• cümə axşamı, 28 mart, 18:49
  • Baku Bakı 13°C

Gürcü nağılı

28.10.19 11:22 17375
Gürcü nağılı
Elias Kanetti

Alman dilində yazıb-yaratmış Avstriya yazıçısı və dramaturqu Elias Kanetti 25 iyul 1905-ci ildə Osmanlı imperiyasının (indiki Bolqarıstanın) ərazisindəki Ruscuq (və ya Ruse) liman şəhərində, sefard yəhudisinin ailəsində dünyaya göz açıb. 1911-ci ilə qədər Dunay çayının sahilindəki Ruscuqda yaşayan ailəsi hələ 1492-ci ildə İspaniyadan baş götürüb Avropanın içərilərinə qaçıb-sığındığı üçün ispan dilinin bir dialekti olan Ladino şivəsində danışırmış. Bütün ailə üzvləri ata-babadan ticarətlə məşğul imiş. Nəslin nümayəndələri ən müxtəlif ölkələrdə və millətlər əhatəsində yaşadıqlarından istər-istəməz bir neçə dili yaxşıca mənimsəyibmişlər. Məsələn, Eliasın ata tərəfdən babası on yeddi dil bilirmiş. Gələcəyin dahi yazıçısı Elias hələ yeddi yaşı olanda ladino, bolqar, ingilis və qismən də fransız dillərində danışa bilirmiş. Valideynləri Jak və Matilda (qızlıq soyadı Arditti imiş) Kanettilər Vyanada təhsil aldıqlarından yalnız və yalnız almanca danışırmışlar. Elə buna görə də ailədəki üç oğulun ən böyüyü olan Elias əsərlərini sonradan məhz bu dildə yaradıb.
Altı yaşı olanda ailəsi İngiltərənin Mançester şəhərinə köçdüyündən Elias ingilis dilini öyrənməyə məcbur olur. Vaxtilə ailəsinin pambıq-kağız emalı və ticarəti işlərini yoluna qoymaqdan ötrü ədəbiyyata bəslədiyi dərin sevgidən imtina edən atası öz oğlunu bütün klassikləri oxumağa həvəsləndirib və daim ona təlqin edib ki, özündən fərqli olaraq, oğlunun sevdiyi işlə, sənətlə məşğul olması üçün heç nəyi əsirgəməyəcək. Aradan heç bir il ötməmiş Jak Kanetti qəflətən dünyasını dəyişir və dul qalan Matilda övladlarını da götürüb, vətəni Avstriyaya dönür.
Vyanadakı məktəblərdən birinə daxil ola bilsin deyə, anası bir müddət Eliasa alman dilini öyrədir. Məhz bu sistematik məşğələlər sayəsində uşaq alman dilini öz ana dili kimi qavramağa, dəyərləndirməyə və sevməyə başlayır. Sonralar qələmə aldığı xatirələrində o, qeyd edirdi ki, gələcək həyat yolunun seçimində anasının və onun sevdirdiyi alman dilinin misilsiz rolu olub.
Vyanada 3 illik təhsil sonrası Elias 1916-21-ci illərdə İsveçrənin Sürix şəhərində təhsilini davam etdirir və bu illəri "İlk gəncliyinin cənnət dövrü” adlandırır. Həmin illərdə o, özünün nəzmlə ilk pyesini ("Yuni Brut”) yaradır. Oğlunun Sürixdə hər сür qayğıdan uzaq bir həyat sürməsindən narahatlığa qapılan anası 1921-ci ildə onun Frankfurta köçməsinə nail olur və inanır ki, Almaniyanın savaşdan sonrakı sıxıntılı şəraiti Eliasın dünyaya daha real yanaşmasına şərait yaradacaq. Bu şəhərdə üç illik təhsilini başa vuran Elias, yenə də anasının istəyi ilə, Vyana Universitetinin kimya fakültəsinə qəbul olunur və 1929-cu ildə bu ali təhsil ocağının diplomunu qazanır. Lakin bu illər ərzində bütün varlığıyla yazarlığa, söz sənətinə can atdığından o, kimya ilə məşğul olmaqdan birdəfəlik imtina edir. Həmin dövrdə Elias tanınmış satirik yazar və aforist Karl Krausun yanına gedib-gəlir, ondan, özü demişkən, "dil ilə mənlik arasında körpü qurmağı” öyrənir.
1928-ci ildə Berlinə səfəri zamanı Elias tanınmış yazarlardan Bertold Brext, İsaak Babel və rəssam Georq Qross ilə tanış olur. Məhz həmin vaxt o, ağlını itirmiş insanlar barədə romanlar seriyası yazmaq və hər romana bir manyak tipini qəhrəman seçmək qərarına gəlir.
Otuzuncu illərin əvvəllərində o, məşhur ABŞ yazarı Epton Sinklerin üç romanını alman dilinə çevirir.

