay da gözləmək isə onlara ciddi zərbə vuracaq. Lakin başqa yol da yoxdur. Bu fikirdə olanlar arasında Tbilisi infeksiya xəstəxanasının direktoru Tenqiz Çerçvadze də var. Onun sözlərinə görə, Gürcüstan COVİD-19 koronavirus pandemiyasından az sayda xəstə ilə qurtulan xoşbəxt ölkələr siyahısındadır. "Əgər bu vəziyyəti qoruyub saxlasaq, o zaman bütün dünyaya nümunə ola bilərik. Beynəlxalq turizm isə müəyyən anda vəziyyəti gərginləşdirə bilər. Biz hansısa xəstəlik sayının artmasını gözləmirik. Çünki faktiki olaraq, bizdə ölkə daxilində infeksiya yoxdur. Gürcüstan birinci sınağa dözdü - o zaman infeksiyanı saxlamaq gərək idi. Fövqəladə rejimin ləğvi və məhdudiyyətləri götürəndən sonra ikinci dalğaya da davam gətirdi. Bu zaman imkanlarımızın yalnız bir hissəsindən istifadə etdik”, - deyə Çerçvadze bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər