• cümə, 20 Iyun, 08:38
  • Baku Bakı 20°C

Gürcü kilsəsi koronavirus yayır?

16.04.20 20:34 759
Gürcü kilsəsi koronavirus yayır?
İlahiyyətçi alimlər hökuməti İkinci İlyaya qarşı tədbirlər görməyə çağırırlar

Koronavirus epidemiyasının həndəsi sislsilə ilə yayıldığı qonşu Gürcüstanda infeksiyaya qarşı profilaktik tədbirlər görüllsə də, problemlər qabarıq şəkildə üzə çıxmaqdadır. Hökumət koronovirusun yayılmasını nəzarətdə saxlamaqdan ötrü dörd şəhəri təcrid etmək qərarı verib. Paytaxt Tbilisi, eləcə də Rustavi, Batumi və Kutaisi şəhərləri 10 gün ərzində təcrid edilib. Bir gün ərzində 30 nəfərdə koronavirus aşkarlandıqdan sonra bu qərar verilib. Aprelin 15-dən axşam 9-dan bu şəhərlərə giriş-çıxış qadağan olunub. Hökumət martın 21-dən bir aylığa elan olunmuş fövqəladə vəziyyəti uzatmaq təklifini irəli sürəcək. "Prezident Salome Zurabişvilidən xahiş edəcəyik ki, parlamentə, fövqəladə vəziyyəti mayın 10-dək uzatmağı təklif etsin, biz də virusun yayılmasının qarşısını almaq üçün növbəti addımlarımızı müəyyənləşdirək”, – deyə baş nazir Georgi Qaxariya bildirib. Parlamentin spikeri Mamuka Mdinaradze də deyib ki, deputatlar fövqəladə rejimin mümkün uzadılmasını aprelin 21-də və ya 22-də müzakirə edəcəklər. Mdinaradze parlamentdəki hakim çoxluğun təklifi dəstəkləyəcəyini söyləyib. Gürcüstan səhiyyə orqanlarının aprelin 15-də verdiyi məlumata görə, ölkədə 306 nəfər koronavirusa yoluxub, onlardan üçü vəfat edib. Gürcüstanda fövqəladə rejim çərçivəsində, aprelin 17-dən etibarən şəhər qəbiristanlıqlarına giriş məhdudlaşdırılacaq. Məhdudiyyətlər 10 gün müddətində qüvvədə olacaq. Hökumət vətəndaşlara müraciət edərək, onları evdə qalmağa və qanunu pozmamağa çağırıb.
Belə bir durumda isə bir qrup gürcü ilahiyyətçi alim kilsə rəhbərlərinə Gürcü Pravoslav Kilsəsinin rəhbəri katalikos II İlyaya təsir etməyə çağırış ediblər. Onların istəyi bir çox dini mərasimlərin ləğv edilməsi ilə bağlıdır. Məktubda bildirilir ki, "Gürcü Pravoslav Kilsəsi pandemiya təhlükəsini başa düşmür. İnsanların səhhətini və həyatını risk altına atır, hökuməti isə şantaja məruz qoyur. Hökumətin, Pasxa gecəsi insanların dini ayinə gəlməsinə sərt qaydalar tətbiq etmək cəhdləri və çağırışları da nəticəsiz qalıb. Artıq bunun mənfi nəticələri də üzə çıxıb. Din xadmləri arasında koronavirusa yoluxma halı baş verib. Bu səbəbdən də Tbilisinin mərkəzində yerləşən İohann kilsəsi bağlanıb. Virusa yoluxan keşiş xəstəxanaya getməzdən əvvəl bacısını və qohumunu da yoluxdura bilib. Kilsədə nə qədər adamın xəstələndiyi də bəlli deyil. Lakin bu faktın özü belə, kilsəsini ayinlərdən imtina etdirə bilməyib. Bu fakt Gürcü Pravoslav Kilsəsini digər konfessiyalara müraciət edərək karantin tədbirlərinə və qaydalara əməl etmək çağırışı səsləndirməyə məcbur edə bilməyib. Kilsə, dindarları pasxa günlərində məbədlərə gəlməkdən çəkindirməyib”.