Ailə həyatı

1934-cü ildə Kanetti Venesiyada yazıçı və çevirmən Veza Taubner-Kalderonla nikaha girir və tezliklə bir oğul atası olur. Bu xanımla o, ilk dəfə hələ 1924-cü ildə, Karl Krausun mühazirələrindən birində rastlaşmışdı.
1963-cü ildə həyat yoldaşı Veza dünyasını dəyişdiyindən Kanetti ikinci dəfə, həm də bu dəfə bir restoran sahibəsi olan Hera Buşor ilə ailə qurur. Yazarla hələ 1950-ci ildə tanışlıq quran bu qadın 1988-ci ildə xərcəng xəstəliyindən vəfat edir. Bu evlilikdən bir qız övladı dünyaya gəldiyi zaman isə yazarın artıq 68 yaşı var imiş.

Vəfatı

Kanetti 14.08.1994-cü ildə və ömrünün son iyirmi ilini keçirdiyi Sürix şəhərində dünyaya gözlərini əbədi yumur. Vəsiyyətinə əsasən o, məşhur irland yazıçısı Ceyms Coysun (1882 - 1941) yanında dəfn olunub.

Uzun yaradıcılıq fəaliyyəti dövründə yazar aşağıdakı əsərləri yaradıb:

Roman

"Korlaşma” (1935)

Pyeslər

"Toy” (1932), "Şənbazlıq komediyası” (1934), "Sayılı günlər” (1956)

Avtobioqrafik esse və xatirələr

"Xilas olunmuş dil” (1977), "Gözlərin oyunu” (1985), "Qulaqdakı məşəl” (1987), "Blits-görüş” (1991)

Yol qeydləri

"İnsanın ucqarı” (1942 - 1972, 1973), "Saatın gizli qəlbi” (1973 - 1985)
Bunlardan başqa yazar "Kütlə və iqtidar” (1960), "Mərakeşdən səslər” (1968), "Bir başqa proses: Kafkanın Felisiyaya məktubları” (1968), "Əlli xarakter. Qulaq yoldaşı” (1974) və "Sözlərin mənası” (1975) adlı fəlsəfə, sosiologiya və bioqrafiya mövzularının qarışımından ibarət araşdırma əsərlərinin də müəllifidir.

Tərcümələri

Epton Bill Sinklerin (1878-1968) üç romanı – "Sevgi sınağı” (1930), "Pullar diktə edir” (1930), "Sərxoşların nümayişi” (1932).

Mükafatları

"Xarici dildə yazılan ən yaxşı kitab” beynəlxalq mükafatı (1949, Paris), Ədəbi mükafat (1966, Vyana), Ədəbi tənqid mükafatı (1967), Bavariya Gözəl Sənətlər Akademiyasının ödülü (1969), Georq Büxner ödülü (1972, Münhen), Nelli Zaks mükafatı (1976, Dortmund),
Merit ödülü (1979, Almaniya), Avropa Prato mükafatı (1980, İtaliya), Höbbel ödülü (1980), Ədəbiyyat üzrə Nobel mükafatı (1981), Kafka ödülü (1981, Avstriya)
Misilsiz Xidmət mükafatı (1983, Almaniya).

Yazarın dilimizə çevrilən ilk əsəri "Alatoran” nəşrləri” silsiləsində 2011-ci ildə işıq üzü görən dünyaşöhrətli "Korlaşma” romanıdır.


Gürcü nağılı

Hiyləgərlikdə Şeytana papış tikən usta özünə bir yeniyetməni şəyird tutub, bildiyi bütün sehirləri ona öyrətmişdi. Təlim-təhsil dövrü bitsə də, usta bu şəyirdindən heç cür ayrılmaq istəmir, onu həmişəlik öz yanında saxlamağı umurdu.
Bir gün ondan yaxa qurtarıb qaçsa da, gənc şəyird az sonra yaxalanır. Cəzalandırmaq üçün usta onu qaranlıq bir axura salıb, qapını qıfıllayır. Şəyird oradan da qaçmaq niyyətinə düşür, ancaq ağlına heç bir fənd-üsul gəlmir. Günlər keçdikcə, bədbinləşir, acı taleyindən küsür.
Bir gün fərqinə varır ki, axura haradansa zolaq şəklində gün işığı süzülür və öyrənir ki, bu işığın mənbəyi qapıdakı bir çatdır. Əlüstü özünü bir siçana döndərməklə, həmin çatdan bayıra çıxır və axurdan qaçır.
Usta axura baş çəkəndə şəyirdinin qeybə qarışdığını anlayır, özünü bir pişiyə çevirməklə, onun axtarışına çıxır.
Beləliklə, onların durmadan bir məxluqdan digərinə çevrilmə silsiləsi başlanır.
Pişik şikarını yaxalamaqdan ötrü tam ağzını açdığı anda siçan dönüb, bir balıq olur və özünü suya atır. Usta bir göz qırpımındaca balıqçı toruna çevrilərək, balığı yaxalamağa çalışır.
Ona lap yaxınlaşdığı an balıq dönüb, qırqovul olur. Bu səfər şahin quşuna çevrilən usta onu ovlamağa girişir.
Öz can düşməninin pəncəsini lap yaxınında hiss edən qırqovul bir anda qıpqırmızı almaya dönür və diyirlənərək gəlib, o məmləkətin kralının düz qucağına düşür. Usta da özünü bıçağa çevirir və almanı dadmaq istəyən kral onu əlinə alır. Bıçaqla almanı dilimləməyə hazırlaşdığı an kralın ovcundakı alma qeybə çəkilir və azca aralıda bir ovuc darıya çevrilir.
Cəld tərpənən usta başına bir dəstə cücə yığılmış qırt toyuğa çevrilir və son dənəsi qalana qədər bu yemi dənləyir. Amma sonuncu darı dənəsi, yəni şəyird özünü iynəyə döndərincə, toyuqla cücələri də həmin iynənin dəliyindən keçən sapa çevrilirlər. Bu vaxt iynə od tutub yanır və sapı külə döndərir. Beləcə, usta cəhənnəmə vasil olur.
İynə təzədən cavan bir oğlana dönür və öz doğma evinə, ata ocağına qayıda bilir.

Çaqqalın qəhqəhəsi

Gülərkən ağzımızı hədsiz açıb, dişlərimizi ağartdığımız üçün qəhqəhə, adətən, bayağı bir şey sayılır. Gülməyin ilkin təməlində isə, heç şübhəsiz, bir qidaya və ya ovlanan heyvana sahib olmaqdan duyduğumuz həzzin aşıladığı gizli sevinc hissi dayanır.
Yıxılan bir insan qovaladığımız və arxasıüstə aşırtdığımız heyvanı gətirir təsəvvürümüzə. Hər belə aşırtmanın məhz gülüş doğurmasının səbəbi isə o yerə sərilənin çarəsizliyi ilə istədiyimiz kimi, yəni onunla ovlanmış, ələ keçirilmiş bir heyvan kimi davrana bilməmizin vəd elədiyi sevinclə bağlıdır.
Bu sadalanan hadisələr silsiləsini davam etdirib, onu həqiqətən yesəydik, bəlkə də,heç gülməzdik. Çünki yemək əvəzinə, biz
şikarımızın düşdüyü duruma gülərdik. Bu gülüşün səbəbi isə azuqəni, yemi dadmağı ertələmənin, daha əvvəl Bobbsın da qeyd elədiyi kimi, gözlənilmədən bizə aşıladığı üstünlük hissidir.
Ancaq davamlı olmayan bu üstünlük hissinin yüksəldiyini və bir qəhqəhə həddinə çata biləcəyini Bobbs nədənsə heç vurğulamamışdı. Yəni Bobbsın gülmə anlayışı məlum həqiqət ilə yarı-yarıya uzlaşır. Bəlkə də, heyvanlar məhz gülə bilmədikləri üçün gülmə aktı öz "heyvani” təməlinə tam şəkildə oturdula bilmir.
Amma heyvanlar həqiqətən arzuladıqları durumlarda ələ keçirə biləcəkləri heç bir azuqədən özlərini əsla məhrum eləmirlər. Bir sonu, nəhayəti olan qidalanma prosesini hansısa simvolik (şərti) bir aktla əvəzləməyi isə sadəcə insanoğlu öyrənə bilib. Elə təəssürat yaranır ki, diafraqmadan başlayan və gülməyə xas olan hərəkətlər bədənin qidanı mədəyə göndərməsini təmin eləyən bəzi hərəkətlərin də yerini tuta bilərmiş.
İnsan qəhqəhəsinə həqiqətən bənzəyən bir səs çıxarmağı bacaran yeganə heyvan - çaqqaldır. Qəfəsdəki bir çaqqalın qabağına hər hansı yem qoyub, heyvanın qapmağa macal tapmasına imkan vermədən onu qəfil dartıb götürdüyünüz vaxt o, bu səsi süni bir şəkildə çıxara bilir.
Sərbəst dolaşan çaqqalların yemlərinin məhz leşlərdən ibarət olduğunu bu yerdə xatırlatmağa xüsusi ehtiyac var. Bu sayədə biz onun digərlərinin yeməyi arzuladığı bir çox yemləri vaxtaşırı və düz gözlərinin önündən qapıb, necə qaçdığını öz təsəvvürümüzdə aşkar şəkildə canlandıra bilərik.

Əmr, at və ox

Monqolların tarixində diqqəti ən çox çəkən məqamlardan biri əmr, at və ox arasında ta əzəldən bəri mövcud olan, qurulan sıx əlaqədir.
Monqolların hakimiyyətinin qısa müddətdə və sürətlə güclənmə səbəblərindən biri də məhz bu əlaqədən qaynaqlanır. Bunlar arasındakı bağlantını araşdırmaq vacibdir, ona görə də mən burada bu məqam üzərində qısaca dayanacağam.
Məlum olduğu kimi, əmr bioloji baxımdan məhz bir şeydən qaçıb-qurtulmaq istəyindən irəli gəlir. Özünə bənzəyən digər dırnaqlı heyvanlar kimi, at da öz tarixi boyunca qaçmağa meyilli olubdur. Hətta bunun atın əsl məqsədi olduğunu da söyləyə bilərik. Atlar ilxılar şəklində yaşayıblar və bu ilxılar toplu halda qaçmağa meyilli idilər. Adətən, bu "Qaç!" əmrini də atların canına qıymağa hazırlaşan yırtıcı heyvanlar onlara diqtə edirdilər.
Kütlə halında qaçış bir at üçün ən çox təkrarlanan hərəkətlərdən və təbii özəlliklərdən birinə dönmüşdü. Təhlükə sovuşar-sovuşmaz və ya onun sovuşduğuna inanar-inanmaz, hər bir at ürəyi istəyən kimi, yəni qayğısız yaşama, geriyə, sürüdəki həyatına dönə bilirdi.
Atı öz boyunduruğu altına alıb, əhliləşdirən insan özüylə onun arasında fərqli bir vəhdət yaratdı. İnsan ata asanlıqla anlaya və icra edə biləcəyi bir sıra komandalar öyrətdi. Bunların az qismi səslərdən, əksəriyyəti isə süvarinin etmək istədiyini mahmızlamaq və cilovunu çəkmək yoluyla ata anlatdığı hərəkətlər silsiləsindən ibarət idi.
Beləcə, at öz sahibinin iradəsini işarətlər (siqnallar) vasitəsiylə alqılayır və hökmləri itaətlə icra edirdi. Süvari xalqlarda at daşıdığı insana o dərəcədə yaxın və gərəkli idi ki, onunla sahibi arasında tamamilə fərdi, başqa şərtlərdə mümkün olmayacaq dərəcədə məhrəm bir tabeçilik əlaqəsi yaranmışdı.
Əmr sahibi ilə əmrin icraçısı arasındakı (məsələn, insanla it arasındakına bənzər) adət olunmuş fiziki məsafə isə bu münasibətlərdə tamamilə ortadan qalxmışdı artıq. Çünki atın bədəninə komandalar (buyruqlar) verən – məhz onu sürənin bədəni idi. Bu sayədə əmrin ötürülmə silsiləsi minimuma endirilmişdi. Əmrin ilkin özəlliyinin ünsürləri sayılan uzaqlıq (məsafə), yadlıq və səthilik isə yoxa çıxmışdı.
Bunun sayəsində əmr olduqca fərqli bir şəkildə formalaşdırılırdı və canlı məxluqlar arasındakı əlaqələr tarixinə daha bir iştirakçı daxil edilirdi: bu, belində oturulan, üstündəki ağanın ağırlığına qatlaşmağa məcbur qalan, üstəlik, onun bədəninin hər cür diqtəsinə boyun əyən xidmətçi idi, yəni bir minik heyvanı idi.
Bəs atla qurduğu bu münasibət süvarinin əmr verməsinə necə təsir göstərirdi?
Burada ilk nəzərə çarpan məqam – süvarinin öz sərkərdəsindən aldığı əmrləri altındakı ata diqtə etmək bacarığına yiyələnməsidir. Çünki qarşısına qoyulan məqsədə, hədəfə qaçaraq çatacaq olan o, özü deyildi və bu işi o, atına əmr edirdi. Bu iş dərhal reallaşanda isə aldığı əmr ona hər hansı məsuliyyət yükləmirdi. Onu əlüstü ata ötürməklə, atlı öz işini bitmiş sayırdı.
Beləcə, süvari əmrin öz azadlığını məhdudlaşdıracağı hissini yaxına buraxmadan da əmri yerinə yetirirdi. Həm də o, vəzifəsinin öhdəsindən nə qədər tez gəlirdisə, atının belinə nə qədər çevik minir və onu nə qədər yeyin çapırdısa, qatlaşdığı məsuliyyətdən də bir elə tez qurtulurdu.
Döyüşə qatıldıqları müddətcə bu süvarilərin başlıca məharəti – sərkərdədən aldıqları əmrləri ləngimədən ötürə biləcəkləri, onlardan əmr gözləyən bir heyvana təlim keçməkdən ibarət idi.
Monqolların hərbi sferada təkmilləşməsinin vacib bir şərti də nizam-intizama son dərəcə ciddi əməl etmələri idi. Onların üzərinə hücum çəkdikləri və onlara təslim olmağa məcbur qalan, onları yaxından müşahidə eləmək imkanı qazanan xalqları dərindən sarsıdan məqam da məhz bu "dəmir” intizam idi.
Onlarla qarşılaşan hər kəsə – farslara, ərəblərə, çinlilərə, ruslara, macarlara, ya da onların ta ayağına qədər gedən Fransisk məzhəbli keşişlərə – insan övladlarının bu dərəcədə, yəni hədsiz itaətkar olması tamamilə ağlasığmaz görünürdü. Halbuki monqollar (ya da əksər hallarda adlandırıldıqları kimi – tatarlar) bu itaətkarlığı maneəsiz qəbul edirdilər, çünki aralarındakı bu üzüyolalığın əsas yükünə məhz atlar qatlaşırdılar.
Hələ iki-üç yaşlarında ikən at belinə oturdulan monqol balaları süvariliyin sirlərinə yiyələnməyə başlayırdılar. Bu cür təlim-tərbiyə vaxtı uşaqların hələ erkən yaşlardan əmrlərin diqtə etdiyi əziyyətlərin təsiri altında yetişdiyinə biz bayaq da diqqəti çəkmişdik.
İlk və ən yaxın həmdəm kimi anası, daha sonra nisbətən uzaq məsafədən atası, eyni zamanda uşağı böyüdüb-yetişdirmək məsuliyyətini boynuna götürən hər kəs, əslinə qalanda, yaxın ətrafdakı bütün yaşlı insanlar, ya da yaşca uşaqdan böyük olan hər kəs ona göstərişlər, əmrlər verir, ya da ona nələrisə yasaqlayırdılar.
Ömrünün ilk dövrlərindən başlayaraq uşağın canında hər cür iztirab yuva salırdı, həyatın sonrakı mərhələlərində isə bütün bunlar sıxıntı və təzyiqlərə çevrilirdilər. Uşaq öz sıxıntılarını ötürə biləcəyi başqa canlılar axtarmağa məcbur qalırdı və onun həyatı hansısa "yükdən qurtulmağın”, "dərdini yüngülləşdirməyin” macərasına çevrilirdi. O, bu və ya digər hərəkəti izah edə bilmirdi, zahirən mənasız görünən bu və ya digər əlaqəyə niyə girdiyini isə heç anlamırdı.
Bu qədər erkən yaşda at minməyi öyrənən bir monqol və ya qırğız balası nisbətən inkişaf etmiş, oturaq mədəniyyəti təmsil edən yaşıdlarıyla müqayisədə özünə xas bir azadlığa da sahib idi, çünki bir atı idarə etməyi öyrənər-öyrənməz o, özünə verilən əmrləri ata ötürmək bacarığına da yiyələnirdi.
Bu sayədə o, öz təlim-tərbiyəsinin bir ünsürü sayılan əziyyətlərdən (çox cüzi dərəcədə də olsa!) yaxasını qurtarırdı. Bir uşağın istəklərini hər hansı insandan daha əvvəl məhz atı yerinə yetirməyə başlayırdı. Gördüyü bu itaətə öyrəşən uşaq isə daha rahat yaşayırdı, amma o da var ki, gələcəkdə öz boyunduruğu altına girəcək insanlardan da o, eyni şeyi, yəni mütləq mənada fiziki və sözsüz itaəti gözləyəcəkdi.
İnsanın atla münasibətlərində onun əmrlər sahibi olması həlledicidir. Monqollar isə buna bir də oxun daşıdığı mənanı əlavə edirdilər. Ox – bəsit və hələ əhliləşməmiş əmrin birə-bir surətidir. Ox – silahdır, qənimdir və öldürməlidir. Bundan ötrü o, uzun bir məsafəni düz xətt boyunca başdan-sona qət edir. İnsan isə ondan həm də qorunmağa məcburdur, çünki bunu bacarmayanların bədəninə düşmənin oxları saplanıb qalır.
Bir ox yaradan sındırılmadan çıxarılsa belə, özündən sonra bir yara izi buraxır. ("Monqolların gizli tarixi”ndə ox yaralarına dair necə də maraqlı əhvalatlar var!). Hədəfə atılacaq oxların sayı-hesabı olmaya bilər, çünki ox – monqolların başlıca silahıydı. Ox insanoğlunu həm at belində hərəkətdə ikən, həm də uzaq məsafədən öldürə bilirdi.
Hər bir əmrdə onun canına hopan və bioloji köklərdən gələn edam hökmü öz özəlliklərini qoruyub-saxlayır - biz bunu az əvvəl də vurğuladıq. Qaçmayan hər şey yaxalana bilir. Yaxalanan hər şey isə mütləq parçalanır.
Verilən əmr monqollarda hələ də ən yüksək səviyyədə edam hökmü xüsusiyyətləri daşıyır. Onlar insanları da elə heyvanlar kimi qətlə yetirirlər. At minmək onlarda ikinci təbii özəllikdir, öldürmək isə - üçüncü belə özəllik.
İnsan qətliamları da heyvan qətliamı sayılan sürək ovlarının birə-bir eynisidir. Döyüşmədikləri vaxtlarda monqollar ova çıxırmışlar və ov - onlar üçün bir növ məşq imiş.
Böyük fəth yürüşləri zamanı qarşılaşdıqları buddist və xaçpərəst rahiblər istənilən həyatın böyük bir dəyər daşıdığını monqollara dedikləri vaxt onlar yəqin son dərəcə karıxıbmışlar.
Bundan daha böyük bir ziddiyyətə isə hər halda tarixdə heç vaxt rast gəlinməyibdir, çünki monqollar öz əmrlərini instinktiv səviyyədə reallaşdırdıqları halda, bu rahiblər öz imanları sayəsində fanilikdən qurtulubmuşlar və öz insanpərvərlikləri ilə istənilən əmrin hökmünü yumşaltmağa, ya da onu tamam dəyişdirməyə qadir imişlər.

Dilimizə çevirdi – Azad Yaşar
banner

Oxşar Xəbərlər