Məktubda o da bildirilir ki, dini rəhbərliyin nümayəndələrinin müraciətlərində nifrət, fanatizm və yalan apokaliptistik gözləntilərlə dolu fikirlər əks olunur: "Onlarla razı olmayan ilahiyyətçi alimlər, keşişlər və yaxud həkimlər Gürcüstan patriarxı tərəfindən kilsənin düşməni elan edilirlər. İkinci İlya qədim gürcü kilsəsini avtoritar qaydada idarə edir. Uzun illər ərzində formalaşan bu sistem kilsənin idarə edilməsi ilə bağlı kollegial prinsipi pozur. Patriarxlıq fanatk dini qrupların köməyi ilə birbaşa və yaxud dolayısı ilə hökuməti şantaj edir. Onu əhalinin sağlamlığı ilə bağlı müvafiq tədbirlər görməkdəm məhrum edir”. Məktubun sonunda hökumətdən Gürcü Pravoslav Kilsəsinə minlərlə insanın yoluxmasının və ölməsinin qarşısının alınması üçün təsir etmək xahişi edilir. Ötən gün isə katalikos İlyanın yanına baş nazir Georgi Qaxariya olmaqla, hökumət üzvləri və aparıcı epidemioloqlar təşrif buyurub. Danışıqlar nəticəsiz başa çatıb. Bir müddət sonra isə Qaxariya yalnız onu bildirib ki, Pasxa gecəsi məbədlər açıq olacaq. Gürcü Pravoslav Kilsəsi faktiki olaraq ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatını qulaqardına vurur. Kilsələrdə geniş kütlənin iştirakı ilə ayinlər davam edir. Vətəndaşlara 1-2 metr məsafə saxlamaq və Səhiyyə Nazirliyinin digər tövsiyələri edilsə də, bu, effektsizdir. Epidemioloqlar həyəcan təbili çalır – kilsələr infeksiya ocağına çevrilir. Lakin din xadimləri bunu başa düşmək istəmir, əksinə, pravoslav kilsəsinin yüksək rütbəli nümayəndəsi bəyan edib ki, məhz dua və ayinlər hesabına Gürcüstanda digər ölkələrlə müqayisədə xəstələnənlərin sayı azdır. Hakimiyyət də ənənəvi olaraq ölkənin ən nüfuzlu institutu ilə gərginliyə getmək istəmir. Həm də qarşıdan parlament seçkiləri gəlir. Pravoslav kilsəsi ilə razılığa gəlmək, heç olmasa bir sıra ritualları ləğv etmək cəhdi belə alınmayıb. Bir qabdan istifadə etməmək çağırışı da fiaskoya çevrilib. Əvəzində isə kilsə hakimiyyətdən istədiyini ala bilir. Məsələn, İkinci İlya ilə nəticəsiz danışıqlardan sonra bəlli olub ki, parlament kilsə və monastırlar yaxınlığında olan meşələrin patriarxlığın mülkiyyətinə verilməsi məsələsini nəzərdən keçirir. Çox güman ki, bununla bağlı qanun layihəsi qüvvəyə minəcək. İlahiyyətçi alim Basil Kobaxidze gürcü telekanallarının birində bildirib ki, hökumətin pandemiyaya qarşı apardığı tədbirlərin əhəmiyyəti qalmayıb. "Komendant saatı, ümumi karantin, əgər kilsəyə tətbiq edilmirsə, onda görülən tədbirlərin nə əhəmiyyəti var? Qanuna görə, üç nəfər bir yerə toplana bilməz. Burada isə insanlar kütləvi şəkildə bir yerdə olurlar. Kobuletidə mitropolit kütləvi dini ayin keçirirsə, onda şəhəri niyə bağlayırlar?”, -deyə Kobaxide bildirib. Onun qənaətincə, Gürcü Pravoslav Kilsəsi xristian mövqelərindən geri çəkilir, dini xadimlər isə xristianlığın mahiyyətinə zidd olan əks mövqedən çıxış edir, hökumətlə hesablaşmırlar. Onun bu sərt bəyanatı da həmkarlarının yuxarıda qeyd olunan məktubu ilə üst-üstə düşür.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər